SON XƏBƏR

Naxçıvan memarlığının incisi- Şəbəkə sənəti

Mart 28
22:30 2016
Qədim Naxçıvan diyarı tarixi abidələri ilə məşhurdur. Bir çox abidələrimizi daha da əsrarəngiz, ecazkar edən amillərdən biri də bu tikililərin əksəriyyətində şəbəkə sənəti nümunələrinə geniş yer verilməsidir.
 
Şəbəkə sözü tor və ya barmaqlıq mənasını verir. Ayrı-ayrı taxta parçaları yapışqan və mismar olmadan quraşdırılır. Hazırda bu sənəti qoruyub yaşadanlar, yeniliklər gətirənlər heç də az deyil. Şəbəkənin hazırlanmasında, əsasən, fıstıq ağacından istifadə edilir ki, bu da onun elastikliyi ilə əlaqədardır. Şəbəkənin uzunömürlü olması üçün taxtalar bişirilir və qurudulur, daha sonra isə onlar incəliklə kəsilərək müəyyən formalara salınır. Həmin parçalar müəyyən həndəsi fiqurlar formasında yığılaraq əlvan rəngli şüşələrlə bəzədilir. "Cəfəri”, "səkkiz”, "onaltı”, "gülabi”, "şəmsi”, "göllü” və "bəndi-rumi” şəbəkənin ənənəvi kompozisiyalarıdır. Şəbəkənin təsvir dili xalçanın həndəsi ornamentlərinə yaxındır. Əslində, şəbəkə bir çox elmi özündə birləşdirir.
 


Şəbəkə ənənəsindən söhbət açıldığında Naxçıvan şəhərindəki Xan sarayını, Ordubad şəhərindəki Came, Sərşəhər məscidlərini, eləcə də Naxçıvan şəhərindəki bir sıra abidələri xatırlatmamaq mümkün deyil. Son illərdə bərpa edilən abidələrin qapı və pəncərələrində də şəbəkə sənəti nümunələrindən geniş istifadə olunur.
 
Hazırda muxtar respublikada bir çox yaşayış və ictimai binaların interyer və eksteryerində də şəbəkə sənətinin nümunələrinə rast gəlmək mümkündür. Naxçıvan şəhərində Xan sarayının pəncərələrindəki zərif şəbəkə bu sənətin ən gözəl nümunəsidir. Sarayda əlvan çalarlara malik şəbəkə kompozisiyaları iki əsr öncə olan görünüşünü saxlamaqla, bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistlərin marağına səbəb olur.
 

 
Ordubad rayonunda yaşayan, bu sənətin incəliklərinə dərindən bələd olan Cabir Cabbarov deyir ki, şəbəkə sənəti memarlıqla sıx bağlı olduğundan, əsasən, monumental xarakter daşıyır. Şəbəkə, eyni zamanda, dekorativ-tətbiqi sənətlərin xüsusi vərdiş, təcrübə və texnologiya tələb edən çətin sahələrindən biridir. Adətən, şəbəkə ustaları ənənəvi təbiət ornamentlərinə üstünlük verirlər. Hazırda Naxçıvanda nəinki abidələrin bərpasında, hətta yeni tikililərdə də şəbəkədən çox istifadə olunur.
 
"Şəbəkə üçün ağacı buxarda bişiririk, şirəsi axır, sonra əlif yağında saxlayırıq. Taxta boşluqları əlif yağı ilə doldurulur. Əsas çətinlik şəbəkənin şüşələrindədir. Şəbəkə işinin qiyməti eskizin ölçüsündən asılıdır. Elə şəbəkə var ki, bir kvadratmetrinə min, bəzən də on beş min ədəd hissə gedir. Bir kvadratmetrinə min hissə gedən şəbəkənin ərsəyə gəlməsi bir ay vaxt aparır, on beş min hissə gedəni isə bir il”, - deyə C.Cabbarov bildirir.
 
Bu işin davamçılarına gəldikdə isə Cabir Cabbarov deyir ki, gənclər bu işə maraq göstərir, ancaq sözün həqiqi mənasında, öyrənmək istəyənlər, qavrayanlar azdır. Yəni, bu sənəti öyrənmək üçün ən azı Şərq memarlıq elementlərindən, həndəsədən, riyaziyyatdan, rəssamlıqdan xəbərdar olmalısan. Ustanın yanında elə-belə vaxt keçirən şagird heç vaxt bu sənətə dərindən yiyələnə bilməz. Bu işdə səbir ən ümdə məsələdir. Bəzən çoxlarının bu işə səbri çatmır. Ona görə, səbirsiz adam bu sənətdə çox qala bilməz. Peşəkar kimi yetişmək üçün isə uzun illər lazımdır.
 


Şəbəkə sənəti milli dəyərimizdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncama uyğun olaraq, muxtar respublikada xalq yaradıcılığının yaşadılması ilə bərabər, milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində də ardıcıl tədbirlər görülür. Bu tədbirlər çərçivəsində dekorativ-tətbiqi sənət növləri, eləcə də şəbəkə sənəti də yaşadılır, gələcək nəsillərə ötürülür.
 
Əminliklə demək olar ki, göy qurşağı kimi al-əlvan rənglərlə bəzədilən şəbəkə üsulu ilə yaradılmış qapı və pəncərələr günümüzdə olduğu kimi, gələcəkdə də evləri və binaları bəzəyəcək, doğma diyarımızın memarlıq mənzərəsinə gözəllik və orijinallıq bəxş edəcək. (Azərtac)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook