SON XƏBƏR

Naxçıvanda azyaşlı rəssamların sərgisi təşkil olunub

Sentyabr 11
13:40 2016
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Rəsm Salonunda keçirilən ənənəvi "İRS” adlı uşaqların rəsm sərgisində 47 azyaşlı rəssamın 200 əsəri nümayiş etdirilib.
 
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bilik Gününə həsr olunmuş tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar
Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxışında uşaq yaradıcılığının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, xüsusi istedada malik uşaqların rəssamlığa maraq göstərmələri sevindirici haldır. Bu gün istedadlı uşaqların daha da inkişaf etmələri, nailiyyətlər qazanmaları, maraq göstərdikləri sahələr üzrə formalaşmaları üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi bu məsələdə qarşıya qoyulan vəzifələri bundan sonra da yerinə yetirəcək.
 
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq Artisti Yasəmən Ramazanova və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov vurğulayıblar ki, bu gün rəssamlıq sənətinə maraq göstərən uşaqların gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında belə tədbirlərin böyük rolu var. Çıxış edənlər balaca rəsm həvəskarlarına uğurlar arzulayıblar.
Uşaq rəsm sərgisində balaca rəssamlara diplomlar təqdim edilib.
 
Sonra sərgiyə baxış olub.
 
Sərgidə uşaqların təxəyyül məhsulu olan əsərlər daha çox diqqəti cəlb edib. Tariximizin qəhrəmanlıq səhifələri ilə yanaşı, muxtar respublikanın ecazkar təbiət mənzərələri də rəsm əsərlərində əksini tapıb.
 
Tədbir iştirakçıları balaca rəssamların daha bir istedadlarının da şahidi olublar. Onlar gitarada və nağarada ifa edən uşaqların səsləndirdikləri musiqiləri alqışlarla qarşılayıblar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook