"Qəhrəmanlar unudulmur!"
Mart 04
10:03
2016
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Natavan gallery&clubda "Qəhrəmanlar unudulmur!" adlı fotosərgi keçirilib.
Azərtac xəbər verir ki, Sovet İttifaqı qəhrəmanlarına həsr edilmiş layihənin rəhbəri Teymur Mustafayevdir.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Gənclər üçün Təhsil Mərkəzi"nin icraçı direktoru Fəxrəddin Həsənzadə, tələbə gənclər təşkilatlarının fəal üzvləri və digər gənclər iştirak ediblər.
Açılış mərasimində çıxış edən layihə rəhbəri Teymur Mustafayev qonaqları salamlayaraq sərgi haqqında məlumat verib. O bildirib ki, 1941-ci il iyunun 22-də verilən dəhşətli müharibə xəbəri damarlarda axan qanı dondurdu.
Bu xəbər hərəni bir yerdə yaxaladı - kimini məktəbdə, kimini dəzgah arxasında, kimini də iş başında. Müharibə hərəni bir yaşda imtahana çəkdi-kimisini ahıl, kimisini yeniyetmə yaşında, kimisinin də gənclik həvəsi dolub-daşanda...
1941-1945-ci illərdə baş vermiş müharibə həm Böyük Vətən Müharibəsi, həm də İkinci Dünya Müharibəsi adlandırılır. Əlbəttə, bunların hər ikisi doğrudur. Sovet İttifaqı üçün bu savaş doğrudan da Vətən müharibəsi idi. Çünki bu misli görünməmiş müharibədə sovet dövlətinin mövcudluğunun davam və ya tamam məsələsi həll olunurdu.
Digər tərəfdən, 68 ölkənin iştirakı bu qanlı münaqişəyə Dünya müharibəsi deməyə əsas verir. Müharibələr həmişə insanların kütləvi ölümü, illərlə qurub-yaratdıqları şəhərlərin, kəndlərin, zavod və fabriklərin məhv edilməsi ilə nəticələnir. Müharibə ataları, anaları oğulsuz, gəlinləri ərsiz, qızları qardaşsız, uşaqları atasız qoyur, ailələri dağıdır.
1941-1945-ci illər müharibəsi bu savaşda qalib gəlmiş hər bir millət kimi azərbaycanlıların da şanlı hərb tarixidir. O qanlı-qadalı illər bir tarix kimi kitablarda, daş heykəllərdə, yaddaşlarda yaşayacaq, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə qürurverici bir salnamə kimi yadigar qalacaq.
Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və "Gənclər üçün Təhsil Mərkəzi"nin icraçı direktoru Fəxrəddin Həsənzadə əvvəlcə belə bir layihəni həyata keçirdiyinə görə T.Mustafayevi təbrik edərək ona gələcək işlərində uğurlar arzuladılar. Natiqlər tədbirin keçirilməsinin zərurətindən, müharibə dövrünün və Azərbaycanın qarşılaşdığı çətinliklərdən danışıb, İkinci Dünya Müharibəsində Azərbaycan əsgərlərinin göstərdiyi şücaətlərdən söz açıblar.
Azərbaycan xalqının bu gün də müharibə şəraitində yaşadığı vurğulanıb. Bunun Vətən uğrunda aparılan müharibə olduğu, ata-babalarımızın keçdiyi bu şücaətli yolu unutmamalı və onu daim yaşadılmasının vacibliyi diqqətə çatdırılıb.
İki gün davam edən sərgidə Sovet İttifaqı qəhrəmanları Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Səlahəddin Kazımovun, İsrafil Məmmədovun, Məzahir Quliyevin və digərlərinin fotoları nümayiş etdirilib.
Qlobal.az