SON XƏBƏR

”Qəbələ”dən növbəti Cavid Hüseynov açıqlaması

Yanvar 05
21:55 2016
Ötən il tarixində ilk dəfə olaraq Avropa liqasının qrup mərhələsinə yüksəlməyi bacaran "Qəbələ” klubunun rəhbərliyi ilin yekunların ilə bağlı mətbuata geniş hesabat verib. Müsahibədə klubun uğurları ilə bərabər jurnalist Rasim Əliyevin ölümü ilə bağlı istintaqa cəlb edilən komandanın sabiq kapitanı Cavid Hüseynov haqqında da açıqlamalar var.
 
Bildiyiniz kimi, məhz onun yunan komandasına vurduğu həlledici qoldan sonrakı jestini tənqid edən jurnalist Rasim Əliyev onun yaxınları tərəfindən döyülmüş və daha sonra xəstəxanada həyatını itirmişdi. Bu kədərli hadisə klubun uğuruna kölgə salmaqla bərabər milli futbolçunun da uğurlu karyerasını da yarımçıq qoydu…
 
"Bununla yanaşı, dünya futbol aləmi üçün səciyyəvi olan bəzi mənfi tendensiyalar, xüsusilə tanınmış futbolçuların adlarının qalmaqallarda hallanması burada da özünü göstərdi. Komandanın liderlərindən olan Cavid Hüseynovun istər futbol meydanındakı, istərsə də ondan kənardakı emosional addımları belə qalmaqallarla müşayiət olundu. Rəqib komandaların və onların azarkeşlərinin təhrikçi hərəkətləri də burada həlledici rol oynadı.
 
2015-ci il iyulun 31-də Kiprin Larnaka şəhərinin "Antonis Papadopulos” stadionunda yerli "Apollon” klubu ilə keçirilən oyun ərzində meydançaya saysız-hesabsız yad əşyalar atan kiprli tərəfdarlar Azərbaycan bayrağını təhqir etdilər. Onlar yalnız "Qəbələ” rəsmilərinin lazımi məqamda müdaxiləsi nəticəsində Azərbaycan bayrağını yandırmaqdan çəkindilər. Buna baxmayaraq parçalanmış Azərbaycan bayrağı matç başa çatanadək kiprlilərin açıq-aşkar təhqirinə məruz qaldı. Hətta baş hakim təzyiq və təhqirlər nəticəsində "Qəbələ”yə ola biləcək hücumların qarşısını almaq üçün oyuna 15 dəqiqəlik fasilə verməyə məcbur oldu” -deyə bildirilib.
 
Suala cavabda daha sonra qeyd olunub: "Təbii ki, bu cür gərgin ab-havada oynamaq və eyni zamanda əsəblərini cilovlamaq futbolçular üçün heç də asan deyildi. Cavid Hüseynovun son dəqiqələrdə penaltidən bərabərlik qolunu vurduqdan sonra əl hərəkəti ilə etdiyi jest də bunun nəticəsi idi. "Apollon” klubunun rəsmiləri bunu bildiyi halda UEFA-ya şikayət etdi. Məsələni araşdıran, həmçinin "Qəbələ”nin kapitanı ilə bağlı müdafiə məktubunu dəyərləndirən qitənin ali futbol qurumu kiprlilərin iddialarını əsassız saydı. UEFA oyunda baş verənləri təfərrüatı ilə nəzərdən keçirdikdən sonra Cavid Hüseynova heç bir cəza vermədi. Bununla belə mənəvi-əxlaqi dəyərlərə həmişə önəm verən klub futbolçu ilə söhbət apararaq onu ciddi tənbeh etdi. Mətbuata verdiyi açıqlamada etdiyi hərəkətin motivini aydınlaşdıran Cavid Hüseynov buna baxmayaraq bu hərəkətdən peşman olduğunu bildirdi və Azərbaycan xalqından üzr istədi”.
 
Klub bildirib ki, Cavid Hüseynovun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi isə bütün ciddiyyəti ilə qarşılandı: ""Qəbələ” futbol klubu bu oyunçunun Avropa Liqası kimi məşhur bir turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq öz dəyərlərinə sadiq qaldı və hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırdı. Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inanır. (Virtual.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook