Qarabağdakı erməniəsillilərə göndərilən ərzaq karvanı 8 gündür Ağdam-Xankəndi yolunda gözləyir
Sentyabr 05
09:40
2023
Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir.
Bu barədə "Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.
Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.