SON XƏBƏR

Premyer Liqada oynamış klubu yenidən dirçəldirlər: “AFFA icazə verməsə...”

Aprel 14
10:01 2023
Vaxtilə Azərbaycan Premyer Liqasında və Birinci Divizionda çıxış etmiş "Bakılı” yenidən futbola qayıdır. Klubun prezidenti Misir Əbilov komandanı dirçəltmək niyyətindədir. Artıq məsələ ilə bağlı lazım olan sənədlər AFFA-ya göndərilib. 

Bu barədə məlumatı Qaynarinfo-ya komandanın sabiq baş məşqçisi Nadir Qasımov verib. O, sabiq klubu ilə bağlı yeni ideyalar olduğunu deyib və qarşıdakı planlardan danışıb. 

"Birinci Divizionda oynamaq üçün AFFA-ya məktub ünvanlamışıq, cavab gözləyirik. Akademiya yaratmaq istəyirik. "Bakılı”da vaxtilə işləmişəm. Təşəbbüs klubun keçmiş prezidenti Misir Əbilovdan gəldi. Görüşdük, söhbət etdik. Qazilər barəsində məsləhətləşdik, o da mənimlə razılaşdı”.

O, komanda futbola qayıdacağı təqdirdə hansı stadionda oynayacaqlarını, hətta baza yaratmaq üçün yer alındığını da bildirib:

"Bakılı” qayıdacağı təqdirdə "Şəfa” stadionunda oynayacaq. Misir müəllim onlarla danışdı, lazımi məktubları ünvanladıq. Harda məskunlaşacağıq, hansı stadionda oynayacağıq, bu haqda məlumatları AFFA-ya çatdırmışıq. İcazə versələr, lap yaxşı, olmasa da, oynamayacağıq. Misir Əbilov Hövsan qəsəbəsində stadion tikmək üçün yer götürüb. Orada bazanı və öz akademiyamızı yaratmaq fikrimiz var. "Bakılı” Birinci Dəstəyə buraxılan kimi işimizə başlayacağıq. Birbaşa Birinci Divizionda oynamaq istəyirik. Komanda vaxtilə Premyer Liqada çıxış edib. Avrokuboklarda oynayıb, tarixi var. Komandaya gətirəcəyimiz futbolçular var, fikrimcə, ilk belə hal deyil və öhdəsindən gələcəyik. Sadəcə, AFFA dəstək göstərməlidir”. 

Mütəxəssis komandaya cəlb etmək istədikləri məşqçilərdən və danışıb:

"4 qrup yaratmaq istəyirik. Elman Sultanov, Əfqan Talıbov kimi məşqçiləri cəlb etmək istəyirik. Üstəlik vaxtilə tələbəm olan futbolçular arasında indi məşqçi kimi fəaliyyət göstərənlər var. Tezliklə bu işin öhdəsindən gələ bilərik. Misir Əbilov klubun prezidenti olacaq. Mənə də hansı vəzifəni versələr, işləyəcəyəm (gülür). Əlbəttə, komandanı çempionata hazırlamaq baxımından məsləhətlərimi verəcəyəm”. 

Qasımovun dediklərindən belə çıxır ki, illərdir arzusunda olduğu "Şuşa” komandasını yaratmaqdan vaz keçib: 

"Şuşanın qazilərdən ibarət komandası var. Bu səbəbdən onlarla söhbət etmədim. Bizə torpaqlarımızı qaytaran insanlarla mübarizə aparmalıyam? Düzgün deyil. Bu gün onlar nə etsə, halaldır. İnşallah, qismətləri olar, Birinci Dəstəyə vəsiqə qazanarlar. Bu, çox sevindirici olar”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook