Naxçıvanda idmançıların sağlam qidalanmaqları üçün seminar keçirilib
Yanvar 30
11:16
2016
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə idmançılar üçün keçirilən seminarlar davam etdirilir. Bu səpkidə olan seminarlardan biri də dünən Naxçıvan Muxtar Respublika Stadionunda baş tutub. "Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun futbolçuları üçün təşkil edilən seminarda deyetoloq İsmayıl Vəliyev iştirak edib.
Seminarın açılışında çıxış edən Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, bu tipli seminarların təşkilində məqsəd idmançıların sağlamlığı və düzgün qidalanmasıdır. Sonra "Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Sakit Rzayev çıxış edib və bu seminarın əhəmiyyətindən danışıb.
Deyetoloq İsmayıl Vəliyev çıxışında bildirib ki, əzələ kütləsinin artımı üçün məşq ilə yanaşı, həm də düzgün pəhriz rejiminə əməl olunmalıdır. Əsas qayda – əlavələr qidanı əvəz etməməlidir. Orqanizmə zülal, karbohidrat, yağ çox daxil olan zaman oksidləşmə vəziyyətində enerji hasil olur. Enerjini fiziki işlərə sərf etmədikdə isə bu, piylənmə ilə nəticələnir. İdmançıda əzələ kütləsinin artımının birinci qaydası güc məşqləri üçün, ikinci qaydası isə əzələnin artımı üçün enerjinin olmasıdır.
Deyetoloq onu da qeyd edib ki, fut bolçular ilk olaraq özlərini zərərli qidalardan qorumalı, mütəmadi olaraq onlara tövsiyə edilən yeməklərlə qidalanmalıdırlar.
Qeyd edək ki, növbəti seminar Karate-do, Boks və Güləş federasiyalarının yetirmələri üçün nəzərdə tutulub.
Qlobal.az