SON XƏBƏR

Neftdən asılı büdcə: Çıxış yolu nədir? - TƏHLİL

Avqust 19
10:18 2019
Azərbaycanın dövlət büdcəsi böyük həcmdə neftdən asılıdır. 

Qeyd edək ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 22 milyard 429 milyon 234 min manat, yerli gəlirləri 738 milyon 766 min manat, mərkəzləşdirilmiş xərcləri 24 milyard 347 milyon 188 min manat, yerli xərcləri 842 milyon 812 min manat) məbləğində təsdiq edilib.

Büdcənin neftdən asılılığı isə, təxminən, 60 faizə qədərdir. Belə ki, 2019-cu il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 11 milyard 364 milyon 300 min manat məbləğində, dövlət büdcəsinin gəlirlərində payı 49,5 faiz səviyyəsində və 2018-ci ilin gözlənilən icra göstəricisindən 398,3 milyon manat və ya 3,6 faiz çoxdur. 2019-cu il üçün transfertin həcmi 2013-cü ildəki səviyyədə proqnozlaşdırılsa da, həmin dövrdə büdcədə neft sektorunun payı 73,2 faiz olub, hazırda isə bu pay 59,8 faizədək azalıb.

Maraqlıdır, dövlət büdcəsinin neftə gəlirlərindən asılılığını necə və neçə ilə sıfırlamaq olar?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində büdcənin neftdən asılılığını aradan qaldırmaq üçün uzun zamana ehtiyac olduğunu deyib. N.Cəfərli hesab edir ki, hazırkı vəziyyətdə büdcənin neftdən asılılığını sıfırlamaq mümkünsüzdür:

"Azərbaycanda büdcənin və xarici ticarətin neftdən asılılığı həddindən artıq yüksək səviyyədədir. Onu sıfırlamaq demək olar ki, mümkün deyil. 25 illik hakimiyyət dövründə neftdən asılılığın azaldılması üçün ciddi addımlar atılmadı. Amma obyektivlik naminə demək lazımdır ki, indiki halda, istənilən hakimiyyətin dövründə Azərbaycanda büdcənin neftdən asılılığını sıfırlamaq mümkün deyil. Buna çox uzun zaman və gərgin iş lazımdır ki, büdcənin neftdən asılılığını sıfırlamağa nail olaq. Bu gün Azərbaycan büdcəsnin 50 faizi birbaşa Dövlət Neft Fondundan transfert olunur, yerdə qalan 50 faizin 15 faizi isə neft şirkətlərindən ödənişlər-vergi şəklində büdcəyə daxil olur. Yəni büdcənin neftdən birbaşa asılılığı 65 faizdir. Amma dolayı asılılıq da var. Bu isə o deməkdir ki, yerdə qalan 35 faizin bir hissəsi də neftlə bağlı çalışan şirkətlərin ödədiyi vergidən formalaşır. Yəni büdcənin neftdən dolayısı yolla da 10-15 faiz asılılığı var. Toplamda dövlət büdcəsinin 70-75 faizinin neftdən asılı olduğunu nəzərə alsaq, indiki şəraitdə bunun qısa müddətdə aradan qaldırılması mümkün görünmür”.

N.Cəfərlinin sözlərinə görə, büdcənin neftdən asılılığını sıfırlamaq üçün böyük zaman itirilib: 

"Bunun üçün çox böyük zaman itirmişik. Müstəqillik dövründən bu günə qədər keçən 27-28 ildə böyük zaman itirdik, çünki böyük neft müqavilələrindən sonra ölkəyə böyük pullar gəlməyə başladı. Həmin vəsaiti tək infrastruktur layihələrinə yönəltməli deyildik. Azərbaycanda, əsasən, infrastruktur layihələrinə vəsait ayrıldı ki, onun da böyük bir hissəsi korrupsiya sxemləri ilə mənimsənildi. Amma infrastrukturla yanaşı, əlavə dəyər yarada biləcək iqtisadi sahələrin inkişafına fikir verilmədi. 2014-cü ilə qədər neft qiymətlərin yüksək olması qeyri-neft sektorunun, ümumiyyətlə yaddan çıxmasına səbəb oldu. Bu istiqamətdə heç bir ciddi addım da atılmadı. Ancaq 2015-ci ildə, neft qiymətlərinin düşməsi, devalvasiyadan sonra qeyri-neft sektoru yada düşdü. Bu da onunla nəticələndi ki, ancaq kənd təsərrüfatı və turizmlə bağlı müəyyən addımlar atıldı. Amma ağır sənaye, ümumiyyətlə, müxtəlif sənayelərin inkişafı, əlavə dəyər yarada biləcək potensialı yüksək olan sahələrin inkişafında demək olar ki, bu günə qədər heç bir addım atılmayıb. Ona görə də büdcənin neftdən asılılığının sıfırlanması yaxın zamanlarda mümkün deyil. Hətta düşünürəm ki, idarəetmədə dəyişikliklər baş versə, hökumətin yanaşması dəyişsə, yeni proqramlar da qəbul olunsa, ən azı 5-10 il zaman lazımdır ki, neftdən asılılıq 20 faizə qədər aşağı düşsün. Bu gün o qədər yüksək asılılıq var ki, qısa zamanda bunu aradan qaldırmaq mümkünsüzdür”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook