SON XƏBƏR

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dünyaya “Qardaş dövlət” örnəyini təqdim edirlər

İyun 19
12:32 2023
Dövlətlər arasında müttəfiqlik əlaqələri fərqli maraqlar üzərində qurulur, siyasi, iqtisadi, təhlükəsizlik kimi sahələri əhatə edir. Bəzən isə tərəfdaşlıq motivləri bu maraqların sərhədlərini aşır, daha böyük anlam kəsb edir. 
 
Bu gün dünya birliyi Azərbaycan və Türkiyə müttəfiqliyi kontekstində dövlətlərarası əməkdaşlığın yeni bir nümunəsini görür. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dünyaya "Qardaş dövlət” örnəyini təqdim edirlər. Ötən ay qardaş ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Ərdoğan ənənəyə sadiq qalaraq seçkilərdən qısa müddət sonra 13 iyun 2023-cü il tarixində ölkəmizə səfər etdi.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyənin dövlət başçısı seçilməsi Azərbaycanda da böyük sevinclə qarşılandı. Bu, bir millətin iki dövləti olan Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin göstəricisidir. Qırx dörd günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi tam dəstəyi xalqımız heç zaman unutmayacaq. Diplomatik cəbhədə Azərbaycan uğurunda mücadilə aparan Türkiyənin siyasi rəhbərləri xaricdən olunan təzyiqlərə sinə gərir, onlara lazımi cavabları verirdilər. Bu mənada Türkiyə-Azərbaycan dostluğu dünya üçün nümunədir.
 
Səfər çərçivəsində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə keçirilən görüşlərində dostluq və qardaşlığımızın səviyyəsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizin bütün sahələrdə inkişaf etdirməkdə qərarlı olduğumuzu vurğulayıb.
 
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi münasibətlərimizi ən yüksək zirvəyə qaldırdı. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açdı, regional sülhə və təhlükəsizliyə töhfə verdi. Səfər zamanı dövlət başçıları Zəngəzur dəhlizi haqqında da fikirlərini bölüşdülər. Məlumdur ki, bu dəhliz Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Zəngəzur dəhlizinin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub-Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Xüsusilə Zəngəzur dəhlizi Azərbaycanı ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək. Bu layihə bütün türk dünyasının coğrafi bağlantısına səbəb olacaq. 

İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın böyük perspektivləri var. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan Ordusu Türkiyə Ordusunun modeli əsasında inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak etməsi də hərbi sahədə güclənən əməkdaşlığımızın göstəricisidir.
     
Ərdoğanın ölkəmizə səfərini şərh edən Prezident İlham Əliyev keçirilən görüşlərin həm görülən işlərə yekun vurduğunu, həm də nəzərdə tutulan layihələrlə bağlı yol xəritəsi olduğunu qeyd etdi. Bu səfərin də uğurlu olacağına əminliyini ifadə edən ölkəmizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlığının hər zaman yüksək səviyyədə davam edəcəyini qəti şəkildə bəyan etdi. Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada qibtə ilə izlənildiyini bildirən Ərdoğan qardaş ölkənin Şuşada baş konsulluğunun açılmasına toxunaraq bunu başda Ermənistan olmaqla, bütün dünyaya bir mesaj kimi diqqətə çatdırdı. Bununla da türk soyuna, dövlətlərinə düşmən kəsilənlərə qarşı milli iradəsini nümayiş etdirmiş oldu.

Aynur Əsgərova,
Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru, YAP fəalı




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook