"Qəbələ Qızıl Balıqartırma Zavodu" investisiya müsabiqəsinə çıxarıldı
İyul 31
12:20
2019
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Qəbələ Qızıl Balıqartırma Zavodu" ASC-nin səhmlərinin 100%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Komitədən verilən məlumata görə, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 19 iyul 2016-cı il tarixli fərmanını icra etmək məqsədi ilə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və dövlət başçısının 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq elan edilib.
Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
"Qəbələ Qızıl Balıqartırma Zavodu” 1956-cı ildə yaradılıb, Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşir. Səhmdar cəmiyyəti balıqartırma və balıqyetişdirmə ilə məşğuldur. Onun nizamnamə kapitalı 1,504 milyon manatdır ki, bu məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 752 min ədəd sənədsiz, adlı səhm əsasında formalaşıb. Bu səhmlərin hamısı investisiya müsabiqəsinə çıxarılıb.
25 nəfər işçisi olan müəssisənin 15 285 manat öhdəliyi var ki, bunun da 12 360 manatı əmək haqqı və ona bərabər tutulan borclar, 2 688 manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna olan borclar, 237 manatı isə mal, iş və xidmətlərə görə dövlət müəssisələrinə olan borclardır. Debitor borclar yoxdur.
İddiaçılar ƏMDK-ya azı 1 milyon manatlıq investisiya proqramı təqdim etməli, azı 30 yeni iş yerinin yaradılması, səhmlərin alqı-satqı müqaviləsi imzalandığı tarixdən etibarən 2 ay ərzində təklif edilən investisiyanın 5%-i qədər pul vəsaitinin səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi, dövlət büdcəsinə 1,2 milyon manat pul ödənilməsi barədə təkliflər verməlidir.
Bundan başqa, iddiaçılar qarşısında Komitəyə 400 min beh ödəmək tələbi də qoyulub. Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ gələcəkdə nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaq.