Opera və Balet Teatrının səhnəsində “Məhəbbət Tanqosu”
Noyabr 04
13:43
2015
Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Məhəbbət tanqosu” baletinin tamaşası keçiriləcəkdir.
Tamaşa dünya şöhrətli bəstəkarların, o cümlədən Astor Pyatsollanın musiqisi əsasında 2013-cü ildə səhnəyə qoyulmuşdur. Premyerası 2013-cü il mayın 14-də baş tutmuşdur.
Baletin baxımlı kostyum və dekorasiyaları, gözəl musiqisi və zəngin xoreoqrafiyası tamaşaçılar tərəfindən çox bəyənilir.
Tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın Xalq Artisti Liliya Sabitovadır. Baletmeyster böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram yaratmışdır. Bütün bu hadisələr alovlu və coşqun tanqo stilində təqdim edilir.
Tamaşada əsas partiyaları truppanın aparıcı solistləri Azərbaycanın Xalq Artisti Gülağası Mirzəyev (Raul), Əməkdar Artist Samir Səmədov (Migel), Səlminaz Mirzəyeva (Laura) və Veronika Arazova (Tereza) ifa edəcəklər.