SON XƏBƏR

Qaranquş yuvasına şığıyan bayquş

Oktyabr 19
07:33 2015
 
Bir zamanlar hamı onun nə göstərdiyinə baxar, nə danışdığını danışardılar.
 
Bir zamanlar prezident də, nazirlər də ona baxardı – operativiydilər deyə, qərəzsiziydilər deyə, umacaqsızıydılar deyə, ÖZ dilində danışırdılar deyə.
Diqqətlə baxardılar. Həyəcanla baxardılar.
 
Bir zamanlar Qazilər də, şəhid doğmaları da ona baxardı - Səngərdən çıxmışdı, şəhid vermişdi. Yanğıyla baxardılar.
 
Bir zamanlar fəhlə də, kəndçi də ona baxardı - zəhmətdən, halallıqdan, torpaqdan – QARABAĞdan danışırdı deyə. Ümidlə baxardılar.
 
Bir zamanlar düşmənlər də ona baxardı – XALQın dilində danışırdı, XALQın adından danışırdı deyə. Nifrətlə baxardılar.
 
Bir zamanlar hamı ona baxardı…
 
Bir zamanlar müqəddəsiydi ora. Laçınıydı, Şuşa idi - Qarabağ idi, Vətən idi.
Hamı ona baxardı…
 
Azad sözün qalasına – ANS-ə baxardı hamı bir zamanlar.
 
***
 
Bəli, bir zamanlar onlar mübariziydilər. Monolitiydilər. Sonra çox şey dəyişdi.
 
Şeytan libasını dəyişib xəzriyə çevrilərək burunlarına hakimiyyətin mətbəxindən qoxular gətirməyə başladı. Tamahsılandılar, əvəzsiz olduqlarını dedilər gecə-gündüz, amma əvəzləməyə başladılar SÖZü…
Rəqəmə uduzdurdular SÖZü.
Artıq saymağa başlamışdılar deyə. Bütün mahiyyətlərinin nüvəsi olan SÖZü uduzmuşdular, fərqindəydilər, həzm edə bilmirdilər. Zəhər doğrayırdı içlərini. Qisaslarının amansız olacağını deyirdilər. Uduzdurmaq istəyirdilər onları uduzduranları.
 
Uduzmuşdular. Ancaq əzmliydilər hələ də. Qürurlarına çatın düşməyindən qorxurdular. Qorxuları toparlaya bilirdi onları. Cəmiyyətin, hakimiyyətin isterik durumlarından yararlana bilirdilər. "Boşluq”larda cəmləşə bilirdilər bir vaxtlar…
 
Və cəmləşdilər bir gün. "Cəm” adlı veriliş yaratdılar. Onları uduzduranları üz-üzə gətirdilər. Ayaq üstə saxladılar. Boğazlarını qurutdular. 90 faiz xalqın səsini almış hakimiyyətin nümayəndəsi doxsan səs ala bilmirdi canlı efirlərində. Onları uduzduranları kimə gəldi uduzdururdular canlı efirlərində. Həzz alırdılar…
 
Amma yenə uduzdular. Saymağı öyrənsələr də hesablaya bilmirdilər, hesablaya bilməmişdilər. Rəqəmi də uduzdular.
 
Zaman ötdü, yenə də çox şey dəyişdi. Kürəklərindəki dəmir əlin, başlarına sığal çəkən o "boyük əl”in sahibi vəfat etdi. Tez zamana uyğunlaşmaq istədilər. Fürsət idi. Uduzduqları SÖZü geri qaytarmaq məqamının yetişdiyini düşünürdülər. Əhəmiyyətli deyildi rəqəmlər, hec fərqində də deyildilər. Vacib olan yenidən SÖZƏ SAHİB OLMAQ idi. Bunu bacarmaq idi. Rəqəmlər özü toplanacaqdı, özü bölünəcəkdi.
Toparlandılar. Yenidən başladılar.
 
Amma…
Qəfil hər şey dəyişdi. Bir anın içində haradansa burulğan peyda oldu, toz dumana qarışdı, irəlini görə bilmədilər. Sonra məzar səssizliyi yarandi. Burulğan çəkildi, toz -duman yatdi.
Aman Tanrım, bu nəydi belə…
Hakimiyyət dəyişməmişdi!
 
Ürəkləri bulandı, başları gicəlləndi. İtirdilər özlərini – meydandakı insanlara "vandal" dedilər. İyrəndirdilər milləti. İyrəndirdilər hakimiyyəti. Özlərini tamam itirmişdilər. Millətin inamını da itirdilər.
 
İnamı da uduzdular!
 
Hakimiyyət dəyişməmişdi! Əvəzlənmişdi. Başlarına sığal çəkilən günlər acı xatirə idi artıq. Diqqətli olmaq lazım idi. Daha sağa-sola baxıb fikri, düşüncələri qarışdırmaq olmazdı. Bütün diqqətləri yalnız Doktorun barmağındakı məchulluğa zillənməli, nəzərləri barmağın arxasınca sürünməli idi. Barmaqdan önə adlamaq olmazdı. Çox məşəqqətli anlar idi. Bacara bilmirdilər. Məsuliyyətli pasiyent ola bilmirdilər.
Tez-tez çaşırdılar.
Və bu Doktoru əsəbləşdirirdi…
 
Və bir gün bütün varlıqlarıyla nəzərlərini zillədikləri barmaq düyünləndi. Dəmir yumruğa çevrilib başlarına endi.. Belə zərbə görməmişdilər yaranışlarından. Dadını bilmirdilər. Dünya gözlərində qaraldi. Çökdülər. Efirləri qapandı.
Tez-tez çaşmaqlarını Doktor bağışlamamışdı!
Bu dəfə də uduzdular. Uduzmağa heç nə olmasa da.
 
***
 
Zamana aga ola bilmirdilər.
Amma "saat mütəxəssisi” ola bilmişdilər.
 
***
 
 
 
Zamanın əqrəbinə barmaq eləmək olmur. O öz işindəydi…
 
Müəyyən zaman adladı, özlərinə gəldilər. Nə yaxşi ki, yumruq sahibi mərhəmətliymiş. Gözlərini açdılar. Efirlərini də "yuxarılar” açmışdılar.
Heç nədən danışmayacaqdılar daha!
Amma hər şeydən danışmağa icazələri varıydı. Danışırdılar da. Sudan, palçıqdan, yoldan, analoqsuz körpülərdən danışırdılar. Amma alınmırdı, alterasiya olmuşdu dilləri. Diktorları gah "günaydın” deyirdi, gah da "salam əleyküm". Şimalın soyuğu iliklərini dondurmuşdu. Cənubun istisi başlarini qaynatmışdı. Raxitə bənzəyirdilər. Solmuşdular. Atılmışdılar. Daha hec kim onları sevmirdi. Dinləmirdi. Hamı pis davranmağa başlamışdı onlarla.
 
***
 
Efirlərində "Qarabağ” sözünü mollaların "inşaallah”ına döndərmişdilər.
 
***
 
Tamaşaçıları həqarət edənlərinin kölgəsində görünməz olmuşdu. Hamı ittiham yağdırırdı ünvanlarına.
Şəbədə qoşurdular adlarına hər gün.
Biri "başyeyən” deyirdi, biri şantajçı…
 
Və bir gün gəldi adlarına porno tv də deyildi.
Özü də ucadan deyildi. YUXARIdan deyildi.
 
İldırım səsi kimi çaxdı bu söz beyinlərində.
Bu sözdən, bu səsdən qalalarında yuva qurmuş qaranquş da uçub getdi, küsüb getdi. İndi o yuvada – bir zamanların azad söz qalasında bayquş özünə yer eləmək istəyir.
 
İlin payız fəslidi.
 
ANS-ə heç vaxt düşmədi bu fəsil.
 
 
Mubariz Məmmədov



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook