Orban Aİ-nin səbrini sınayır” - Macarıstan Şengen zonasından çıxarıla bilər
Avqust 05
15:56
2024
Macarıstanın Rusiya və Belarus vətəndaşları üçün viza rejimini yumşaltmaq qərarından sonra Avropa Parlamentinin 67 deputatından ibarət qrup Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə məktub yazıb.
Onlar həmçinin əlavə ediblər ki, "digər Şengen ölkələri Macarıstanın Rusiya və Belarus vətəndaşlarına verdiyi vizaları tanınmamaq hüququna malikdir”.
"AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, deputatlar məktubda Macarıstanın Şengen zonasına üzvlüyünü şübhə altına alıblar: "Baş nazir Orban Aİ-nin səbrini getdikcə daha çox sınayır... Bu ay Macarıstan hökuməti Belarus və Rusiyadan olan "qonaq işçilər”in Macarıstan ərazisinə daxil olmasına icazə verən "milli kart” immiqrasiya proqramını uzadıb. Belə kartı olanların Macarıstanda təhlükəsizlik icazəsi olmadan işləmək hüququ var və onlar ailələrini ölkəyə gətirə bilər”.
Millət vəkilləri Orbanın qərarını "məsuliyyətsiz” və bütün Aİ-yə üzv dövlətlər və onların vətəndaşları üçün əhəmiyyətli təhlükə adlandırıblar: "Macarıstan vizası olan bu əməkçi miqrantlar Şengen zonasında sərbəst hərəkət edə biləcəklər. Müvafiq nəzarət olmadan onların Aİ-də Rusiya casus şəbəkəsini gücləndirə bilməsi riski var.
Avropa vətəndaşlarını bu təhlükələrdən qoruyun. Macarıstan hökuməti siyasətini dəyişməkdən imtina edərsə, komissiya və Aİ-nin bütün nümayəndələri Avropa vətəndaşlarını qorumaq üçün yeni tədbirlər, o cümlədən, Macarıstan sərhədlərində yeni nəzarət tətbiq etməklə, Macarıstanın Şengen zonasında mövcudluğunu şübhə altına almalıdırlar”.