Nikahdankənar doğulan uşaqların sayı artıb - VİDEO
Sentyabr 14
06:50
2024
Azərbaycanda nikahdankənar doğulan uşaqların sayında artıb qeydə alınıb. Ölkədə 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.
Məsələn, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə edilib.
Nikahdankənar doğulan uşaqların sayında artıma təsir edən amillərdən biri də tərəflərin bununla bağlı qarşılıqlı razılığa gəlməsidir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.
DSK-nın rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı yeni rəqəmlərindən məlum olur ki, əvvəlki illərlə müqayisədə ölkəmizdə nikahdankənar doğulan uşaqların sayı artıb.
2021-ci ildən isə rəqəmlərdə yenidən artım başlayıb. Həmin ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu göstərici 7% artaraq 18 800-ü keçib. Bu da diri doğulan uşaqların 15%-ni təşkil edib.
Yəni, 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.
Mövzuya münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova "Xəzər Xəbər”ə açıqlamasında deyib ki, nikahdankənar doğulan uşaqların heç də hamısı erkən nikahlardan qaynaqlanmır.
Komitə rəsmisinin sözlərinə görə, bəzən qadınların özü nikahı rəsmiləşdirmək arzusunda olmurlar. Cəmiyyətdə bu gün bu hala rast gəlinir.
Onun sözlərinə görə, əgər əvvələr bu rəqəmlər üzrə artım təkcə Bakıda qeydə alınırdısa, indi bütün regionları əhatə edir.
Gülnarə Məmmədova əlavə edib ki, verilən rəqəmlər ümumi xarakter daşıyır.
Əvvəlki illərlə müqayisədə indi insanların nikah məsələlərinə artıq çox məsuliyyətlə yanaşdığına diqqət çəkən Gülnarə Məmmədova Komitənin bu istiqamətdə müvafiq maarifləndirmə tədbirləri həyata keçirdidiyini qeyd edib.
Komitə rəsmisi münasibətlərin rəsmiləşdirilməsinin hər cəhətdən faydalı olduğuna da toxunub.
Onun sözlərinə görə, bu həm də hüquqların müdafiəsi üçün çox önəmlidir. Xüsusilə dünyaya gələn uşaqların hüquqlarının qorunması, vətəndaşlığının müəyyən olunması, doğum haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin alınması və digər məsələlərə görə lazımdır.