Qəbələdə antik dövrə aid nekropollarda arxeoloji tədqiqatlar davam etdirilir
İyun 28
15:02
2022
"Qəbələ daş dövründən bu günümüzə qədər davamlı olaraq yaşayış üçün münasib olub”.
APA xəbər verir ki, bunu AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov Azərbaycan ilə Koreya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş "Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda keçirilmiş konfransda deyib.
O bildirib ki, 10 illik tədqiqatların nəticəsi Qəbələnin tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir:
"Azərbaycan-Koreya Arxeoloji Ekspedisiyasının Dızaxlı kəndi ərazisində yerləşən tunc dövrü kurqanında aparılan arxeoloji tədqiqatlar Qəbələnin daş dövründən bu günümüzə qədər davamlı olaraq yaşayış üçün münasib olduğunu, həmçinin, tarixin müxtəlif mərhələlərini əks etdirən arxeoloji abidələrlə zənginliyini bir daha təsdiq edir.
Tədqiqatlar nəticəsində Qala ərazisində tapılan orta əsrlər dövrü üçün səciyyəvi olan tikili qalıqları, istehsalat ocaqları, xüsusən də dulus kürələri böyük əhəmiyyət kəsb edir”.
Direktor professor İlyas Babayevin rəhbərliyi ilə tədqiq olunmuş böyük oval planlı tikili haqda da məlumat verib:
"Böyük oval planlı tikili üzərində ümumilikdə 2000 kv/m-dən artıq hissədə metal konstruksiya quraşdırılıb. Arxeoloji sahələrin konservasiyası ilə yanaşı, aşkar edilmiş xeyli sayda maddi mədəniyyət nümunələri üzərində də bərpa və konservasiya işləri aparılıb. Bu kimi nümunələrin böyük əksəriyyəti ilə biz Qəbələ Arxeoloji mərkəzinin muzey sərgi salonunda tanış olduq”.
Abbas Seyidov diqqətə çatdırıb ki, Qəbələdə antik dövrə aid nekropollarda arxeoloji tədqiqatlar davam etdirilir.
Onun sözlərinə görə, Qəbələdə 50 hektardan artıq əraziyə malik olan Antik şəhər yerində hələ ki şəhər qəbiristanlığına təsadüf olunmayıb:
"Buna baxmayaraq, ətraf ərazilərdə qeyd olunan dövrə aid nekropollar aşkar edilib və tədqiqatları davam etdirilməkdədir. Bu tədqiqatlar nəticəsində antik dövrdə Qəbələdə əhali artımı və sıxlığının olmasını izləmək mümkündür. Qədim Qəbələnin mühüm yerlərindən biri də Səlbir ərazisidir ki, bu abidəyə nəinki yerli mütəxəssislər, eyni zamanda, xarici tədqiqatçılar da böyük maraq göstərir.
Xüsusi vurğulamaqda fayda var ki, 2009-cu ildə SEBA Assosiasiyasının təşəbbüsü ilə yaradılmış Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası yarandığı ilk illərdən məhz Səlbir sahəsində tədqiqatlara başlayıb və uğurlu nəticələrə nail olunub. Beynəlxalq ekspedisiyanın müasir standartlara uyğun şəkildə apardıqları arxeoloji tədqiqatları nəticəsində Səlbir yaşayış yerinin şimal və qərb müdafiə divarları tədqiq edilib”.
Direktor əlavə edib ki, Səlbir ərazisində diqqət çəkən məqamlardan biri orada yaşayış qatları ilə yanaşı, müxtəlif dövrlərə aid qəbirlərin aşkara çıxarılmasıdır.