SON XƏBƏR

Nicat Rəhimovdan yığmamıza ŞOK İTTİHAM- MÜSAHİBƏ

Avqust 13
16:54 2016
Nicat Rəhimov 2014-cü ilin əvvəlində ölkəmizi tərk edərək Qazaxıstana yollandı.
 
Komanda.az xəbər verir ki, "Futbol+" 27.02.2014 tarixli sayında ağır atletdən olay yaradan müsahibə götürmüşdü. 77 kq-da çıxış edən idmançı o zaman yığmamızda yaşanan hərc-mərcliyi, həmin vaxt millini çalışdıran Zlatanın yaratdığı eyş-işrət məclislərini söyləyərək bolqarı ifşa etmişdi. O, həm də Qazaxıstana çempion olmaq üçün getdiyini söyləmişdi. Rəhimov dediyini etdi və onun ağır atletikamızla bağlı verdiyi proqnozlar da doğruldu. Həmin səs-küylü müsahibəni ixtisarla diqqətinizə çatdırırıq:
 
- Qazaxıstandan təklif nə vaxt gəldi?
 
- Səhv etmirəmsə, dekabrda. Yanvarın ortalarından burdayam.
 
- Tək getmisən?
 
- Bəli.
 
- Orda şəxsi məşqçin var?
 
- Vaxtilə tanınmış atletlərdən Halil Mutlu və Naim Süleymanoğlunu çalışdırmış Ənvər Türkilerinin rəhbərliyi altında hazırlıq keçirəm. Hardasa 10 ildi ki, Qazaxıstanın Olimpiada üçün nəzərdə tutulan heyətini çalışdırır.
 
- Qazaxlarla ünsiyyət qurmaqda çətinlik çəkmirsən?
 
- Yox, məşqçinin türk olması bu problemi aradan qaldırır.
 
- Nə vaxt vətəndaşlıq alacaqsan?
 
- Dəqiq tarixi bilmirəm.
 
- Nizami Paşayevlə aranızda nəsə problem olub?
 
- Yox.
 
- Bəs Zlatan Vanevlə niyə yola getmədiz?
 
- İlk dəfə Bakıya gələndə Valentin Xristov və bir neçə idmançını Olimpiya oyunlarına hazırlaşdırırdı. O dövrdə yığmada baş məşqçi vəzifəsində işləmirdi. Mənimlə də münasibəti yaxşı idi. Olimpiadada medal gətirəndən sonra baş məşqçi oldu. Nə oldusa ondan sonra başladı. Yığmanı içkiyə, bara, siqaretə öyrəşdirdi. Sonra ölkəmizdə xanım atletlər zəif olduğu üçün başqa dövlətlərdən qızlar gətirdi. Cümə və şənbə günlərində ağır məşq olduğundan bizə "içki içmək lazımdı ki, bədən dincəlsin, bərpa prosesi getsin" deyirdi. Komandamız Bolqarıstanda bir neçə dəfə təlim-məşq toplanışlarında olub. Sonuncu dəfə ora gedəndə bizə dedilər ki, dincəlməyə gedirik. Guya biz İslam Oyunlarına hazırlaşırdıq. Bakıdan gedəndə 78 kq idim. Qayıdanda isə 69 kq-a düşmüşdüm. Çünki orda yeməkdən zəhərlənmişdim. Bolqarıstanda yemək zəif idi. Vanev isə məşqlərə gəlmirdi, ailəsiylə dincəlirdi. Mən də getdikcə zəifləməyə başladım. Sonra Bakıya qayıtdıq. Atam gördü ki, çəkim xeyli azalıb. Vanevə zəng vurdu ki, niyə bunun çəkisi aşağı düşüb. Vanev də guya məşq etmədiyimi dedi. Halbuki özü Bolqarıstandakı toplanışda yalnız həftənin 2 günü məşqə gəlirdi. Həmin vaxt İslam Oyunlarına az müddət qalmışdı. Atam Vanevlə danışdı ki, "oğlumu mən aparım evdə hazırlaşdırım, yarışa 1 həftə qalmış dopinq nəzarətindən keçər". Bir həftə evdə qaldım. Çəkim 79-80 kq oldu. Bir həftədən sonra məni milliyə çağırdılar. Yaxşı formada idim. Vanev məni dopinq nəzarətinə aldı və dedi ki, sən dərman qəbul eləmisən. Halbuki onun dediyi dərmanları mən qəbul eləməmişdim. Bu üzdən İslam Oyunlarına gedə bilmədim. Atam da "Nicat bu turnirə getmirsə, onu yığmadan uzaqlaşdıracam" dedi. O yarışda qalib olmalıydım. Ancaq mənə dedilər ki, "bizə qızıl medal lazım deyil". İndoneziyadakı oyunlarda 77 kq-da idmançımız birdənqaldırmada 150, təkanlaqaldırmada isə 190 kq-ın öhdəsindən gəldi. Amma mən 1 həftə qabaq "Zirvə"nin yarışında uyğun olaraq, 155 və 190 kq-ı ram elədim. Bu ona dəlalət edir ki, Palembanqda 1-ci ola bilərdim. Sadəcə, istəmədilər məni. Vanev isə müsahibəsində mənim yalnız zəif yarışlarda fərqləndiyimi söyləyib. Həyat davam edir. İnşallah, sübut edəcəm ki, mən zəif deyiləm! Onlar məni "sındırmaq" istədilər. Amma buna nail ola bilmədilər. Bir şeyi də qeyd edim ki, komandamız fahişəxanaya bənzəyir. Çünki başqa dövlətlərdən qızlar gətirirlər. Siz də məni bağışlayın, gic-gic şeylər eləyirlər.
 
- Dedin ki, dopinq nəzarətə cəlb elədilər. İslam Oyunlarından qabaq testin müsbət nəticələndi ki, səni yarışa aparmadılar? Heyətə cəlb etməmək üçün hansı səbəbi göstərdilər?
 
- Dopinq-kontrola girəndə hələ yarışın başlamasına 1 ay qalmışdı. Onlara dedim ki, oyunlara 1 həftə qalmış təmiz olacam. Ancaq həmin vaxt çatanda məni kontroldan keçməyə çağırmadılar. Yəni ki, istəmədilər qızıl medal olsun. Yeniyetmələrin ilk Olimpiadasının qalibi olmuşam. Ondan sonra böyüklərdə nəticə göstərə bilməmişəm. Niyə? Çünki Zlatan gəldi deyə. İndi hər kəs elə bilir ki, hər şey yaxşı olacaq. Gözləsinlər, bir azdan bilinəcək nə var, nə yox. Zlatan Azərbaycandan ağır atletikanı siləcək. Hələ ki, hər şey yaxşıdı. Bir müddət keçsin, baxarıq. Zaman hər şeyi göstərəcək.
 
- O atletlərə içki içib, siqaret çəkməyi məsləhət görəndə dediklərini edirdin?
 
- Elə şərait yaradırdı. 13 yaşımdan 17-18 yaşıma kimi namaz qılmışam. Dilimə nə içki dəyib, nə də siqaret. Amma o gəldikdən sonra… Nəinki mən, hər kəs bunları edirdi. Orda olanları yalnız idmançılar bilir. Bu danışdıqlarıma heç kim inanmayacaq.
 
- Atan qəzetimizə açıqlamasında yığma üzvlərindən yalnız Elxan Əliquluzadənin spirtli içki içmədiyini söyləyib.
 
- Elxan ən yaxın dostlarımdan biridi. O heç bilmirdi nə olur, nə keçir. Bütün günü otağında idi. Əvvəllər niyə bu söhbət yox idi. Çünki əvvəl Zlatan Vanev yox idi. 7 ildi yığmadayam. Nə Vahid Nəzərovun, nə də Nizami Paşayevin dönəmində belə şeylər olub.
 
- Bəs mütəxəssislər, federasiya rəsmiləri baş məşqçiyə içkini, siqareti təbliğ etməyin zərərli olduğunu söyləməyib?
 
- Komandada başqa kim var ki, bunları görsün? Axşamlar qızları başına yığır. Bədən dincəlir deyib, siqaretə, içkiyə həvəsləndirirdi. İdmana görə biz də razılaşırdıq. Daha bilmirdik ki, nə var, nə yox. Məni atam ayıltdı bu yuxudan. Sağ olsun. Amma geridə qalanlara heç nə deyə bilmərəm.
 
- Gətirilən qızlar hamısı əxlaqsızlıqla məşğuldu?
 
- Belə deyək də, müsəlman olmadıqlarından onlar üçün adi şeydi. Kristina Yovu Vanevin sanki ikinci həyat yoldaşıdı.
 
- Bəs yerli qızlar haqda nə deyə bilərsən?
 
- Yalan deyə bilmərəm. Onlarla münasibətim olmayıb. Onlar normaldı. Yerlilər "Zirvə"nin "AAAF park"dakı bazasında məşq edir. Onların valideynləri və məşqçiləri qızlarını yığmanın tərkibinə buraxmır.
 
- Bütün bunları federasiyanın icraçı-direktoru İsgəndər Əsgərov bilirdi?
 
- Bizim bazanın hər tərəfində, hər yerində kamera var. Kameralar hər şeyi aydın göstərir.
 
- Olimpiadadan sonra Vanev sənə istifadəsi qadağan olan dərman vermək istəyib?
 
- Düzdü, o söhbət deyəsən atamla "Şeraton" otelində olub. Amma vallah, yadımdan çıxıb o söhbət. Mən pis olsaydım, Vahid Nəzərovla Nizami Paşayevin dönəmində də pis olardım da. Atam Zlatanın etdiklərinə göz yummurdu deyə, o da mənə əks mövqe tuturdu. Eybi yox, qoy mən onlar üçün pis olum. Çox istəyərdim ki, bayrağımızı qaldırım. Onlar istəmədi. Qazaxıstanın bayrağı qalxanda görərik, kim pis idi, kim yaxşı.
 
- Unversiadada zəif çıxış etməyin nə ilə bağlı idi?
 
- Peruda keçirilən 20 yaşadək atletlər arasında dünya çempionatında 2-ci yeri tutduqdan sonra cəmi 1000 dollar pul verdilər. Bizim əziyyətə dəyərdimi o pul? Nəysə. Sonra başladıq Universiadaya hazırlaşmağa. Artıq həvəssiz məşq edirdim. Çünki mənası yox idi. Yalandan deyirdilər ki, bu qədər pul verəcəyik. Amma… Sonra Kazanda keçirilən Universiyadaya getdik. Yarışıma bir gün qalmış getdim şəhərə. Bir az özümü pis hiss etdiyimdən, psixoloji cəhətdən başım dincəlsin istədim. Elə oldu ki, bir az gec qayıtdım. Sonra əllərində bayraq tutdular ki, Nicat gecə otaqda olmadığından zəif cıxış edib. Hər idmançıda yarışöncəsi stress, gərginlik olur. Bundan qurtulmaq üçün şəhərə getmişdim. Bu, normal bir şeydi. Ancaq onların dediyi kimi, gecə saat 3-də yox, hardasa 1 radələrində otelə qayıtdım. Əminəm ki, Kazanda 1-ci yeri tutsaydım, bu məsələni şişirtməyəcəkdilər. O ki qaldı zəif çıxışıma, bunun əsas səbəbi DÇ-dən sonra məşqlərə ciddi yanaşmamağım oldu. Bu da bayaq dediyim kimi, az pul verilməsinə görə idi.
 
- Bildiyimə görə, Bakıda maaşın 500 manat idi. Sirr deyilsə, orda aylıq əmək haqqın nə qədər olacaq? 
 
- Niyə sirr olsun ki? 1000, ya 2000 dollar veriləcək. Hələ dəqiq bilmirəm. Çünki ilk maaşımı hələ almamışam.
 
- Şərait necədi?
 
- Şükür, yaxşıdı. Ən azından başım sakitdi, söz-söhbətdən uzağam.
 
- Orda güclü rəqibin var?
 
- Yoxdu. Mənim rəqibim ştanqdı.
 
- Vanev yığmadan getsə, qayıdarsan?
 
- Atam nə desə, o olacaq. Bu haqda mən heç nə deyə bilmərəm.
 
- Vanevin ağır atletikamızı məhv edəcəyini söylədin. Səncə, Olimpiadada Valentin Xristov, Firudin Quliyev, Boyanka Kostova və Kristina Yovu medal qazana bilməz?
 
- Bu idmanın çox sirləri var. Bunu normal insan bilməz, yaşamaq, görmək lazımdı. İndi mən proqnoz versəm, bu, ancaq yazı olacaq. Yaşayarıq, görərik. Amma bu sözümü unutmayın: Azərbaycan ağır atletikası sıfır olacaq. Zlatanın nəyinə lazımdı ki, Əli gəldi çempion oldu, Vəli getdi sıfır aldı. Ona pul gəlsin. Necə ki, daha öncə Yanko Rusev necə gəldi, elə də getdi. Sadəcə, o işini üz-gözünə bulaşdırdı, ifşa olundu. Amma bu altdan-altdan işləri görür. Hər şey birdən çökəcək.
 
- Bəs rəhbərlik bunu görmür?
 
- Hər şey göz qabağındadı. Mən deməsəm də, nəyə işarə etdiyimi yəqin ki, anladız. Cahangir müəllim (AAAF-ın prezidenti Cahangir Əsgərovu nəzərdə tutur) çox yaxşı adamdı. Bizim üçün hər şey elədi, baza tikdirdi, gözəl şərait yaratdı. Ancaq olan-bitəndən onun xəbəri yoxdu.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook