SON XƏBƏR

Professor Arif Quliyev “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb - FOTOLAR

İyul 01
19:13 2022
İyulun 1-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda "Müasir xarici siyasətin fəlsəfəsi və xalq diplomatiyası” mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbiri giriş sözü ilə  AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Baş direktoru fəlsəfə üzrə elmlər doktoru,  professor İlham Məmmədzadə açıb və qlobal miqyasda dünya siyasəti və diplomatiyasının müəyyən problemləri, müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin söykəndiyi ana prinsiplər, xalq diplomatiyasının mahiyyəti barədə fikirlərini söyləyib. Professor İlham Məmmədzadə vurğulayıb ki, hazırki şəraitdə Azərbaycan dövlətinin xarici siyasəti həm milli maraqları gözləyir, həm də dünya siyasətinin bütün subyektlərinin bərabərhüquqlu iştirakını təmin edən fəaliyyət modelinə üstünlük verir. "Azərbaycanın xarici siyasətində çoxvektorluq üstünlük təşkil etdiyindən onun qlobal miqyasda geosiyasi çəkisi durmadan artır” – deyə qeyd edən professor İlham Məmmədzadə onu da əlavə edib ki, bu məqamları nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycanın regional və qlobal siyasətin müstəqil mərkəzi olmasında, Heydər Əliyev tərəfindən müəyyən edilmiş çoxvektorlu xarici siyasət kursu həlledici rol oynamışdır. Həmin məqam ölkəmizin dinamik inkişafı üçün geniş perspektivlər açır. Bütövlükdə, Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. 

Dəyirmi Masada AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Eynulla Mədətli Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq kafedrasının professoru, "Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri, hüquq elmləri doktoru, professor Arif Quliyev və onun Ukraynada elmi- ictimai fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Məruzəsində ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılması imkanlarından bəhs edən professor Eynulla Mədətli bildirib ki, professor Arif Quliyevin "Elm və Xalq diplomatiyası” adlı samballı monoqrafiyasında özünün bu sahədəki fəaliyyətində üstünlük verdiyi əsas prinsiplər, istifadə etdiyi metodlar barəsində ətraflı məlumat almaq olar. Onun qeyd etdiyi kimi, xalq diplomatiyası qlobal çağırış və təhdidlərə, yeni dünya düzəninin bərqərar olmasına, daxili siyasi inkişafın gedişinə cavab olan bir fəaliyyətdir.

Dəyirmi Masada hüquq elmləri doktoru, professor, Ukraynanın əməkdar təhsil işçisi (Kiyev) Arif Quliyev "Müasir xarici siyasətin fəlsəfəsi və xalq diplomatiyası”mövzusunda məruzə ilə çıxış edib və qeyd edib ki, Azərbaycan dövlətinin xarici siyasəti yuxarıda qeyd etdiyimiz prinsiplərə söykənməklə özünün konkret prioritetlərinə malikdir. Arif Quliyev vurğulayıb ki, ölkənin xarici siyasətinin digər prioritetlərini də göstərmək olar. Məsələn, bunlardan regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması; təhlükəsizliyin və sabitliyin gücləndirilməsi; Xəzər dənizi hövzəsinin demilitarizasiyası; nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması; iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək və s. istiqamətlərdə geniş fəaliyyət proqramın həyata keçirilməsini qeyd etmək olar.

Professor Arif Quliyev onu da əlavə edib ki, Azərbaycan dövləti istər regional, istərsə də beynəlxalq münasibətlər sistemində fəaliyyəti zamanı xarici siyasətinin müəyyənləşdirdiyi hər bir prioritetinə istisnasız olaraq böyük həssaslıqla yanaşır.

Dəyirmi Masada hüquq elmləri doktoru, professor, AMEA Azad Həmkarlar Komitəsinin sədri Habil Qurbanov, fəlsəfə elmləri doktoru, professor, Fəlsəfə və Sosiologiya İnstitutunun "Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri Rəna Mirzəzadə, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli və başqaları çıxış ediblər. Tədbirdə çıxış edənlər "Xalq diplomatiyası” kitabının müəllifi, Ukrayna Azərbaycanlıları Alimlər Şurasının Sədri Arif Quliyevi 70 illiyi ilə əlaqədar təbrik edib, ona uzun ömür, can sağlığı və fəaliyyətində uğurlar arzu ediblər. Sonra professor Arif Quliyevin mükafatla təltif olunması baş tutub.

"Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli "Xalq diplomatiyası” kitabının müəllifi, Ukrayna Azərbaycanlıları Alimlər Şurasının Sədri Arif Quliyevi 70 illiyi ilə əlaqədar "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərarı ilə "Azərbaycanın Qüruru” qızıl ordeninə layiq görüldüyünü söyləyib. Emil Nəsirli bildirib ki, hüquq elmləri doktoru, professor, Ukraynanın əməkdar təhsil işçisi, "Azərbaycanım” beynəlxalq jurnalının Fəxri üzvü Arif Quliyev dövlət quruculuğu, diplomatiya, sosial-iqtisadi, elmi-texniki və təhsil sahələrinin inkişafına böyük töhfəsinə və Azərbaycan diasporunun möhkəmlənməsində xidmətlərinə görə qeyd olunan mükafata layiq görülüb və qızıl ordeni Arif Quliyevə təqdim edib. 

Çıxışında professor Arif Quliyevin "Elm və Xalq diplomatiyası” adlı samballı monoqrafiyasında özünün bu sahədəki fəaliyyətində üstünlük verdiyi əsas prinsiplər, istifadə etdiyi metodlar barəsində ətraflı məlumat verən baş redaktor Emil Nəsirli onu da əlavə edib ki, Arif müəllimin qeyd etdiyi kimi, xalq diplomatiyası qlobal çağırış və təhdidlərə, yeni dünya düzəninin bərqərar olmasına, daxili siyasi inkişafın gedişinə cavab olan bir fəaliyyətdir və rəhbərlik, diplomatik və jurnalist fəaliyyətində mühüm təcrübəsi Arif müəllimə öz elmi-pedaqoji fəaliyyətində, elmi əsərlərinin yazılmasında, mətbuatdakı müsahibələrində, eləcə də həmkarları ilə ünsiyyətində, Ukrayna ilə Azərbaycan Respublikası arasında səmərəli münasibətlərin qurulmasında xeyli kömək edir.

Emil Nəsirli onu da xüsusi qeyd edib ki, Arif Cəmil oğlu Quliyevin geniş, çoxşaxəli fəaliyyəti həm Ukrayna, Həm də Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. O, "Ukraynanın əməkdar təhsil işçisi” adına, Azərbaycan Respublikası Prezidenti "Tərəqqi” medalına, "Ukraynanın müstəqilliyinin 25 illiyi" medalına, Azərbaycanın və Ukraynanın 20-yə qədər mötəbər təşkilatlarının diplomlarına layiq görülmüşdür.

Hüquq elmləri doktoru, professor, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev onu "Azərbaycanın Qüruru” qızıl ordeninə layiq gördüklərinə görə "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasına və jurnalın kollektivinə minnətdarlığını bildirib.

Sonda Dəyirmi Masada iştirak edənlər xatirə şəkilləri çəkdiriblər.

Qlobal.az
 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook