SON XƏBƏR

“Neft bazarında vəziyyət pozitiv not üzərindədir”

Fevral 16
02:54 2017
Neftin qiyməti yüksəlir - gözlənilən hədəfə çatmaq mümkün olacaqmı...

Yanvar ayı ərzində OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı razılaşmaya 93 faiz əməl edib. 

Bu barədə "Bloomberg” agentliyi tərəfindən aparılan araşdırmanın nəticələri göstərir. Başqa sözlə, OPEC ölkələri sutkalıq hasilatı 1,078 milyon barel azaldıb. Halbuki yanvar ayı üzrə hədəf 1,164 milyon barel/sutkada olub. Kartelə daxil olmayan ölkələr isə yanvarda hasilatı 558 min barel azaltmalı olduğu halda, sutkalıq hasilatı cəmi 270 min barel azaldıb. Beləliklə, öhdəliyə 48 faiz əməl edilib. "Bloomberg” agentliyinin OPEC və Beynəlxalq Enerji Agentliyinin təqdim etdiyi rəqəmlərə əsasən tərtib etdiyi cədvəldən məlum olur ki, Azərbaycan yanvar ayında sutkalıq 808 min barel neft hasil edib.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində OPEC bacardığınının maksimumunu etdi: "Yəni OPEC anlaşmasının 93 faiz yerinə yetirilməsi qiyməti 55 dollarda stabilləşdirdi. Qiymətin bundan yuxarı qalxması mümkün olmadı. Bazar OPEC anlaşmasına bundan artıq reaksiya vermədi. Qurumun iki yolu qalır, ya iyun ayında bu anlaşmanın vaxtı bitincə, vaxtı uzatmalıdır, ya da daha fərqli anlaşma ilə daha böyük azaltmaya getməklə bazara müxtəlif təsir etmək imkanları saxlamalıdır. Açığı, çətindir və hətta mümkünsüz görünür. Çünki OPEC-in hasilatı azaltması digər ölkələrdə hasilatın artması ilə müşahidə olunur ki, bu da bazarların itirilməsi deməkdir. Əsasən də Səudiyyə Ərəbistanı və digər OPEC ölkələrinin bazarlarını itirməsi ilə nəticələnir. Bundan əlavə, OPEC-in daxilində də hələ tam bir razılaşma yoxdur. Çünki bu son razılaşmada Liviya və Nigeriya iştirak etmirdi. İran isə öz şərtləri ilə anlaşmaya qoşulmuşdu. Şərtlərdən biri də hasilatın 4,2 milyon barelə çatdırılması idi ki, hələlik İranın gündəlik hasilatı 3,8 milyon bareldir. Liviya ümumiyyətlə anlaşmaya qoşulmadı. Son məlumatlar onu göstərir ki, Liviyada təxminən 400 min barelə yaxın hasilatın artımı müşahidə olunur. Nigeriyada da 300 min barelə qədər hasilatın artması müşahidə olunur. Faktiki olaraq digər OPEC ölkələrinin hasilatı azaltması bu anlaşmaya daxil olmayan ölkələr tərəfindən kompensasiya edilir. Bu da hasilatı azaltmış ölkələrin bazarlarını itirməsinə səbəb ola bilər. Ona görə də OPEC-in bundan sonra daha kəskin addımlar atması ehtimalı çox aşağıdır”.

Ekspertin sözlərinə görə, ikinci bir önəmli məsələ bazarda OPEC qədər, hətta OPEC-dən də önəmli oyunçu ABŞ-ın davranışıdır: "Çünki indiki 55 dollar civarında olan qiymətlər ABŞ-da slans neftinin, dərin qatlarda olan neftin hasilatını rentabelliyini xeyli dərəcədə artırdı. Artıq Amerikada hasilatın sürətlə artmasınmı müşahidə edirik, 18 həftəyə yaxındır ki, buruqlar artır. Amerikada neft buruqları çoxalır, neft ehtiyatları kifayət qədər böyük həcmlərdə artır. Hasil olunmuş və rezervuarlarda saxlanan ehtiyatlar artır. Amerikanın da hasilatı artırması, ardınca Kanadada da buruqların sayının son üç ayda ikiqat artması onu deməyə əsas verir ki, Şimali Amerikada hasilat yaxın gələcəkdə daha böyük sürətlə arta bilər. Bununla yanaşı, Trampın seçki platformasında mədən sənayesinə, o cümlədən neft sənayesinə ciddi vergi endirimlərinin olması yazılıb. Belə bir təşviq proqramı olacaq. Yaxın gələcəkdə Konqresə təqdim ediləcək. Əgər bu, baş verəcəksə, rentabellik artacaq və hasilatın kəskin artması gözlənilir. Çünki Trampın Amerikanın xaricdən ümumiyyətlə neft almamasına çalışmaq kimi niyyəti var. Bu da o deməkdir ki, Amerikanın gündəlik neft istehlakı 16 milyon bareli özü tərəfindən istehsal ediləcək. Bu gün bunun 9 milyon barelini özü istehsal edir. Təqribən 7 milyon barelə yaxın xaricdən alınır. Getdikdə bu 7 milyon barelin alınması azalanda neft bazarında əlavə neftin olması ehtimalı artır. Bu da qiymətlərə mənfi təsir göstərəcək”. 

N.Cəfərli qeyd edib ki, digər dolayı səbəb də Federal Rezerv Sisteminin qəbul edəcəyi qərardır: "Çünki Janet Yellen çıxış etdi və bu il ərzində FES-in faizi artıracağı haqqında siqnallar verdi. Dolların bahalaşması da neftə həmişə mənfi təsir göstərir. Bu da neft qiymətlərinin aşağı çəkilməsinə səbəb olacaq. Düşünürəm ki, yaxın gələcəkdə neftin qiyməti bir az enəcək, təqribən 50 dollar civarında sabitləşəcək və bu qiymət aşağı-yuxarı bütün neft hasil edən ölkələri, əsas ölkələri qane edir”.

Qeyd edək ki, "Bloomberg” agentliyi yanvar ayında 21 ölkədən yalnız 4-nün hasilatın azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirdiyini bildirib. Təqdim olunan rəqəmlərdən belə anlamaq olar ki, Azərbaycan yanvarda sutkalıq hasilatı 35 min barel azaltmalı olduğu halda hasilatı cəmi 5 min barel azaldıb. Maraqlıdır ki, Azərbaycanın Energetika Nazirliyinin təqdim etdiyi rəqəmlər onu göstərir ki, ölkəmiz hasilatın azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirir.

Bu arada Küveytin neft naziri Əssam əl-Marzuk bildirib ki, OPEC üzvləri neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi 92 faiz, kartelə üzv olmayan ölkələr isə 50 faiz yerinə yetirir: "Hazırda Vyana razılaşmasının şərtlərinə 100 faiz əməl olunmur. Biz fevralda OPEC-ə üzv olmayan dörd ölkə ilə hasilatın azaldılmasını müzakirə edəcəyik”. Nazir həmin dörd ölkənin adını çəkməsə də əlavə edib ki, əsas məqsəd razılaşmanın şərtlərinə 100 faiz əməl olunmasıdır. Ötən həftənin sonunda Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, OPEC-ə üzv olmayan 11 ölkə yanvarda sutkalıq hasilatı 269 min barel azaldıb. Bu isə nəzərdə tutulan planın 48 faiz-ni təşkil edir. Plana əsasən, cari ilin I yarısında OPEC üzvü olmayan ölkələr hasilatı 558 min barel azaltmalıdır. Neftin hasilatının azaldılması ilə bağlı Vyanada əldə olunan razılaşmaya OPEC-ə üzv olmayan 11 ölkə qoşulub: Azərbaycan, Bəhreyn, Bruney, Ekvatorial Qvineya, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan Respublikası və Cənubi Sudan.

BEA-nın məlumatlarına əsasən, Rusiya yanvarda ötən ilin oktyabr ayının göstəricisindən 60 min barel az neft hasil edib. Halbuki, Rusiya Energetika Nazirliyi bu rəqəmin 117 min barel olduğunu iddia edir. Bununla yanaşı, yanvarda OPEC üzvləri sutkalıq hasilatı 1 milyon barel azaldaraq 32,06 milyon barelə çatdırıb. BEA-nın ekspertləri hesab edir ki, bununla da hasilatın azaldılmasına dair razılaşma 90 faiz icra olunub.

Ekspert İlham Şabanın sözlərinə görə isə neft bazarında vəziyyət il başlayandan pozitiv not üzərindədir: "2017-ci ilin yanvarında dünyada gündəlik neft hasilatı 1,5 milyon barel azalıb. Bunu Beynəlxalq Enerji Agentliyi öz hesabatında açıqlayıb. Bazar üçün belə məlumat çox pozitiv bir siqnaldır. Bu baxımdan fevral ayında Brent markalı neftin orta qiyməti böyük ehtimalla yanvar ayından daha baha olacaq. Artıq neft şirkətləri 2017-ci ildəki işçi proqramlarına kəşfiyyat quyularının sayının artırılmasını qeyd edirlər, bu isə onunla əlaqədardır ki, 2016-cı ilin dördüncü rübünü şirkətlərin böyük əksəriyyəti yaxşı mənfəətlə başaa vurublar. Cari il üçün hələ ki, neftin orta qiymətinin bədbin proqnozu 1 barel üçün 52 dollar, normal 55, pozitiv isə 58 dollardır”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook