Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar
May 14
10:01
2024
Otuz iki ildən sonra şuşalıların doğma
Şuşaya qayıdışı mühüm tarixi hadisədir. Çünki Şuşa Azərbacan xalqının əyilməz
ruhunun rəmzidir. Məhz buna görədir ki, 44 günlük Vətən müharibəsinin Şuşasız
uğurla başa çatması mümkün deyildi. Təsadüfi deyil ki, 2020-ci il noyabrın 8-də
Şuşanın azad edilməsi ilə düşmənin beli qırıldı.
Rəşad Tağızadə,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi,
Vətən müharibəsi iştirakçısı
Şuşalıların bir hissəsinin Şuşaya məhz may
ayının 8-də qayıtması təsadüfi deyil, simvolik məna daşıyır. 4 il öncəyə qədər
8 may xalqımız üçün matəm günü idi. Rəsmi olmasa da, bütün vətənpərvər insanlar
bu qara günü ürəklərində yaşadırdırlar. Bu ildən isə 8 may şuşalıların Şuşaya
qayıdışı günüdür. Həmişə də belə qeyd olunacaq. Öz al qanları ilə Şuşanın qara
gününü qırmızı edən oğulların xatirəsi həmişə əziz olacaq.
Müzəffər
Ali Baş Komandanımız cənab İlham Əliyev Şuşaya qayıdan şuşalılarla bu şəhərdə
görüşüb söhbətləşərkən, qürur mənbəyimiz olan Şuşanı və işğal altında olan digər
torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələrinin şücaəti
haqqında danışdı. Möhtərəm Prezidentimiz vurğuladı ki, "Azərbaycan xalqı elə
bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan
oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz
haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş
meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər
verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”.
Şuşalıların Şuşaya dönməsi asan və tez
başa gəlmədi. 44 günlük müharibə bir çoxlarına "ildırım sürətli müharibə” kimi
görünə bilər, amma ona qədər 28 il boyunca əsəb gərən, sonu görünməyən
"diplomatik müharibə” də getmişdi. Ən əsası, biz o müharibədə bütün şərtlərin əleyhimizə
olduğu bir vaxtda da haqqımızdan, qırmızı xəttimizdən geri durmadıq, təmkinlə,
hövsələ ilə zəfər günümüzün başlanğıc anını gözlədik. ATƏT-in Minsk qrupunun həmsədrləri
– ABŞ, Rusiya və Fransanı təmsil edən çoxsaylı diplomatlar bir-birini tez-tez dəyişsələr
də sülh yolu ilə həlli planlarında Şuşa söhbəti yox idi. Hamı Şuşanı ermənilərə
"verirdi”, vasitəçilərin planlarına görə, Ermənistan və Azərbaycan arasında
sülh Azərbaycanın Şuşasız qalacağı təqdirdə baş tutmalıydı. Lakin Azərbaycan
siyasətçiləri və hərbçiləri bütün məkrli planları pozdular. Son nəticədə şəhərin
əsl sahibləri Şuşaya qayıtdılar. İşğaldan azad olunduğu vaxt Şuşa nə gündəydi,
ilk görənlər bilir. Şəhər yarımxarabalıq bir yer idi. Möhtərəm Prezidentimizin
fikri ilə desək, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini
qırdı.
Şuşada əzəmətli binalar tikiləcək, Şuşa mədəniyyət
və turizm mərkəzinə, istirahət məkanına çevriləcək. Prezident İlham Əliyev
şuşalılarla görüşdə deyib ki, artıq şəhərdə üçüncü yaşayış kompleksinin təməli
qoyulub. "Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu.
Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə
yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi
üslubunda inşa edilmişdir. Əyilməz ruhumuzun rəmzi Şuşa ağ dumanlı şəhərdir,
ilin çox hissəsi bu şəhərdə duman olur, təki qara bulud, dolu olmasın. Əbədi
yaşamağa gəldiyimiz doğma Şuşamızda Azərbaycan Bayrağı əbədi dalğalanacaq.
Rəşad Tağızadə,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi,
Vətən müharibəsi iştirakçısı