Polad Bülbüloğlunun "Eşq və ölüm" baleti nümayiş olunacaq
Noyabr 18
11:58
2015
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, bəstəkar Polad Bülbüloğlunun "Eşq və Ölüm” baletinin tamaşası nümayiş etdiriləcək.
Qlobalinfo.az Report-a istinadən xəbər verir ki, tamaşa noyabrın 29-da olacaq. İlk dəfə 2005-ci ildə səhnəyə qoyulan və Rusiyada Azərbaycan mədəniyyəti günləri çərçivəsində Rusiya Akademik Böyük Teatrı (Moskva) və Mariinski adına teatrın (Sankt-Peterburq) səhnəsində böyük uğurla nümayiş olunan "Eşq və Ölüm” baletinin librettosu "Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınıb.
Balet əbədi məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir.
2015-ci ilin fevralında P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə bu baletin quruluşu bərpa edilərək yenidən səhnələşdirildi (xoreoqraf – Rusiyanın əməkdar incəsənət xadimi Nadejda Malıgina, musiqi rəhbəri və dirijoru – xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssam – Dmitri Çerbadji).
Qeyd edək ki, hazırda teatrın repertuarında olan bu tamaşada noyabrın 29-da balet truppasının gənc solistləri ilk dəfə çıxış edəcək. Cəmilə Kərimova – Baycan, Makar Ferştandt – Azər, Anar Tahirov – Yalıncıq, Ayan Eyvazova – Ölüm rollarını ifa edəcək. Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.