SON XƏBƏR

Qərbin kəşfiyyat xidmətləri Rusiyaya qarşı birləşir – QRU Avropa ölkələrində yanğınlar törədir

May 27
11:46 2024
"Rusiya Ukraynaya silah tədarükünə təsir etmək üçün Avropada təxribat hücumlarının sayını artırır”.

"AzPolitika” xəbər verir ki, bu barədə "The New York Times” ABŞ və Avropa ölkələrinin kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən yazıb. Qeyd olunur ki, müttəfiqləri tərəfindən Kiyevə hərbi dəstəyin zəiflədilməsi kampaniyasına Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QRU) rəhbərlik edir.

Amerika nəşrinin yazdığına görə, Avropada iri obyektlərin - məsələn, Böyük Britaniyadakı anbarın, Polşadakı boya fabrikinin, Litvada IKEA mağazasının yandırılması cəhdinin arxasında QRU dayanır.
 
Obyektlərin əksəriyyətinin birbaşa hərbi yardımla bağlı olmadığı, onlara hücumların məqsədlərinin avropalılar arasında qorxu və narazılıq yaratmaq olduğu qeyd edilir.

Bundan əvvəl Britaniyanın "Financial Times” qəzeti yazıb ki, bir sıra Avropa ölkələrinin kəşfiyyat xidmətləri Rusiyadan infrastruktur obyektlərinə hücum təhlükəsi barədə öz hökumətlərinə xəbərdarlıq edib. "The New York Times”ın yazdığına görə, NATO səfirləri Rusiyanın Avropadakı təxribat kampaniyasını müzakirə etmək üçün iyunda ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns ilə görüş keçirməyi planlaşdırır.

Mayın sonunda Polşada Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə təxribat törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib. Baş nazir Donald Tusk Rusiyanın bir neçə yanğında iştirakının şübhə doğurmadığını bildirib və vəziyyəti çox ciddi adlandırıb. Moskva bütün ittihamları rədd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook