Perunun tanınmış dövlət xadimi Azərbaycana dəstək oldu
Oktyabr 21
09:16
2020
Peru Konqresinin ötən çağırış Xarici Əlaqələr daimi komissiyasının sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü, ölkənin nüfuzlu siyasətçilərdən olan Xuan Karlos del Agila Azərbaycanın Perudakı səfiri Məmməd Talıbova məktub ünvanlayaraq Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə dəstəyini ifadə edib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən "Report”a verilən məlumata görə, məktubda Azərbaycanla həmrəy olduğunu qeyd edən X.K.Agila, Peru ictimaiyyətinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrinə, xüsusilə Gəncə şəhərinin dinc əhalisi və mülki infrastrukturuna qarşı apardığı məqsədyönlü və sistematik hücumları dərin narahatlıqla müşahidə etdiyini söyləyib və dinc sakinlərin həlak olmasından təəssüfləndiyini bildirib.
X.K.Agila 10 oktyabr tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada əldə olunmuş humanitar atəşkəs razılığına rəğmən Ermənistan ordusunun Azərbaycanla onun ərazisi daxilində hərbi qarşıdurmanı davam etdirdiyini qınayıb və Ermənistan tərəfinin beynəlxalq humanitar hüququn norma və prinsiplərini, eləcədə 1949-cu il Cenevrə Konvensiyasını açıq şəkildə pozduğunu qeyd edib.