SON XƏBƏR

QARAPAPAQLARLA BAĞLI QISA BİR ARAYIŞ

Dekabr 30
18:15 2015
Azərbaycan türklərinin etnoqrafik qruplarından biri olan qarapapaqlar indiki Gürcüstanda, Azərbaycanda, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda, İran və Türkiyədə yaşayırlar. Erkən orta əsrlərdə daha geniş ərazilərdə məskunlaşmış qarapapaqların Ata Yurdları tarixi Borçalı mahalı hesab edilir. "Qarapapaq” etnonimi çox vaxt "tərəkəmə” termini ilə eyni mənada işlənir. Ərəb və fars dillərində "tərəkəmə” sözü "türklər” mənasını verir. Hazırda "qarapapaqlar” daha çox oturaq təsərrüfatla məşğul olanlara, "tərəkəmələr” isə yaylaq maldarlığı ilə məşğul olanlara deyilir.
 
Qarapapaqların bir qismi isə XVI yüzillikdə "qarabörk” adı ilə Şirvanda – indiki Ucar rayonunda yaşayırdılar. Səfəvilər dövrünün görkəmli tarixçisi İskəndər bəy Münşinin "Tarix-e alam-aray-e Abbasi” adlı əsərində də qarapabörklülərin adı çəkilir. XVIII yüzilliyin II yarısında İrəvan xanlığının Dərəçiçək mahalında yaşayan qarapapaqlar xana vergi ödəmir,əvəzində xan ordusunda xidmət üçün 600 atlı döyüşçü verirdilər.
 
Mirzə Adıgözəl bəy XIX yüzilliyin əvvəllərində qarapapaqların Göyçə gölü ətrafında da yaşadıqlarını qeyd etmişdir. II Rusiya-Qacar savaşı zamanı (1826-1828) Göyçə gölü sahillərində yaşayan 800 qarapapaq ailəsi (orta hesabla 40 min nəfər) rus işğalı altında qalmağı özlərinə layiq bilməyərək soydaşları Qacarların idarəçiliyi altında olan digər Azərbaycan torpaqlarına – Urmiya gölü sahillərinə köçdülər. 1828-1829-cu il Rusiya-Osmanlı savaşından sonra Borçalıda yaşayan qarapapaqların bir qismi isə Osmanlı idarəçiliyi altında olan Qarsa köçdülər. XIX-XX yüzilliklərin istər rus,istərsə də Osmanlı mənbələri qarapapaqları Azərbaycan türklərinin tərkib hissəsini təşkil edən bir etnos kimi qəbul edirlər.
 
1921- cı ildə Qars müqaviləsi ilə Qars vilayətinin Arpaçayın sağ sahili torpaqlarının Ermənistana verilməsindən sonra qarapapaqların bir hissəsi bu torpaqlarda təşkil olunan Amasiya (Ağbaba) torpaqlarında yaşamaqda davam edirdilər. 1926-cı il siyahıyaalınmasına görə burada 35-dən çox kənddə 6300 nəfər qarapapaq yaşayırdı. Türkiyədə isə qarapapaqların sayı 1958-ci ildə 40 min olmuşdur. Güney Azərbaycana köçmüş qarapapaqlar isə 1925-ci ildə 250 kənddə məskunlaşmışdılar. Onların bir qismi özlərini "ayrım” adlandırırdılar.Bu da görünür qarapapaqların ulu babaları sayılan "eymur”ların (imirlər) etnonimi ilə bağlı olmuşdur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook