SON XƏBƏR

Qarabağ qazisindən ittiham: "Rəis müavini bayrağımızı, medallarımı təhqir etdi"

Sentyabr 08
09:54 2022
"Küçə söyüşləri ilə təhqir edir, aşağılayır, deyir ki, mən heç kimdən qorxmuram, çəkinmirəm, mənim arxam var, mənə heç kim heç nə edə bilməz, get, nə edirsən, et”.

Bunu Bakupost.az -a Sabirabad rayonu, Kürkəndi kənd sakini, İkinci Qarabağ Müharibəsi qazisi Abış İsmayılov deyib.

22 yaşlı qazi mühafizəçi işlədiyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Maliyə şöbəsinin rəis müavini Bayram Mikayılovun özbaşınalığından şikayətlənib.
Abış İsmayılov bir müddət əvvəl xəstəxanaya mühafizəçi vəzifəsinə işə qəbul edilib.

Qazinin sözlərinə görə, maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılovun ona qarşı qərəzli münasibətinin kökündə xəstəxanaya işə düzələrkən rüşvət verməməsi durur:

"10 aydır ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işləyirəm. Sağ olsun, məni bura xəstəxananın direktoru Ənvər Lümanov təmənnasız işə götürüb. İş üçün müraciət etdiyim ilk gün mənə dedi ki, sənədlərini topla, gəl. Bayram Mikayılov isə xəstəxanaya 3 ay olar ki, maliyyə işləri üzrə direktor təyin edilib. Gələn gündən araşdırıb ki, mən bura müharibə iştirakçısı kimi bir qəpiksiz işə düzəlmişəm. O gün-bu gün, kollektivin qarşısında mənə aşağılayıcı sözlər deyir. Bayrağımızı, medallarımı təhqir edir".

A. İsmayılov qeyd edib ki, Bayram Mikayılovun bu davranışlarından rayon rəhbərliyinin də xəbəri var, ancaq tədbir görülmür:

"Bununla bağlı icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova, Rayon Polis Şöbəsinin rəisinə, Daxili İşlər Nazirliyinə, Prezident Adminstrasiyasına və digər qurumlara da yazmışam. Məsələni qaydaya qoyacaqlarına söz versələr də, hələ ki heç bir nəticə yoxdur. Bununla əlaqədar TƏBİB rəhbəri Vüqar Qurbanovun da qəbulunda olmuşam. Mənə deyib ki, biz onu işdən çıxarsaq, sənə pis baxacaqlar. Necə olur Azərbaycan bayrağını təhqir edənə pis baxmırlar, mənə pis baxırlar? Niyə? Ramil Səfərov kimi oğullarımız bayrağımızı təhqir etdiyinə görə ermənin başını kəsib. Əgər bir insanın damarlarında azərbaycanlı qanı axırsa, bayrağımızı təhqir edən Bayram Mikayılovun əməlinə reaksiya verməlidir".

A. İsmayılov İkinci Qarabağ Müharibəsində Füzulinin, Cəbrayılın, Xocavəndin və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən ona Azərbaycan Respublikasının müdafiəsi zamanı zədə alması barədə arayış da verilib.

Qazi bildirib ki, Bayram Mikayılov şikayətlərindən əl çəkməsi üçün ona 20 min manat rüşvət təklif edib:

"Bayram Mikayılov şikayətlərdən əl çəkməyim üçün avtoritetləri mənim üstümə göndərdi. Gördü, belə alınmır, rüşvət kimi 20 min manat pul, maşın təklif etməyə başladı. Təbii ki, qəbul etmədim. Bayrağım müqəddəsdir, şanlıdır və onu heç nəyə satmaram. Biz o bayraq amalında vuruşub, minlərlə şəhid vermişik. Təbii ki, Bayram Mikayılov şəhid, döyüş yoldaşının yanında can verdiyini görməyib. Ona görə də o insan Vətən, bayraq nədir, anlamaz. Sosial Müdafiə Fondundan rüşvət üstündə işdən çıxarılan məmurun maliyə şöbəsinə təyin olunması da absurddur”.

Bakupost.az Bayram Mikayılovun Sabirabad Rayon Mərkəzi Xəstəxanasınadək olan iş fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparıb.

Məlum olub ki, o, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən, rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir etdiyinə görə işdən çıxarılıb. Həmin dövrdə hadisənin videogörüntüsü sosial şəbəkələrdə də geniş yayılıb.

Elə həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. 2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Ancaq vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq işdən çıxarılıb. Həmin vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun vəzifəsini icra edərkən kobud nöqsanlara yol verdiyi üçün işdən çıxarıldığını bildirib.

Hətta əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib, qısamüddətli həbsdə olub. 3 aya yaxındır ki, TƏBİB rəhbərliyi onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook