Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.
"Bugünkü gündəliyimizdə çoxlu mövzular var. Nəqliyyat-logistika, energetika, rəqəmsallaşma, humanitar əməkdaşlıq sahələrində məsələləri aydınlaşdırmaq üçün nümayəndə heyətinin üzvlərinə söz verəcəyik. Bütün istiqamətlər üzrə işlər uğurla aparılır. Bu yaxınlarda Astanada keçirilmiş Hökumətlərarası Komissiyanın iclası Sizin dövlət səfərinizə hazırlıq xarakteri daşıyırdı. Bu səfəri məzmunca zənginləşdirmək və sonradan onların reallaşdırılmasına nəzarəti asanlaşdırmaq üçün ona çox ciddi hazırlaşırdıq. Zənnimcə, biz müvafiq tapşırıqlar verəcəyik və razılaşmalarımızın necə həyata keçirilməsi haqqında müntəzəm məlumat alacağıq", - dövlət başçısı qeyd edib.