"Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın edib
Noyabr 08
00:24
2021
Futbol üzrə Azərbaycan Premyer Liqasında Zəfər turunun son oyunu keçirilib.
Hesabı 39-cu dəqiqədə Ramil Şeydayev açıb. O, qapıçı ilə təkbətəkdən yararlanmağı bacarıb. 45+3-cü dəqiqədə Musa Qurbanlı "Sumqayıt"ın qapısı qarşısına ötürmədən sonra son toxunuşu edərək, fərqi artırıb.
Fasilədən sonra "Qarabağ" daha 2 qol vurub. 51-ci dəqiqədə kapitan Maksim Medvedev Məsiyevin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Oyunda son nöqtəni isə Musa Qurbanlı 76-cı dəqiqədə qoyub. Baş məşqçi Qurban Qurbanovun oğlu özünün ikinci, komandasının dördüncü qolunu vurub.
Görüşün sonlarında "Qarabağ" azarkeşləri "Neftçi" və ötən mövsümün son turunda flaqmanla oyunu idarə etmiş, elə bu qarşılaşmanın da baş hakimi olan Elçin Məsiyevin əleyhinə şüarlar səsləndiriblər.
Bu qələbə sayəsində "Qarabağ" 10 oyundan sonra xallarını 23-ə çatdıraraq, liderliyini möhkəmlədib. Ağdam komandasının ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqi 5-ə bərabərdir. 11 xala malik "Sumqayıt" isə 5-ci pillədə yer alıb.