Qazanc yeri (Hekayə)
İyul 02
05:02
2020
Əliabbas Bağırov
İki atın arpasını bölə bilməyən Talıb müəllim mənə gecə-gündüz dərs keçməkdən yorulmur, deyir, nə qədər yuxarıda oturanları öz maqalələrimdə (elə bu cür də deyir: maqalə) biabır eləməmişəm, bu xalq məni sevən deyil. Kitab yazan adam gərək belə şeyləri əzbər bilə. Ümumxalq sevgisi burdan qaymaqlanır, dəqiq bilir o bunu. Mən də bunu bir yana qoyub, ilk öncə dediyinə düzəliş eləyirəm ki, əvvəlcə bunun fərqinə varsın, sonra böyük mətləblərə girişər:
- Qaymaqlanır yox, qaynaqlanır.
Kimə deyirsən? Əlini yelləyib, etirazını eləyir:
- Allah saxlamış, nə qoyub, nə axtarırsan? Qaymaq olmasın, sən deyən olsun. Dünyanın hər yerinı qırış-qırış gəzmişəm, hələ bir adam irad tutmayıb mənə, səndən başqa.
İş ondadı ki, Talıb müəllimin nitqində bu qism kəlmələr bir deyil, beş deyil. Sovetin vaxtında həmişə rəhbər vəzifələrdə çalışıb deyənə, söhbət və xatirələri tribuna ifadələrilə doludu. O vaxtkı alovlu çıxışları yaddaşına necə həkk olunubsa, hələ də onların havası ilə yaşayır. Hamiləliyə götürmək onun nəzərində elə hamiliyə götürməyin bir tayıdı. Elə o cür də deyir və sözünə qımışan olduğunu görürsə, dediyini dübarə təkrarlayır ki, elə bilməsinlər səhv elədiyini düzəltmək fikri var, xeyr.
Hər ehtimala qarşı ifadəsini bu kürreyi-ərzdə ondan savayı, bir Allah bəndəsi belə işlətməz ki, o işlədir:
- Hər etimada qarşı...
Birinin humanist, rəhmli və əltutan olduğunu diqqətə çatdırmağı isə daim belə olur:
- Çox humanitar adamdı,-deyir və qayıdıb heyrətdən başını da bulayır.
Avtaritar rejimə tez-tez avtaritet rejim deməklə siyasətdə də naşı olmadığını bılsinlər deyə tez-tez bu mövzuya baş vurur və elə bilir, bunu eləməsə, onu kəmsavad və qanmaz sayarlar. Amma çifayda... Heç olmur ki, səhvə yol verməsin. Məsələn, deyir:
- Bu Afət də bir iş görmədi, o da ermənilərə işləyir.
Soruşuram, hansı Afəti deyir, o qədər Afət var ki! Nə görüb axı bu afətlərdə, əl çəkə bilmir?
Guya, öz aləmində fikrimə düzəliş eləyir:
- Sənin də fikrin afətlərin yanında olsun. O Afəti demirəm e, o birisini deyirəm, - eləyib əlini yuxarı qaldırır və elə bilir, bununla fikrini izah eləmiş olur ki, Afəti yox, ATƏT-i deyir.
Pakistanın əsl pakislamlar ölkəsi olduğunu xüsusü vurğu ilə diqqətə çatdırmağı isə özü üçün əsl tapıntı bilir. AŞPA prezidentindən söz düşübsə, deyir, burda söhbət aşpaz prezidentdən gedir, mənası da odu ki, yəni bu adam prezidentlık postuna aşpazlıq sənətindən gəlib. Nə çoxdu xaricdə belə şeylər? Götür Zimbabveni, Uqandanı...
Həqiqətin o deyən kimi olmadığına tam əminəm, adıçəkilən ölkələrin hansı qitədə yerləşdiyindən bixəbər olduğunu da yüz faiz bilirəm və özümə söz versəm də ki, gərək bu qüsurlara birdəfəlik göz yumam, bir şey ki, adam yetmiş ili beləcə yola verib, işləri də yağ kimi gedib, daha qəmiş qoymağın nə mənası, ancaq heç vaxt özümü saxlaya bilmirəm. O danlaq-dansaq axır ki, günün birində sülh, xoş əhval və gülüşlə bitdi:
- Bilirsən niyə belə eləyirəm?-Talıb müəllim içkidən hallanıb mübahisə əsnasında soruşdu.
- Niyə?
- Deyirəm, heç kimin mənnən işi olmasın.
- Onda nə olur ki?
- O olur ki, deyirlər, maymağın biridi, başı heç nədən çıxmır, bir şey ki, lora şor deyir, qoy gedib ailəsini dolandırsın... Beləsindən hökumətə xətər toxunmaz.
- Onda məni niyə qınayırsan ki, yuxarıda oturanları söymürəm.
- Sən də düz eləyirsən. Ailən, uşağın var, nəyinə lazımdı söyüş?... Qoy gedib kef eləsinlər. Guya, Talıb bilmir mağar nədi, mağara nə? Ay hay!... Mən deyim, ölmüşdü Talıb...