Novruz adətləri – “Padşah oyunu”
Mart 24
10:57
2017
Xalqımızın Novruz bayramı ilə bağlı adətləri, icra edilən oyun və mərasimlər əsrlər boyu folklorumuzda yaşadılaraq bu günə qədər gəlib çatıb. Novruz bayramı ilə bağlı olan belə mərasimlərdən biri də ölkəmizin bir sıra bölgələrində keçirilən "Padşah oyunu”dur.
Qlobal.az xəbər verir ki, AZƏRTAC-ın müxbiri Beyləqan rayonunun Günəşli kəndində keçirilən Novruz şənliyinin, o cümlədən "Padşah oyunu”nun iştirakçısı olub. Keçən əsrin ortalarında Cəbrayıl rayonunun Sirik kəndindən Beyləqana gələn ailələrdən ibarət olan bu kəndin bütün sakinləri bayram şənliyində iştirak edir. Bayrama bir neçə gün əvvəl hazırlaşan cavanlar kəndin stadionunda xüsusi mağar qururlar. Kəndin qız-gəlinləri bayram mərasiminə əllərində xonça və səmənilərlə gəlirlər.
Mərasim başlayanda "şah” musiqi sədaları altında, "vəzir-vəkil”in, "fərraş”ların əhatəsində məclisə daxil olub. Stadionda Novruz tonqalı qalanıb, kənd sakinləri dövrə vurub yallı gediblər. Sonra "şah” "vəzir-vəkil”in, "fərraş”ların müşayiətilə mağara gələrək, "taxt”ında oturub və "səlahiyyət”lərinin icrasına başlayıb.
"Padşah oyunu”nda "şah”ı "fərraş”lar qoruyur. Fərraşların seçilməsi üçün qollarında qırmızı sarğı, başçıları isə çiynindən aşırdılaraq sinəsinin ortasına qırmızı şal bağlayır. Mərasimdə "şah” danışmır, "vəzir” isə müəyyən "əmr”lər verir, başındakı adamlar onun "əmr”lərini icra edirlər. Əmrlərə tabe olmayan, qaydaları pozanlar "fərraş”lar tərəfindən tutularaq "padşah”ın hüzuruna aparılır və "cəzalandırılır”. Məclisdə adamlar əsasən "pulla cərimələnir”. Pullar "xəzinə”də yığılır və həmin vəsait xeyirxah işlərə sərf olunur. Bəzən isə cəza verilən adamı kəndirə bağlayaraq "dar ağacı”ndan asırlar.
Çal-çağırlı bayram mərasimi gecə saatlarınadək davam edib.
Əslən Cəbrayıl rayonunun Sirik kəndindən olan, hazırda Beyləqan rayonu Günəşli kəndində məskunlaşmış İdris İbayev 1941-ci ildən bir neçə il əvvələdək "Padşah oyunu”nda "vəzir” vəzifəsini icra edib. O deyir ki, sovet dövründə "Padşah oyunu”nunu keçirməyə icazə verilmir, dini don geyindirilirdi. Lakin kənd sakinləri qadağalara baxmayaraq bu ənənəni yaşadıb və davam etdiriblər.
"Bu bayramda heç kəs küsülü qala bilməz. Hamı biri-birinə xonça aparmalıdır. Gedib-gəlməlidir, yaxşılıq etməlidir. Cərimələrdən yığılan pullar da xeyriyyə məqsədilə istifadə olunur. Kəndin imkansız ailələrinə bayram bazarlığı edilir. Əvvəlki illərdə mərasimdən yığılan pul ilə kəndə subartezian quyusu üçün motor alınıb” – deyə İ.İbayev bildirib.
Kəndin digər sakini Arif Zamanov deyib ki, hamı bayrama çox həvəslə hazırlaşır. Bayram günü ən yaxşı paltarlar geyinilir. Hamı deyir, gülür, rəqs edir. Müəyyən səbəblərə görə respublikanın müxtəlif yerlərində olan kənd sakinləri də həmin gün gələrək elimizin bu gözəl bayramında iştirak edirlər.
Cəbrayılın Sirik kəndində keçirilən mərasimlərin daha təmtəraqlı olduğunu deyən A.Zamanovun bu bayram günündə ən böyük arzusu isə işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsi növbəti bayramların yenə də doğma yurd yerlərində keçirilməsidir.
Qlobal.az