Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın qərəzli müraciətini qınayıb
Avqust 02
10:05
2023
Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın qərəzli müraciətini kəskin şəkildə qınayıb.
Bu barədə icmadan məlumat verilib.
"Fransız deputatlara xatırladırıq ki, onların iddia etdiyi "etnik təmizləmə” siyasəti öz torpaqlarını 30 illik Ermənistan işğalından azad edən və hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı olan Azərbaycan deyil, qərbi azərbaycanlıları Ermənistandan deportasiya etmiş, onların qayıdış hüququnu inkar edən, onilliklər boyu Azərbaycan ərazilərini işğal altında saxlamış Ermənistan tərəfindən törədilmişdir.
Fransız deputatların diqqətinə çatdırırıq ki, ciddi-cəhddə müdafiə etdikləri Avropa İttifaqının Ermənistandakı Missiyasının hər gün patrul apardığı ərazilərin əksəri vaxtilə qərbi azərbaycanlıların yaşadığı və 30 il öncə deportasiya edildiyi ərazilərdir”, - icmadan qeyd olunub.
Bildirilib ki, əgər fransız deputatları həqiqətən də iddia etdikləri "beynəlxalq hüquq”, "demokratik dəyərlər” maraqlandırsaydı, onda onlar separatizmi, revanşizmi, cəzasızlığı təşviq edən Ermənistanı və qondarma qurumun qalıqlarını deyil, sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azərbaycan İcmasını, onun Ermənistanla dialoq təklifini və qərbi azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdışını dəstəkləməliydilər.