SON XƏBƏR

Qərb hikmətinin Şərqli mütəfəkkiri: Fərman İsmayılov

İyun 14
09:38 2016
Azərbaycanın sovet dövrünə qədərki  fəlsəfə tarixinə nəzər salanda çox ünlü isimlər gözlərimiz önünə gəlir: Əbülhəsən Bəhmənyar Azərbaycani, Nəsirəddin Tusi, Mahmud Şəbüstari Təbrizi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Məhəmməd Əmin Şirvani, Yusif Qarabaği,  Nizami Gəncəvi, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Şəhabəddin Şührəvərdi.
           
Sovet dövründə filosoflarımızın sayı rəsmən dəfələrlə artsa da fəlsəfə tariximizdə qoyduğu izlə öyünə biləcəyimiz mütəxəssislər o qədər də şox deyil. Müasirimiz olan professor Fərman İsmayılovu dövrümüzün çoxsaylı filosoflarından fərqləndirən  başlıca cəhət onun müasir fəlsəfə tariximizdə açdığı yeni səhifələrdir. Fərman İsmayılov bizim dövrümüzün və gələcəyimizin filosofudur.
           
Sovet dövründə təhsil almış hər birimiz o dövrün filosoflarının istənilən mövzunu izah etmək üçün ancaq marksizm-leninizm klassiklərinə istinad etməli olduqlarını görmüşük.  Qoyulmuş çərçivə hüdudlarında  ağlabatan bir şey izah edə bilməyərək özlərinin də sona qədər anlamadığı "şey” və "özündə şey” terminləri arasında ilişib qalan böyük bir filosoflar pleyadası sovet insanına fəlsəfə adına heç bir bilgi verə bilmədi. Hələ bu gün də orta yaş dövründə olan insanların"fəlsəfə” sözünü eşidərkən keçirdikləri təlaş və həyəcan bütün cəhdlərinə baxmayaraq  onların  bu elmə aid hər hansı bir bilgiyə yiyələnə bilməməsindən irəli gəlir. Fərman İsmayılov əsərlərindən birində  deyir ki, zamanın xoşbəxtliyi də, bədbəxtliyi də fəlsəfədən gəlir. Həmin dövrün bütün iztirabları da məhz fəlsəfədən, yəni sovet dövrünün fəlsəfəsizliyindən irəli gəlirdi.
           
Bu boşluğu anlayan və onu doldurmağı özünün missiyası kimi müəyyənləşdirən nadir insanlar öz həyatını  fəlsəfəsizliyə həsr etmədən, əsl fəlsəfənin ardınca getdilər. Onlar sovet rejiminin qoyduğu məhdudiyyətləri aşaraq nəzərlərini Qərb fəlsəfəsinə, onun çox çeşidli cərəyanlarına yönəltdilər və sovet fəlsəfəsinə deyil, ümumbəşəri fəlsəfəyə - Həyat fəlsəfəsinə üz tutdular. Sovet dövrünün və ərazisinin  bu nadir insanlarından biri və Azərbaycanda birincisi də məhz Fərman İsmayılov oldu.
           
O, öz axtarışlarını, elmi tədqiqatlarını Qərb fəlsəfəsinin öyrənilməsi, təhlili və elmi tənqidi üzərində quran ilk Azərbaycan filosofu olaraq həqiqi elmi anlayan və onu  qiymətləndirən insanlar təərfindən diqqəti cəlb etdi. Buna görə də 1995-ci ildə ildə yazdığı "Klassik psixoanalizin əsasları”əsəri elə böyük marağa səbəb oldu ki, ona dərhal, doktorluq dissertasiyası müdafiə etmədən "Fəlsəfə elmləri doktoru” elmi adı verildi. Bu, sovet dövründə və Azərbaycan miqyasında çox nadir bir hal idi. Fərman İsmayılov Azərbaycanda Qərb fəlsəfəsini öyrənən, onu dərin təhlillərə və analitik tədqiqatlara cəlb edən, Azərbaycan sovet fəlsəfəsinə yeni istiqamət verən birinci filosof oldu. Qərb fəlsəfəsini, qərb praqmatizmini dərindən öyrənmiş, təhlil etmiş professor Fərma İsmayılov demək olar ki, bütün əsərlərində müasir dövrün böhranlarından danışır və narahatlığını ifadə edir. Elmdə, mədəniyyətdə, ictimai şüurda və nəhayət bütövlükdə sivilizasiyada total böhran nəzəriyyəsindən danışır. Bəşəriyyətin belə bir tarixi məqamında o bütün diqqətini İnsanın, cəmiyyətin və bütövlükdə bəşəriyyətin bu böhrandan xilas yollarını axtarmağa səfərbər edib. Fərman İsmayılov hər bir fərdin və eləcə də cəmiyyətin həyatında baş verən böhranın səbəbini fəlsəfədən uzaqlaşmaqda görür və deyir: "Fəlsəfəsiz həqiqi insan olmaq, İnsan adına layiq həyat sürmək mümkün deyil”.
           
Fərman İsmayılov insanları öz dünyagörüşlərini cilalamağa, həyata yeni baxış sərgiləməyə və yeni düşüncə tərzinə yiyələnməyə dəvət edir. Həyatın mənası, onu necə yaşamağın yolları  barədə oxuculara istiqamət verir. Təfəkkürümüzü dərinləşdirməyə, özümüzü dərk etməyə və müdrikləşməyə səsləyir. O, Azərbaycan fəlsəfəsinə yeniliklər gətirən və məhz onun özünə məxsusolan fəlsəfi ideyaları elmə çevirən və onları bütün oxucuları ilə bölüşən bir filosofdur.
           
Fərman İsmayılovun fəlsəfəsi xalqa ünvanlanıb və sadə xalq dilində yazılıb. Onun hər hansı bir əsərini oxumağa başlayan hər bir şəxs  onun bütün digər kitablarını da oxumaq arzusundan vaz keçə bilməz.  Məsələn, keçən il çapdan çıxmış ən yeni kitablarından biri "Müqəddəs od və ya Fəlsəfənin fəlsəfəsi” adlanır.Əsərdə dünya fəlsəfə tarixi üçünəbədi olan bir sual ətrafında mülahizələr incələnir.  İnsan nədir, onun mahiyyəti və mövcudluğu nədən ibarətdir. Bu kitab fəlsəfə tarixi üçün orijinal olan bir konsepsiyanı – "ağlasığanlıq və ağlasığmazlıq” anlayışlarını ilk dəfə elmi dövriyəyə gətirir. Kitabda müasir insanın düşüncə tərzi və nitq  fəaliyyəti üçün metodoloji xətt müəyyənləşdirilir.Bu maraqlı tədqiqatında Fərman İsmayılovXX əsrin görkəmli filosoflarından biri olan Lyüdviq Vitqenşteynin "düşünülə bilən və düşünülə bilməyən”lər haqqında nəzəriyyəsinə istinadlar etsə də,"ağlasığanlıq və ağlasığmazlıq” paradiqmasının izahında Fərman İsmayılov Vitqenşteynin özünü də keçərək bu nəzəriyyənin praktik həyati əhəmiyyətini daha asanlıqla oxucuya çatdıra bilir. O, öyrədir ki, müasir insan düşünərkən, danışarkən, hər hansı bir sahədə fəaliyyət göstərərkən ağlasığan mövqedə dayanmalı, öz həyatını ağıl və gözəllik qanunları əsasında qurmalıdır. Müasir insan həyatı gözəl və mənalı yaşamaq üçün öz varlığını, həyat və düşüncə tərzini yenidən nəzərdən keçirməli, keçdiyi yolun onu haradan haraya aparmasına diqqət yetirməlidir. Müəllifin məqsədi insanın inkişaf tendensiyasına istiqamət vermək, ona öz həyatını necə qurmaq və nəticədə necə xoşçəxt olmaq yollarını göstərməkdir. Adından da göründüyü kimi, Fərman İsmayılov fəlsəfənin özünün fəlsəfəsini insanlara anlatmağa çalışır ki, bu tendensiyanın özü Qərbdə də hələ təzədir.Əsrlər boyu insanlığı xoşbəxtliyə qovuşdurmağın yollarını arayan və gəldikləri nəticələri insanlara öyrətməyə çalışan filosoflar belə bir qənaətə gəlirlər ki, bəşəriyyətin xoşbəxtliyi sadəcə ətraf mühiti dərk etməkdən deyil, həm də onu anlamaqdan keçir.Fərman İsmayılovda öz əsərlərindəxüsusi olaraq anlamaq fəaliyyəti üzərində dayanır, "dərketmə” ilə "anlama” arasında fərqi müəyyənləşdirir və insanlara anlamağın zəruri olduğunu izah edir. Bu məsələnin izahında o, İnsanı Təbiətə yaxınlaşdırır, onun "anlamaq” konsepsiyasında İnsan Təbiətlə çulğaşır və Fəlsəfəni bilavasitə insanın həyatında müşahidə etmək mümkün olur.
           
Fərman İsmayılovun ideyaları, onun öyrətdiyi biliklər ümumbəşəridir. Onun göstərdiyi yol hər bir insanın və bütövlükdə cəmiyyətin xoşbəxtliyinə və səadətinə aparan yoldur. Buna əmin olmaq üçün sadəcə onun əsərlərini oxumaq lazımdır. Bu əsərləri oxuyan hər bir şəxs daim axtarışında olduğu həyat yolunun trayektoriyasını asanlıqla müəyyən edə bilər. Bu barədə böyük filosof özü belə deyir: "Fəlsəfə təbii peyk kimi həmişə İnsanın başı üzərində olmalıdır. Əks təqdirdə o yanılmalara və dolaşıqlara düçar ola bilər”.
 
İnsan taleyi, onu səadətə qovuşdurmaq arzusu Fərman İsmayılovun bütün əsərlərində əsas leytmotivdir. Həyatını və bütün yaradıcılığını belə müqəddəs bir missiyaya həsr etmiş insanlar özləri də müqəddəsdir. Böyük filosof, nəcib insan, insanların həyat müəllimi Fərman İsmayılovun 80 yaşı tamam olur. İdeyaları və nəzəriyyələri bu günümüzə və gələcəyə işıq salan bu böyük insanın böyük yaradacılığı bir insanın öz xalqına, millətinə və dövlətinə verə biləcəyi ən böyük töhfədir. Onun yaradıcılığının həm həcmi, həm də  mahiyyəti  heyrətamizdir. 20 monoqrafiyadan və 100-dən artıq elmi məqalədən ibarət yaradıcılığını göz önünə gətirəndə heyrətlənirsən. Bu kitabları oxuyanda isə müdrikləşməmək mümkün deyil. Şöhrətpərəstlikdən uzaq, təmənnasızlıqda örnək olan böyük fikir sahibinin ən böyük mükafatı isə tələbələrinin, oxucularının və həmkarlarının  ürəklərində ona bəslədiyi sonsuz məhəbbət və rəğbət hissləridir. Bu məhəbbət onun Bəşəriyyət haqqında arzuları və fikirləri kimi səmimi və sonsuzdur. Həyat müəllimimə möhkəm can sağlığı, böyük yaradıcılıq uğurları və sonsuz minnətdarlıq hisslər ilə,
 
Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili
 
Qlobal.az
 
 
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook