SON XƏBƏR

Naxçıvanda pouerliftinq və bench press idman növü üzrə beynəlxalq turnirin açılış mərasimi olub

May 06
00:27 2017
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev kuboku” uğrunda pauerliftinq və bench press idman növü üzrə beynəlxalq turnirin açılış mərasimi olub.
 
AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov turnir iştirakçılarını salamlayaraq, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi, idmanın inkişafına da böyük diqqət göstərildiyini, idmanın və bədən tərbiyəsinin dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrildiyini deyib. İsmayıl İsmayılov qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, müasir idman infrastrukturu yaradılır, Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər. İsmayıl İsmayılov Naxçıvanda keçirilən "Heydər Əliyev kuboku” uğrunda pauerliftinq və bench press idman növü üzrə beynəlxalq turniri ölkəmizin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirib, idmançılara uğurlar arzulayıb.
 
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov turnir iştirakçılarını salamlayaraq, onları qədim Azərbaycan torpağı olan Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Azad Cabbarov bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. Vurğulayıb ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası gücləndirilib.
 
"İdmanın muxtar respublikada kütləviliyinə nail olunması, idmançıların hərtərəfli şəraitlə təmin edilməsi və müasir idman avadanlıqlarının quraşdırılması, idman obyektlərinin tikilərək, yaxud əsaslı təmir olunaraq yeniyetmə və gənclərin istifadəsinə verilməsi muxtar respublikamızda aparılan idman siyasətinin bariz nümunəsidir”, – deyən nazir vurğulayıb ki, təkcə 2017-ci ilin ötən dövründə idmançılarımız Azərbaycan birinciliklərində 55, beynəlxalq turnirlərdə 32, Asiya çempionatlarında 2 medal qazanıblar. Qazanılan uğurlar deməyə əsas verir ki, muxtar respublikanın idmançıları Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar.
 
Azad Cabbarov yarışın keçirilməsi münasibətilə bütün iştirakçıları təbrik edib, idmançılara uğurlar arzulayıb.
 
Dünya Pauerliftinq Federasiyasının prezidenti Mayk Sviney qədim Naxçıvan torpağında olmaqdan məmnunluğunu ifadə edib. O, bu cür beynəlxalq turnirlərin keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
 
Azərbaycanda idman sahəsində əldə olunan nailiyyətlərdən danışan Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev də turnir iştirakçılarına uğurlar arzulayıb.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Dünya Pauerliftinq Federasiyası tərəfindən təltif olunduğu Fəxri Diplom və Xatirə Medalı Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarova, Azərbaycan Pauerliftinq Federasiyasının fəxri prezidenti Sevil Əliyevanın təltif olunduğu Fəxri Diplom Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevə, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun təltif olunduğu Fəxri Diplom Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova təqdim olunub.
 
Turnir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında rəngarəng musiqi səsləndirilib, rəqslər ifa olunub.
Sonra turnirə start verilib.
 
Turnirdə Azərbaycanı, onun Naxçıvan Muxtar Respublikasını, eyni zamanda, Türkiyəni də təmsil edən 60-dan çox idmançı 12 çəki dərəcəsində qüvvəsini sınayacaq. Beynəlxalq turnirə mayın 7-də yekun vurulacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook