SON XƏBƏR

Naxçıvanda İranın Qərbi Azərbaycan Vilayətində istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı keçirilir

Mart 07
11:03 2017
İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin rəsmi şəxsləri və iş adamları Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Qonaqlar əvvəlcə Naxçıvan Biznes Mərkəzində olub, nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
 
Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda nümayiş olunan məhsullara baxıb, onlara muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verilib.
 
Naxçıvan şəhərindəki Mərkəzi bazarda İranın Qərbi Azərbaycan Vilayətində istehsal edilən ərzaq məhsulları və əl işlərinin sərgi-satışının açılışı olub. Əvvəlcə "Qurani-Kərim”dən ayələr oxunub.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək tədbir iştirakçılarını və qonaqları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından salamlayıb, sərginin açılışı münasibətilə onları təbrik edib. Qeyd olunub ki, son illər nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, birgə görüşlərin, biznes forumların və sərgi-satışların təşkili artıq ənənə halını alıb. Bu da Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında qarşılıqlı ticarət-iqtisadi əlaqələrin inkişafına təkan verib.
 
Bildirilib ki, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsində hər iki ölkənin sahibkarlarının xidmətləri var. Bu əlaqələr daha da inkişaf edəcək. Çünki hər iki ölkə rəhbərinin əlaqələrin inkişafına göstərdikləri böyük dəstək buna geniş imkanlar yaradır.
 
Ali Məclis Sədrinin birinci müavini sərginin təşkilatçılarına təşəkkürünü bildirib və tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
 
Tədbirdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom və Qərbi Azərbaycan Vilayəti valisinin iqtisadi məsələlər üzrə müavini Nadir Səfərzadə çıxış edərək, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasındakı əlaqələrin getdikcə daha da genişləndirilməsini yüksək qiymətləndiriblər.
 
Sonra sərginin açılışını bildirən lent kəsilib. Sərgi martın 12-dək davam edəcək.
 
(AzərTAC)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook