SON XƏBƏR

Perinatal Mərkəzdən açıqlama: "Qalib olan MMC-lərin eyni ünvanda olması pozuntu deyil"

Mart 11
16:52 2022
Respublika Perinatal Mərkəzi həyata keçiridiyi tenderlərlə bağlı açıqlama yayıb. 
 
Qlobal.az Mərkəzin açıqlamasını təqdim edir:

"Nəzərinizə çatdırmaq istərdik ki, Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədridir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini isə Vüqar Qurbanov icra edir.

Öncə nizamnamə kapitalının 10 manat məbləğində müəyyənləşdirilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin qəbul edilməsindən irəli gələn bəzi məsələlərin həll edilməsi haqqında” Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il tarixli 224 nömrəli Qərarına əsasən məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında fəaliyyət göstərən kommersiya müəssisələrində belə tələblər mövcud deyildir. Yəni məhdud məsuliyyətli cəmiyyətlər üçün nizamnamə kapitalının minimum həddi müəyyən edilməyib.

Satın alan təşkilat satınalma predmeti üzrə təklif vermiş təchizatçının həmin işləri yerinə yetirmək üçün maliyyə vəziyyətinin yaxşı olmasından əmin olmalıdır. Bu səbəbdən iddiaçıdan "Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə əsasən iddiaçılardan "satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması” haqqında sənədlər, həmçinin bu Qanunun 28.2-ci maddəsinə əsasən "malgöndərənin son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış” tələb olunur. Qeyd olunanlara əsasən nizamnamə kapitalı 10 manat olan təşkilatların qalib seçilməsi qanun pozuntusu deyil. 

"Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Maşın və avadanlıqların əsaslı təmiri, dəftərxana və təsərrüfat malları, bərk inventarların alınması və s. kimi satınalma predmetləri üzrə xüsusi lisenziyaların alınması tələb olunmur. TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzi (Mərkəz) tərəfindən keçirilmiş satınalma prosedurları üzrə kotirovka sorğularında iştirak etmiş iddiaçıların müvafiq ixtisas sənədləri də öz növbəsində Agentliyə təqdim olunmuşdur. 

Məlumat üçün bildirək ki, Mərkəz tərəfindən keçirilmiş kotirovka sorğusunun nəticəsinə əsasən qalib elan olunmuş "Kaspian Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Nb Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanlarının eyni olmasına baxmayaraq, həmin təşkilatlar fərqli satınalma müsabiqələrində iddiaçı qismində iştirak etmişlər. Ona görə də bu səbəb şirkətlərin müsabiqədən kənarlaşdırılmasına əsas vermir.

Həmçinin qeyd edək ki, iddiaçı şirkətlərin eyni gündə yaradılması "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onların satınlma prosedurlarından kənarlaşdırılmasına əsas vermir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 445-1.2-ci maddəsinə əsasən "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əsaslar olmadan satın alan təşkilat tərəfindən tender təklifinin kənarlaşdırılmasına və ya həmin Qanunun tələblərinin pozulması nəticəsində tender təklifinin qalib elan edilməsinə görə vəzifəli şəxslərin cərimə olunması nəzərdə tutulmuşdur.

Mərkəzin tender komissiyası tərəfindən kotirovka təklifləri qiymətləndirildikdən sonra "Dövlət satınalamaları haqqında” Qanunun 37.5-ci maddəsinə əsasən kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmişdir. Diqqətə çatdıraq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsas vəzifəsi dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi və dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görməkdir.

Nəzərinizə çatdırırıq ki, 09.05.2021-ci il tarixində mətbuatda Mərkəzin rəhbərliyinin səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz işlər gördüyü barədə yazılan ittihamlar həqiqəti əks etdirmir. Belə ki, Mərkəzin işçilərinin təkidi ilə 10.05.2021-ci il tarixində Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilib. Qeyri-iş gününün olmasına baxmayaraq, görüşdə 150 nəfərə yaxın əməkdaş - həkim və digər tibb personalı iştirak edib. Bütün əməkdaşlar birmənalı şəkildə səsləndirilən fikirlərin böhtan, yalan və şər xarakterli  olduğunu bildiriblər. Hesab edirik ki, bir neçə işçi tərəfindən mətbuata sızdırılmış bu yalan məlumatları bütün kollektivin adına aid etmək olmaz. Eyni zamanda vətəndaşlardan xahiş edirik ki, neqativ hallarla bağlı sübut olduğu təqdirdə ilk növbədə müəssisə rəhbərliyinə, həmçinin TƏBİB-ə və ya hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

Onu da bildiririk ki, müəssisəmizin heyəti ana və uşaq sağlamlığının keşiyində duran, respublikada ana və körpə ölümünün qarşısını almaqda əzmlə çalışan komandadır və  bundan sonra da kollektivimiz vətəndaşlara layiqincə xidmət göstərməyə  davam edəcəkdir".
 
Qeyd edək ki, Respublika Perinatal Mərkəzinin sifarişçi olduğu dövlət satınalmalarında olan şübhəli məqamlarla bağlı Qlobal.az 09.03.2022-ci il tarixində "Respublika Perinatal Mərkəzində şübhəli tenderlər - Araşdırma" yazı təqdim edib. Həmin yazıda Mərkəzin sifarişçi olduğu satınalmada qalib elan edilən təşkilatların eyni hüquqi ünvanda yerləşməsi və fəaliyyət profilləri barədə heç bir məlumatın verilməməsi qeyd edilir. 
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook