SON XƏBƏR

"Qəbələ” rəsmisi yeni layihələri haqda: “Qiymətlər 1 dollar və ya avrodan hesablanacaq”

Yanvar 13
11:50 2023
"Qəbələ” bir neçə gün öncə yeni layihəyə imza atdı. Bölgə təmsilçisi innovativ şirkətlərindən olan, idman sənayesi üçün texnoloji həllər və yeniliklər təklif edən "Blocksport” ilə tərəfdaşlıq müqaviləsi imzaladı.
 
3 ili əhatə edəcək müqaviləyə əsasən, İsveçrə şirkəti klubun azarkeşləri üçün fan tətbiqin hazırlanmasını, klubun fan jetonlarını, eləcə də unikal NFT kolleksiyalarının buraxılmasını həyata keçirəcək. Klubdan verilən açıqlamaya görə bu, Qafqaz regionunda tətbiq olunan ilk blokçeyn tərəfdaşlığı olacaq. Bununla yanaşı, azarkeşlərin klubla əlaqələrinə və fəaliyyətlərinə yeni təcrübə gətirəcək. Rəqəmsal ekosistem azarkeşlərə klub ilə tətbiq üzərindən əlaqələr qurmağa - xüsusi sorğular və səsvermələr keçirməyə, unikal məzmun yaratmağa, proqnozlar verməyə, fan çatlarda söhbətlər aparmağa - imkanlar yaradacaq. Tətbiqin yaxın müddətdə azarkeşlərin istifadəsinə veriləcəyi bildirilir. 

Bu yeniliklə bağlı daha ətraflı məlumat almaq üçün "Qəbələ”nin mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq. Hacıyev Qaynarinfo-ya açıqlamasında tətbiqlə bağlı yeniliklərdən danışdı:

"Tətbiqi hazırlamazdan əvvəl onun haqqında məlumat vermişdik. Anonsda hər şey ətraflı izah olunub. Üstəgəl "Blocksport”la müqavilə imzaladıq və tətbiq də buna daxildir. Həmin tətbiqdə NFT kolleksiyalar, fan jetonlar, bir-birilərinə daha yaxın olsunlar deyə azarkeşlər üçün çatlar var. Bu onlara kluba daha yaxın, gələcəkdə innovativ yeniliklərin içində olmaq imkanı verir”.

Hacıyev bu tətbiqin gələcəkdə kluba maliyyə baxımından fayda verə biləcəyini də bildirdi:

"Bu NFT və jetonlar satış üçün nəzərdə tutulub. "Blocksport” şirkəti onları "Qəbələ” adından istehsal edib satışa buraxacaq. Satış da bu tətbiq üzərindən olacaq. Azarkeşlər dünyanın istənilən yerindən həmin NFT və jetonları əldə edə bilərlər. Daha sonra onlardan oyunlar, klubun mağazasında alış-veriş zamanı və ya bilet alışında yararlana bilərlər. Bununla da klubun əlavə maliyyə imkanları yaranır”.

Klub rəsmisi layihənin elə də bahalı olmadığını dedi:

"Elə də bahalı layihə deyil. Aşağı-yuxarı 1 dollar və ya 1 avro kimi standart qiymətlər olur. Sadəcə, sonradan birja dəyəri dəyişə, arta bilər. Belə məsələlər olur. Ancaq standart olaraq jetonlar və NFT-lər 1 dollar və ya 1 avrodan hesablanır”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook