SON XƏBƏR

Nəqşicahanda adına türbə ucaldılan Yusif Küseyr oğlu kim olub?

Fevral 04
12:29 2016
Uşaqkən tez-tez Naxçıvan şəhərinə gələrdik. Memarlığı və ekzotik abidələri ilə zəngin Ordubadda yaşayan bir insan kimi modern Naxçıvan diqqətimi fərqli aspektlərdən çəkirdi. Hər dəfə Naxçıvana gələndə evlərin ardından görünən bir türbə məni valeh edirdi.
 
O zamanlar bu türbə haqqında məlumatım yox idi. Sonralar tarix kitablarından öyrəndim ki, sən demə, bu abidə Yüsif Küseyr oğluna aid imiş.
 
Naxçıvan şəhərinin mərkəzində yerləşən və yerli camaat arasında "Atababa künbəzi” adı ilə tanınan Yusif Küseyr oğlu türbəsi 1162-ci ildə inşa olunub. O, ustad memarın bu günümüzə gəlib çatan ilk böyük əsəri kimi çox qiymətlidir.
 
Sərdabə və yerüstü qülləvari hissədən ibarətecemi olan türbənin kitabəsində onun kimin şərəfinə və hansı tarixdə inşa olunduğu da əksini tapıb: "Bu türbə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur”.
 
Digər kitabədə isə "Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməli” sözləri yazılıb. yusif-4İllər sonra türbəni ilk dəfə ziyarət etdim. Türbəyə nəzarət edənlərin dedikləri ilə tarix kitabları vasitəsiylə tanış idim. Mənsə daha çox buranın dizaynı və fərqli aurasını hiss etmək istəyirdim. Bir memar gözüylə türbəni müşahidə edə bilməsəm də, onun necə qiymətli yadigar olması gerçəyini anlaya bilirdim. O zamandan bəri içimdə böyüyən və əminəm ki, mənim kimi bir çoxunu düşündürən "Yusif Küseyr oğlu kimdir?” sualının cavabını illər sonra aramağa başladım. Və sualıma cavab almaq üçün AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli ilə həmsöhbət oldum. Fəxrəddin müəllim bizə türbə haqqında bu məlumatları verdi:
 
"Yusif Küseyr oğlu türbəsi 1162-ci ildə Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən inşa edilib. Digər qaynaqlardan Yusif Küseyr oğlu haqqında bizə məlumatlar gəlib çıxmadığı üçün onun şəxsiyyəti haqqında aydın təsəvvür yaratmaq mümkün deyil. Ancaq kitabənin verdiyi məlumatlar müəyyən fikir söyləməyə imkan verir. Kitabədə o, "xacə, ər-rəis əl-əcəl ("xacə tanınmış rəis”) titulları və bir sıra epitetlərlə ("mömin”, "İslamın gözəlliyi”, "şeyxlərin başçısı”), təqdim olunub.
 
Orta əsrlərdə "xacə” titulu ilə böyük tacirlərə, görkəmli alimlərə müraciət edilirdi. Bu titulu daşıması onun tacirlər gildiyasının başçısı, tanınmış alim, "rəis” titulunu daşıması isə Atabəylər dövlətinin paytaxtı olarkən Naxçıvan şəhərinin rəisi-rəhbəri olduğunu göstərir. Eldənizlərin hakimiyyəti (1136-1225) dövründə şəhərləri hökmdarın müavini sayılan valinin adından idarə edən rəislər, bir qayda olaraq, yerli, tanınmış nəsillərdən seçilirdi.
 
Görünüyü kimi, Yusif Küseyr oğlunun tutduğu şəhər rəisi vəzifəsi kifayət qədər nüfuzlu vəzifə imiş. Həmçinin kitabədə adına əlavə olunan "şeyxlərin başçısı” sözləri isə Yusif Küseyr oğlunun şəhərdə yaşayan, ali ruhani təbəqəsinə və həmin vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinə məxsus xanəgahların başçılarına rəhbərlik etdiyini göstərir”. Dəyərli fikirlərindən ötrü Fəxrəddin müəllimə öz təşəkkürümüzü bildirdik. Və bu mövzuyla bağlı araşdırmalara başladıq. Öyrəndik ki, tarixin bir dönəmində "Küseyri” titulu daşıyan bir çox İslam və sufi alimləri yaşayıb. Hətta onlardan bəzilərinin adına türbələr də ucaldılıb.
 
İstər-istməz məndə belə bir sual formalaşdı: "Yusif Küseyr oğlu da bu İslam alimlərinin nəslindən ola bilərmi?” Gəlin bu sualı cavablandırmağı buraxaq bu sahənin tədqiqatçılarının öhdəsinə. Yusif Küseyr oğlu türbəsinin ekzotik memarlığı ilə bağlı suallarımızı cavablandırsın deyə, Qadir Əliyevin müəllifi olduğu "Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq” adlı kitaba müraciət etdik. Kitabda Yusif Küseyr oğlu türbəsi barədə aşağıdakı məlumatlar verilir: "İlk baxışdan təmiz həndəsi biçimi və gözəl harmonik quruluşu ilə diqqəti cəl edən türbə ikiqatlıdır.
 
Türbənin hər iki qatı planda düzgün səkkizbucaqlıdır. Səkkizüzlü plana uyğun olan sərdabə yastı günbəzlə örtülmüşdür. Üst qüllədə isə səkkizüzlünün həm içəri, həm də bayır üzləri dayaz tıxaclar əmələ gətirmiş, daxili məkan sferokonik bayır prizmatik tutum isə səkkizüzlü uca priamidal günbəzlə örtülüb. Başlıca məsələ isə künclərin konstruktiv möhkəmliyi hesabına ara divarları o qədər də qalın olmayan (80 sm) tikilinin uzunömürlüyünün təmin edilməsidir.Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artq bir müddətdə salamat qalan tək abidədir”.
 
Bəli, Yusif Küseyr oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə yadda qalır. Bütün türbə bişmiş kərpicdən tikilib və yüksək tikinti texnikası ilə seçilir. Türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilib. Bu ornamentlər kiçik kərpiclərdənyusif-3 quraşdırılıb, sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilib. Quruluşu etibarilə türbənin yalnız bir səthi, qərb tərəfə baxan səthi başqa şəkildə həll edilib. Burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsi ilə bir portal şəklini alıb. Türbənin rəis, xoca Yusif Küseyr oğlu üçün hicri 557-ci ildə, yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilib. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada da kitabə qərarlaşdırılıb.
 
Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılıb: "Naxçıvanlı memar Əcəmi Əbubəkir oğlu”. Yusif Küseyr oğlu türbəsinin interyeri bəzədilməyib. Onun bayır tağçalarının içərisi isə kərpicdən yığılmış sıx həndəsi naxış hörmələri ilə üzlənib. Tağçalarn üstündə gövdəni dövrələmə yazı qurşağı qapayır. Öz incəliyi və dekorativliyi ilə bu kitabə zolağı gövdə ilə örtük arasında yüngül bir keçid yaradır.
 
Rahibə Əliyevanın "Memar Əcəmi Əbubəkir oğlu Naxçıvani” adlı kitabında oxuyuruq: "Yusif Küseyr türbəsi həcm etibarilə bir o qədər böyük tikinti olmasa da, ümumi kompozisiya aydınlığı, yüksək səviyyəli inşaat işləri, gözəl daş nəqqaşlıq işləri memar Əcəminin yüksək sənətkarlığından xəbər verir. Türbənin taxçalarının səthində kərpic dekorun "girih” düyün adlanan xüsusi həndəsi ornamentlərindən istifadə olunmuşdur. Girih naxışlarını əmələ gətirən elementlər həndəsi formalardan (çoxbucaqlar, yaxud ulduzlardan) ibarətdir. Ciddi riyazi qanuna tabe olan bu naxışlar bütünlüklə xətlərin bir-biri ilə bağlı ahəngdar birləşməsindən yaranır”.
 
Hər dəfə onun yanından keçəndə, ya da o tərəflərə yolumuz düşəndə bizə binaların ardından boylanan keçmişimizə baxıb fəxr edirik. Keçmişimizin şahidi olan gözəl mədəniyyət abidələri üslubunda yaradılan müasir mədəniyyətimizin memarlarına isə öz təşəkkürümüzü bildiririk. 
 
Nərgiz İsmayılova



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook