SON XƏBƏR

Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır

İyul 24
10:52 2024
Bildiyimiz kimi,İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu Azərbaycan Prezidenti cənab İlham Əliyevin forumun açılış mərasimində dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablarla yadda qaldı. Mötəbər tədbirlər meydanına çevrilən Şuşada Qlobal Media Forumunun keçirilməsi isə  təsadüfi deyildi. Əlbəttə ki, Şuşa bizim tarixi qələbəmizin rəmzidir. 22 İyul – Milli Mətbuat Günü münasibətilə Şuşada Beynəlxalq Media Forumunun keçirilməsi dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı  forumda vurğuladı ki, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Qərbi azərbaycanlılar deportasiyanın bütün əzab-əziyyətlərini yaşayıblar. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər.
   
Məlumdur ki, tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb. Xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. Qeyd edək ki, son 220 il ərzində isə Qərbi Azərbaycandan (indiki Ermənistandan) etnik mənsubiyyətinə görə qovulan və dünyanın ən müxtəlif ölkələrinə səpələnən, o cümlədən Azərbaycanda məskunlaşan Qərbi azərbaycanlıların, onların varislərinin sayı 5 milyondan çoxdur. Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız min illər boyu bu ərazidə yaşayıblar. Bu gün də mədəni-tarixi irsimiz ermənilər tərəfindən dağıdılır, yer üzündən silinir.  
     
Prezident cənab  İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyənləşdirməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyini göstərməkdədir. Azərbaycan Prezidentinin qüdrəti, apardığı uğurlu xarici və daxili siyasət sayəsində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün artıq uzaqda deyil. Beləliklə, Qərbi Azərbaycan məsələsi bizim ümummilli məsələmizdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik.

Səidə Əliyeva,
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook