SON XƏBƏR

“Nikoil Bank", “Muğanbank" və "Unibank” çökür

Oktyabr 04
23:53 2016
Azərbaycanda kommersiya bankları tək-tək domino daşı kimi dağılmağa başlayır. Manatın iki dəfə devalvasiyası 13 bankın axırına çıxıb. 

Bu prosesin davam edəcəyi də şübhəsizdir. Çünki bank siyasətini yüksək faizli kreditlər üzərində qurmuş müəssisələr çökməkdədirlər. 

Qlobal.az xəbər verir ki, millixeber.com-un əldə etdiyi məlumata görə, ilin sonuna qədər daha bir neçə bank bağlanacaq. 
 
Onların əksəriyyəti də nazir-məmur, deputat və komitə sədri olan məmurların himayəsindədir. 
 
Məlumatda deyilir ki, Bank Standard bağlanacaq sonuncu bank deyil. Ümumiyyətlə götürdükdə banklarımızın 29%-i devalvasiyanın "qurbanı” olub. 
Hazırda bazarda 32 bank qalıb. Onların sayının 30-dan aşağı düşməsi gözlənilir. Həmin rəqəmin 25-də yoxsa 20-də dayanacağını zaman göstərəcək. Hər bir halda bəzi banklar "qara kağız” almalı olacaqlar. Gedişat bunu deməyə əsas verir. 
 
Bu sırada "Unibank”, "Nikoil”, "Muğanbank” və digərlərinin adlarını çəkmək olar. Sözügedən kommersiya müəssisələrinin durumu ürəkaçan deyil. 
Qeyd edək ki, Azərbaycan Sənaye Bankı, Zaminbank, Turanbank, "Bank of Azerbaican”, "Texnikabank”, "Kredobank”, "Bank Avrasiya”, "NBC Bank” bağlanıb. 
Həmçinin, "Gəncəbank” , "Dekabank”, "Qafqaz İnkişaf Bankı”, "Parabank”, "Bank Kredit United”, "Günaybank”, "Azər-Türk Bank”,"Atrabank” tarixin arxivinə qovuşub. 

İri müəssisələrin hesabları bir neçə bankın əlində cəmlənib. Qalan banklar kiçik müəssisələrə və əhalinin kiçik bir qrupuna xidmət edirdi. 
Normal rəqabət mühiti davam etsəydi, böyük ehtimalla müəyyən zaman kəsiyindən sonra bu banklar təbii yolla sıradan çıxacaqdı. 
Ancaq bank monopolistlərinin buna səbri çatmadı - nizamnamə kapitalının həcmini birdən-birə 5 dəfə artırmaqla qısa zaman kəsiyində onlarla üzülüşməyə qərar verdilər. 
 
Təkcə 2 il ərzində Mərkəzi Bank tərəfindən bank sektorunun bataqlıqdan çıxarılmasına 7 milyard manata yaxın kredit yönəldilib. 
 
Əlavə olaraq, iri dövlət şirkətlərinə (AzAl, SOCAR) 2 milyard manatdan çox dövlət zəmanəti ilə kredit ayrılıb. 

Ekspertlər qeyd edirlər ki, Mərkəzi Bank çap maşınının işə salıb çox sürətlə və böyük həcmdə bir tərəfdən dövlət şirkətlərinə, bir tərəfdən bank sektoruna borc pullar paylayır. 
 
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, dünyada Mərkəzi Banklar kredit emissiyası vasitəsilə iqtisadiyyatı stimullaşdırır, emissiya olunan hər dollar vəsait real sektorda ən azı 4-5 dollar yeni pul yaradır: 
 
"Bizdə isə Mərkəzi Bank təmizləyici suvuran maşın kimi səmərəsiz və yanlış idarəetmənin yaratdığı problemli aktivləri təmizləmək funksiyası yerinə yetirir. 
Mərkəzi Bankın kredit emissiyası nəinki dəyər yaratmır, əksinə bazarda xarici valyutaya çevrilməklə ölkənin valyuta sisteminin altında minaya çevrilir”. 
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook