SON XƏBƏR

Paşinyanın "boz şəhər" adlandırdığı Şuşanın iqtisadiyyatı ilə bağlı şok məlumatlar açıqlandı

Yanvar 28
13:11 2021
Azərbaycan ordusunun Şuşa zəfərini Ermənistan müxalifəti Paşinyana qarşı zaman-zaman istifadə edir. Alınmaz qala hesab olunan Şuşanın azad olunmasını hakimiyyətin xəyanəti kimi qiymətləndirirlər. 

Paşinyan isə əleyhdarlarına Şuşanın ermənilər üçün çoxdan itirildiyini bildirmişdi. 30 il ərzində şəhərdə heç bir iş görülmədiyini səbəb kimi göstərən baş nazir Şuşanı çox bədbəxt, boz şəhər kimi xarakterizə etmişdi: 

"Şuşa bizə lazım idi? Lazım idisə, onda niyə bu vəziyyətdə idi? İndi mənə deyirlər ki, niyə Dağlıq Qarabağ "prezidenti"nin andiçmə mərasimi Şuşada keçirildi? Təsəvvür edin, erməni elitası düşünürdü ki, onun Şuşada mərasim keçirməyə haqqı yoxdur. Şuşa düşüncələrdə olmayanda itirilmişdi”.

Qaynarinfo xəbər verir ki, Paşinyanın Şuşa ilə bağlı dedikləri qondarma rejimin statistik göstəricilərində də əksini tapıb. İqtisadçı Toğrul Vəliyevin separatçı rejimin iqtisadiyyatı ilə bağlı apardığı araşdırma zamanı məlum olub ki, ermənilər işğal olunmuş digər ərazilərimizlə müqayisədə Şuşa şəhərinə "xüsusi diqqət” ayırmayıblar.

İqtisadçının sözlərinə görə, ötən ilin 9 ayı ərzində Şuşada cəmi 2.3 milyon manatlıq sənaye məhsulu istehsal olunub: 

"Bu yaxınlarda qondarma "Dağlıq-Qarabağ Respublikası"nın statistika komitəsi 2020-ci ilin sənaye və kənd təsərrüfatı üzrə nəticələrini dərc edib. Bu nəticələr 2020-ci ilin yanvar-sentyabrını əhatə edir. Deməli, Şuşada 9 ay ərzində 677,9 milyon dramlıq sənaye məhsulu istehsal olunub. Bu da təxmini 2,3 milyon manat edir. Müqayisə üçün Hadrutda müvafiq göstərici 9,6 milyon manat təşkil edir. 

Başqa tərəfdən, hər 3 aydan bir qondarma rejimin vergi qurumu ən çox vergi ödəyən 300 şirkətin siyahısını dərc edirdi. Şuşanı bu siyahıda 6 şirkət təmsil edirdi. 2020-ci ilin ilk yarısında onların ödədiyi verginin cəmisi 387,4 min manat təşkil edib. Müqayisə üçün, Əsgəranı 7 şirkət təmsil edir və onlardan yalnız biri 600 min manat vergi ödəyib. Fəaliyyət göstərən şirkətlər də əsasən kommunal (enerji), tikinti və ya tibb sahəsini təmsil edirlər. Başqa sözlə bu illər ərzində birbaşa Şuşa və Şuşa rayonunda (nəzərə almaq lazımdır ki, Hadrutdan Şuşaya gedən yolda yerləşən kəndlər Şuşa rayonuna aid deyillər) hansısa iqtisadiyyat qurulmamışdı (hətta kənd təsərrüfatına aid göstəricilərə görə Şuşa sonuncu yerdə idi)".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook