SON XƏBƏR

Neftçala Avtomobil Zavodu proqnozu yerinə yetirə bilmədi: maşınlar anbarda qalıb

Yanvar 22
10:45 2019
2018-ci ildə Azərbaycanda cəmi 969 ədəd minik avtomobili yığılıb. Dekabr ayında Azərbaycana gətirilən avtomobilin sayı iki dəfə artdığı halda, Azərbaycandakı daxili avtomobil buraxılışı noyabra nisbətən azalaraq, cəmi 175 ədədə düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda minik avtomobili istehsalı 2017-ci ilə nisbətən ötən il 32,4 dəfə artıb.

1 yanvar 2019-cu il vəziyyətinə, bu il istehsal edilmiş 969 ədəd minik avtomobilinin 193 ədədi anbarlardadır. Bu rəqəm 2018-ci ilin əvvəlinə anbarlardakı hazır məhsulların sayından 14 ədəd çoxdur.

Qeyd edək ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır. Əvvəl daha çox "NAZ-Lifan” alan dövlət qurumları hazırda "Khazar” avtomobillərinə üstünlük verirlər.

"Azərmaş” ASC-yə məxsus Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir.

Zavodda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulurdu. Ötən il Azərbaycanda iki avtomobil zavodu tərəfindən cəmi 969 ədəd minik avtomobili istehsal edildiyi nəzərə alındıqda, Neftçala Avtomobil Zavodu proqnozu yerinə yetirməyib.

Görünür, buna səbəb həm də avtomobillərin alıcı tapması məsələsi olub. Çünki hələlik avtomobillərin həm daxili bazarda, həm də xaricdə alıcı tapması ilə bağlı uğurlu marketinq gedişləri görünmür.


Qeyd edək ki, zavodun planlarına əsasən, 2019-cu ilin sonunadək altı min avtomobil istehsal olunmalı, ildə iki min avtomobil xaricə satılmalıdır. Hazırda bütün hissələri xaricdən gətirilən və Neftçalada yalnız yığılması həyata keçirilən "Khazar” brendinin qiyməti 14-20 min manat arasında dəyişir.


2018-ci ilin sonunadək bir neçə yeni modelin, eyni zamanda, "Peugeot” markalı avtomat ötürücü qutusuna malik olan avtomobillərin də istehsalına başlanacağı vəd olunmuşdu.


İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirmişdi ki, Neftçala avtomobil zavodunun illik dövriyyəsi 140 milyon manatdan çox olacaq. Bunun özünü nə dərəcədə doğrultduğunu isə açıqlanan rəqəmlər göstərəcək.


Xatırladaq ki, Neftçala Avtomobil zavodunun səhmlərinin 75 faizi "Azərmaş” ASC-yə, 25 faizi isə "Iran Khodra” şirkətinə məxsusdur. İstehsal müəssisəsi 25 milyon manata ərsəyə gəlib.


Zavodda İran və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında "Runna”, "Samand”, "Soren”, "Dena”, "Pejo”, "Reno” kimi avtomobil modellərinin istehsalı nəzərdə tutulurdu. (oxu.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook