Plastik cərrah Nigar Məhəmmədova pasiyentin burnunu tanınmaz hala saldı - FOTO
Dekabr 18
23:40
2024
Azərbaycanda plastik cərrahiyyənin qurbanlarının sayı günbəgün artır. Pasiyentlər özünü plastik cərrah kimi təqdim edən həkimlərin və qanunsuz əməliyyatların açıq bazarı olan bir sıra özəl klinikaların daha çox qazanmaq hərisliyinin qurbanı olur.
Belə ki, klinikanın baş həkimi, özünü peşəkar "plastik cərrah” kimi təqdim edən Nigar Məhəmmədova xəstəni əməliyyata alıb.
Pasiyent deyir ki, o, sadəcə burnunun ucundakı ətliliyin incəldilməsini istəyib:
"Dedilər, burda çətin bir iş yoxdur. Qiymət də münasib idi. Amma nəticədə burnumu elə kəsdilər ki, uc hissə demək olar qalmadı. Burnum atrofiya oldu, əyildi, toxumada nekrotik hal yarandı. Sağaldıqca daha da atrofiyalaşdı. Bir müddət mübahisədən, mübarizədən sonra ikinci əməliyyatı etdilər. Guya düzəldəcəkdilər. Amma bu dəfə də uğursuz oldu və həmin klinikada mənim ikinci əməliyyatımı edən iranlı həkimin də sonradan Lor həkim olduğunu öyrəndim”.
Şikayətçinin sözlərinə görə, sonradan Baş həkim Nigar Məhəmmədova rəsmi məktub imzalayaraq, kompensasiya məqsədilə əməliyyata verdiyi pulu qaytaracağını bildirib. Lakin zərərçəkmiş təkrar rekonstruktiv əməliyyat üçün hansı cərraha üz tutursa, ya imtina edirlər, ya da 7-8 min manat tələb olunur. Baş həkim isə bu xərci ödəməyəcəyini bildirib. Üçüncü rekonstruktiv əməliyyat xəstəyə 7500 manata başa gəlib:
"Hələ də reabilitasiya keçirəm, burnumda ciddi çapıqlar var. Burnum daha heç vaxt sağlam olmayacaq”.
Plastik cərrah kimi fəaliyyət göstərmək icazəsi olmayan həkimlər çoxdur. Nigar Məhəmmədovanın sertifikat və diplomunda nə yazıldığı isə məlum deyil. Səslənən ittihamlara gəlincə, o, baş verən hadisənin faciə olmadığını bildirib:
"Belə hadisələr olur. Biz ona dedik ki, başına belə hadisə gələn pasiyentlərimizi yarı yolda qoymuruq. Təklif etdik ki, üçüncü əməliyyat üçün həkimlər çağıraq. O isə razı olmadı, gedib başqa həkim tapdı. Həmin həkimin pulunu ödəmək kimi bir öhdəliyimiz yoxdur. Biz yalnız aldığımız pulu qaytara bilərik".
Qlobal.az