SON XƏBƏR

Naxçıvanda kiçik və orta sahibkarlıq inkişaf etdirilir

Sentyabr 16
23:17 2016
Muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir. Yerli məhsulların xarici bazarlara çıxışı ilə bağlı ticarət sövdələşmələrinin aparılması, yerli brendlərin yaradılması və digər sahələrdə mövcud fəaliyyətlərin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində "Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub.
 
Müəssisənin fəaliyyətinin təmin edilməsi məqsədilə muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan 260 min manat güzəştli kredit ayrılıb. Naxçıvan şəhərində yerləşən binada məhsulun qablaşdırılması və saxlanılması üçün normal şərait yaradılıb. Həmçinin istehsal sahələrində quraşdırılmaq üçün Türkiyə istehsalı olan daha müasir texnoloji avadanlıqlar alınıb.
 
Ötən dövr ərzində cəmiyyət tərəfindən müəyyən araşdırmalar aparılıb və sınaq məqsədilə bir neçə məhsul üzrə pilot layihələrin icrasına başlanılıb. Bu layihələrdə muxtar respublikada fəaliyyət göstərən kiçik sahibkarların fəal istehsalat prosesinə cəlb edilməsi üçün sifariş əsasında məhsul istehsalına üstünlük verilib. Bu çərçivədə "Kənd pendiri”, "Çaşır və baldırğan turşusu”, "Bal”, "Quru meyvə” istehsalı üzrə tələblərə cavab verən istehsalçılarla müqavilələr bağlanıb, zəruri avans ödəmələr aparılıb. Məhsul istehsalının bu şəkildə təşviqi kiçik istehsalçı subyektlər tərəfindən istehsal olunan məhsulların iri marketlərə çıxışına imkan yaradır və satış probleminin həllinə ciddi töhfə verir.
 
"Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin icrasına başladığı "Kənd pendiri” pilot layihəsi muxtar respublikada yerləşən süd emalı müəssisələrinin fasiləsiz fəaliyyət göstərməsinə şərait yaradır. Sifariş əsasında məhsul istehsal edən kiçik istehsalçılar daha çox qazanırlar. Təbii ki, həmin müəssisələr gündəlik süd tədarükünü nizamlayır, bu isə heyvandarlığın inkişafına stimul verir. Nəticə etibarilə, muxtar respublikada istehsal olunan bu məhsul əvvəlki şöhrətinə yenidən qovuşur, onlarla məhsul istehsalçısının ixtisaslaşması üçün münbit zəmin yaranır, müəssisələr böyük bazarlara çıxış imkanı əldə edirlər. Bu layihələrin digər perspektivli məhsullara şamil edilməsi də planlaşdırılır.
 
Satışa çıxarılan məhsulların müasir tələblərə uyğun qablaşdırılması da mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır. "Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyə Respublikasının "Sezeniş Metal”, "Levent Makina” və "Umar Makina” şirkətləri ilə müqavilələr bağlanılıb, metal taralar, bağlama və kodlama avadanlıqları alınıb gətirilib. Hazır məhsulların market və ticarət şəbəkələrində müasir ticarət qaydalarına uyğun satışının təşkili üçün onlar barkodlarla təmin edilir, tədarük olunan məhsulların saxlanması və keyfiyyətinə nəzarət məqsədilə laboratoriya analizləri aparılır. Marketinq tədbirləri çərçivəsində "Naxçıvan Məhsulları” MMC tərəfindən xüsusi tərtibatlı soyuducuların alınaraq iri marketlərdə yerləşdirilməsi, reklam işinin təşkili, avtonəqliyyat vasitələrinin alınması və bu işə təcrübəli ekspeditorların cəlb edilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilib.
 
Muxtar respublikaya xas mövsümi məhsulların paytaxt Bakı şəhərinə və respublikanın digər regionlarına davamlı və intensiv şəkildə göndərilməsi istiqamətində işlərin planlaşdırılması aparılıb, bu sahədə ilkin konsepsiya və strategiya müəyyən olunub. Görülmüş işin nəticəsi olaraq, mövsümdə muxtar respublikanın kənd yerlərində yetişdirilən təzə ərik və qurudulan tut məhsullarının tədarükü üçün əhali arasında məlumatlandırma tədbirləri həyata keçirilib. Digər sahələrdə də tədbirlər davam etdirilir.
 
Yerli məhsulların xarici bazarlara ixracı istiqamətində müxtəlif araşdırmalar aparılmaqdadır. Bu sahədə uğurlu nəticə əldə etmək üçün muxtar respublikadan ixrac oluna biləcək perspektivli məhsullar müəyyən edilir, həmin məhsulların iqtisadi göstəriciləri və məhsuldarlığı araşdırılır. Məhsulların seçilməsində rəqabətədavamlılıq, ənənəvi və orijinal xüsusiyyətlərin olması, təbiilik və yüksək keyfiyyət kimi meyarlar "Naxçıvan Məhsulları” MMC tərəfindən diqqət mərkəzində saxlanılır. Yerli məhsulların təşviqi və ixracı sahəsində xarici tərəfmüqabillər, market şəbəkələri və logistik şirkətlərlə müxtəlif danışıqlar aparılır, mümkün əməkdaşlıq əlaqələri qurulur.
 
"Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin bazarlara çıxaracağı məhsulların qablaşdırılmasında istifadə üçün "Aqronax” və "Pronak” adlı əmtəə nişanlarının eskizləri hazırlanıb. Həmin əmtəə nişanları qeydiyyatdan keçirilib və 10 il müddətinə mühafizəyə götürülüb. "Aqronax”ın daha çox kənd təsərrüfatı məhsullarının qablaşdırılmasında, "Pronak”ın isə (Products of Nakhchivan) gələcəkdə xarici ölkələrə təklif olunacaq məhsullarda istifadə edilməsi nəzərdə tutulur.
 
Sahibkarları cəmiyyətin fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin, həmçinin iş adamlarının və firmaların müraciət və təkliflərini təmin etmək üçün www.agronax.az vəwww.pronak.az internet saytları yaradılıb.
 
Qeyd edək ki, "Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin "Kənd pendiri”, "Çaşır və baldırğan turşusu”, "Bal”, "Quru meyvə” pilot layihəsi çərçivəsində ilkin olaraq kənd pendiri, çaşır və baldırğan turşusu 2 kiloqramlıq metal, bal isə 250, 300 qramlıq və 1 kiloqramlıq şüşə taralarda qablaşdırılıb. "Aqronax” əmtəə nişanı ilə istehsal olunan məhsullar Bakı şəhərində və ölkəmizin digər regionlarında alıcılara təqdim olunur. Məhsulun qablaşdırılması müasir tələblərə uyğun aparılır. Nəfis tərtibatla bəzədilmiş taraların üzərində məhsulun istehsal tarixi, tərkibi, saxlanma şəraiti və müddəti göstərilir ki, bu da qida məhsulları istehsalında mühüm amildir.
 
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook