SON XƏBƏR

Prezident İlham Əliyev kreditlərlə bağlı fərman imzaladı

Sentyabr 15
11:19 2017
Azərbaycan prezidenti İlham Əliyev sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

"APA-Economics" xəbər verir ki, fərmana əsasən Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilib.

Prezident Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" prezidentin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədilə qərara alıb:

1. "Kredit Zəmanət Fondu" ASC yaradılsın.
 
2. Müəyyən edilsin ki:

2.1. "Kredit Zəmanət Fondu" ASC sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir;

2.2. Cəmiyyətdə ictimai əsaslarla fəaliyyət göstərən və 7 nəfərdən ibarət Müşahidə Şurası, habelə Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən İdarə Heyəti yaradılır;

2.3. Müşahidə Şurası Azərbaycan prezidenti ilə razılaşdırmaqla Maliyyə Nazirliyinin (1 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Mərkəzi Bankın (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər), Dövlət Neft Fondunun (1 nəfər), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır;

2.4. Müşahidə Şurasının üzvləri öz aralarından ardıcıl qaydada Müşahidə Şurasının sədrini seçirlər. Sədrin səlahiyyət müddəti 1 (bir) ildir və o, ardıcıllıq nəzərə alınmaqla növbəti müddətlərə yenidən seçilə bilər.

3. Cəmiyyətdə ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan prezidentinə:

3.1.1. "Kredit Zəmanət Fondu" ASC nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.1.2. ASC-nin İdarə Heyətinin sədrinin və sədr müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

3.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.2. Müşahidə Şurasına:

3.2.1. bu Fərmanın 3.1.2-ci yarımbəndi nəzərə alınmaqla, İdarə Heyəti sədrinin təqdimatı əsasında İdarə Heyətinin digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

3.3. Nazirlər Kabinetinə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər, habelə Azərbaycan prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Bu Fərmanın 5-ci hissəsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:


İşçi qrupun rəhbəri

Kamil Heydərov – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri

İşçi qrupun üzvləri

Asif Qasımov – Mərkəzi Bankın Tədqiqatlar departamentinin direktoru

Asim Zülfüqarov – Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru

Samir Hümbətov – Sahibkarlığa Kömək Milli Fondunun Sahibkarlığın inkişafı şöbəsinin müdiri

Xalid Əhədov – "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri

Cəlal Qasımov – "Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri

Nuran Kərimov –"Deloitte & Touche” MMC-nin idarəedici partnyoru

Vüqar Əliyev – "KPMG Audit Azərbaycan” MMC-nin icraçı direktoru.

Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook