SON XƏBƏR

Politoloqdan bədbin proqnoz: Gürcüstan qarışacaq...

Noyabr 28
18:20 2018
Seçkidən sonra Gürcüstanın vəziyyəti daha da ağır olacaq. Gürcüstanda qarşıdurma meyilləri artacaq, hətta ola bilsin ki, birləşmiş müxalifət fasiləsiz mitinqlərə başlasın. Bu gecə seçkilərin nəticələri elan olunduqdan sonra hətta bu mitinqlərin keçiriləcəyini deyə bilərik.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Gürcüstandakı seçkilərə dəqiq və birmənalı proqnoz vermək çətindir:

"Çünki artıq Gürcüstandakı seçkilər Rusiyanın nəzarəti altında həyata keçirilir. Artıq hətta Rusiyadan Gürcüstan üzrə xüsusi məsuliyyət daşıyan şəxs də müəyyənləşdirilib. Oliqarxlar Bidzina İvanişvilinin yanında yer alır. Xüsusən azərbaycanlıların yaşadığı bölgələrdə əhalinin səsinin pulla alınması prosesi gedir, karusel formatından da istifadə edirlər, əhaliyə təzyiq və şantaj halları da aşkarlanıb. Əhaliyə müxtəlif vədlər verməklə onların Salome Zurabişviliyə səs verməsini təmin etməyə çalışırlar. Çox vaxt da buna nail olurlar. Hətta Bidzina İvanişvili gürcülərin banklara olan borcunu ödəmək müqabilində nəzarət altında Zurabişviliyə səs verməsi siyasəti həyata keçirir. Kim ki, bank borcunun ödənilməsi ilə bağlı öhdəliyi imzalayıb, onlar seçki qanunvericiliyini pozaraq, bülletenlərini kimlərəsə göstərməklə səsini verir. Pulla gürcülərin səslərini satın alacaqlarını düşünürlər. Bu isə səhv yanaşmadır”.

Politoloq vurğulayıb ki, seçkilərdə kütləvi saxtalaşdırmaların olacağı əvvəlcədən proqnozlaşdırılırdı:

"Çünki bundan əvvəl Tiflisdə keçirilən mitinqdə çıxışlarda Gürcü Arzusu bloku bildirmişdi ki, nəyin hesabına olur-olsun Saakaşvilinin bu ölkəyə gəlməsinə imkan verilməyəcək. Onlar açıq surətdə seçkilərdə qalib gələcəklərini bildirmişdi. Bu qalibiyyətin nəyin bahasına olursa-olsun baş tutacağı gözlənilir. Bu, inzibati resurslar, pulla ələ alma, bir nəfərin bir neçə adamın yerinə səs verməsi halları, seçki karuselləri, Vaşadzenin tərəfdarlarının qorxudulması və s. proseslərin nəticəsində təmin oluna bilər”.

Politoloqun sözlərinə görə, Gürcüstan tarixində görünməmiş biabırçı, heç bir demokratik normaya, insan haqlarına uyğun olmayan seçkilər keçirilir:

"Ümumiyyətlə, bu seçki Gürcüstan tarixinə qara hərflərlə yazılacaq. Seçkilərin nəticəsinə ümumxalq etirazları təşkil olunacaq. Gürcüstan üçün çox təhlükəli presedentdir. Zənnimcə, bundan sonra Gürcüstanda qarışıqlıq dövrü yaşanacaq”.

Qeyd edək ki, bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir. İkinci turda birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze ilə hakim Gürcü Arzusunun dəstəklədiyi Salome Zurabişvili mübarizə aparır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook