Postneft dövrü – müsbət, yoxsa mənfi olacaq?
İyun 02
10:25
2016
Müstəqil ekspertlər qeyri-neft sektorunu qənaətbəxş saymır
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlamasında Azərbaycanın 2003-cü ildən başlayaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və əhalinin bütün potensialından ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində istifadə olunduğunu söyləyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın ümumdaxili məhsulunun 80 faizə yaxını özəl sektorun hesabına formalaşıb: "Azərbaycanda qeyri-neft sektorunun payı artıq 50 faizdən yuxarı qaldırılıb, hazırda neftdən asılılıq 50 faizdən aşağıdır. Azərbaycan neftin qiymətinin birdən-birə aşağı düşməsindən kifayət qədər hazırlıqlı vəziyyətdə çıxa bildi”.Məsələyə münasibət bildirən müstəqil ekspertlərin fikrincə isə ölkənin qeyri-neft sektoruna milyardlar xərclənməsinə baxmayaraq, istehsal lazımınca təşkil edilməyib. Ona görə hökumət maliyyə vəsaiti tapmaq üçün xarici dövlətlərə üz tutur. Azərbaycanın təxminən bir il əvvəl ÜDM-də xarici dövlət borcunun xüsusi çəkisi 8.6 faiz idi. Ilin sonuna qədər olan dövrdə bu borcun çəkisi, dollarla ifadə edəndə 7 milyard dollar, manatla ifadə edəndə isə ÜDM-in 20 faizinə qədər yüksəlmişdi. Bütün bunlara baxmayaraq, xarici dövlətlərdən yenidən borc alınır. Daha bir təhlükəli proses milli valyutanın dəyərsizləşməsinin fonunda xarici valyutanın iqtisadiyyata təsirinin artmasıdır. Təxminən iki il əvvəl xarici sərmayənin ümumi sərmayədə payı 34 faiz olub. Amma indi məlum olur ki, həmin göstərici təxminən 70 faizə yaxınlaşır. Bir tərəfdən xarici dövlət borcunun ÜDM-də çəkisi artır, digər tərəfdən isə ölkə iqtisadiyyatında sərmayənin payı sürətlə artmaqdadır.
Ekspertlər hesab edir ki, qeyri-neft sektorunun inkişafı deyərkən, bunun meyarlarını ortaya qoymaq lazımdır. Sektor ixrac qabiliyyətli məhsul istehsal etmirsə, burada hansısa inkişafdan söhbət gedə bilməz. Yəni, Dövlət Statistika Komitəsini etibarlı saymaq, onun statistikasını güvənli məlumat hesab etmək olmaz. Amma hətta bu statistikaya görə də, Azərbaycanın istehsal etdiyi yağın 50 faizi, bitki yağlarının 85 faizi, şəkər xammalının 95 faizi, makaron və un məmulatlarının 50 faizi, şirniyyat məhsullarının da 50 faizi xaricdən gətirilir.
Manatın dəyərdən düşməsinin ardınca daxili bazarda baş verən bahalaşma isə məsələni daha kritik həddə çatdırıb. Qeyri-ərzaq sektorunda bu rəqəm daha çoxdur. Əhalinin gündəlik istifadə etdiyi gigiyenik əşyalardan tutmuş, avtomobilə qədər hamısı idxal məhsullarıdır. O halda, qeyri-neft sektoru böhran dövründə əhalinin tələbatını ödəyə bilmir və tənəzzülə doğru gedir. Ümumiyyətlə isə, onun ümumdaxili məhsulda payının gözəçarpan dərəcədə olmasını demək mümkün deyil. Çünki qeyri-neft sektorunun inkişafı neft erasından sonraya təsadüf edirsə, onun ÜDM-də paynıın yetərincə olduğunu demək sadəcə, sadəlövhlükdür.(Azadlıq.info)
Qlobal.az