Qazaxıstan “Moody's”dən tarixindəki ən yüksək reytinqi alıb
Sentyabr 10
08:08
2024
Qazaxıstan "Moody's” beynəlxalq reytinq agentliyinin şkalası üzrə tarixindəki ən yüksək reytinqi alıb. "Report” xəbər verir ki, bu barədə Qazaxıstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, hesabatda Qazaxıstan iqtisadiyyatının strukturunda qeyri-neft sektorunun payının artması qeyd olunur ki, bu da ölkənin karbohidrogenlərdən, eləcə də neftin qiymətinin və hasilat səviyyəsinin dəyişməsi ilə bağlı risklərdən asılılığı azaldır.
"Sentyabrın 9-da "Moody's” beynəlxalq reytinq agentliyi Qazaxıstan Respublikasının uzunmüddətli reytinqini "Baa2”dən "Baa1”ə qaldırıb, proqnoz isə "sabit”dir. Agentlik tərəfindən verilən reytinq ölkənin müstəqillik tarixindəki ən yüksək reytinqdir”, - məlumatda deyilir.
Qurumun məlumatına görə, Qazaxıstanın kredit reytinqinin artması iqtisadiyyatın şaxələndirilməsinin sabit tempi ilə birlikdə institusional və siyasi mühitin davamlı yaxşılaşması ilə bağlıdır.
"Moody's” Qazaxıstanın aşağı səviyyəli və yüksək əlçatan olan borcları ilə xarakterizə olunan etibarlı iqtisadi göstəricilərini, habelə hökumətin büdcə kəsirini ÜDM-in 2,5-3 %-i səviyyəsində saxlamaq üçün ehtiyatlı siyasətini vurğulayır”, - nazirlikdən bildiriblər.