SON XƏBƏR

Qəza olan stansiya haqda ilginc faktlar - təmirə xarici bankdan borc alınıbmış

İyul 06
10:59 2018
Enerji sistemində baş verən qəzalarla bağlı prezident İlham Əliyevin yanında keçirilən müşavirədə bir çox mühüm məqamlara toxunulub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxışında aktual bir təkliflə də çıxış edib: "Cənab prezident, mən orada müşahidə etdiyim məsələlərdə ən əsas gördüyüm odur ki, birincisi, bu stansiya fiziki və mənəvi cəhətdən köhnədır. Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa, tapşırığınıza əsasən bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir ki, hansı vəziyyətdədir. Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir-birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır ki, nəinki hər hansı bir yarımstansiyada, hər hansı istilik elektrik və digər elektrik stansiyalarında qəza baş verdikdə ölkədə problem yaşanmasın”.

Prezident audit təklifini müsbət qarşılayaraq bildirib ki, qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır: "Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni qəza lokal xarakter daşısın. Bu, hesab edirəm ki, komissiyanın işində əsas istiqamət olmalıdır. Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu gün bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır”.

Qeyd edək ki, qəzadan sonra bir çox mütəxəssislər "Azərbaycan” İES-in tamamilə ləğv edilməsini, yeni stansiyanın qurulmasını təklif edirlər. Energetika sahəsi üzrə mütəxəssis, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana görə, bu, qeyri-mümkündür: "Bu stansiyanın dayanması böyük fəsadlara gətirib çıxarar. Düzdür, orada 8 blokun hamısı eyni vaxtda heç zaman işləməyib. Ən azı 1 blok ehtiyatda saxlanıb. Mənim bildiyimə görə, orada 5 blok işləyib. Təxminən 1625 Mvt gücü olub. Stansiyanın dayandırılması şəraitində bu gücü əvəzləyəcək mənbələr yoxdur ölkədə. Bu baxımdan, əsas çıxış yolu stansiyada əsaslı təmir-bərpa işlərinin həyata keçirilməsidir. Orada əsas problem qızma halında açılmanı təmin edəcək sistemin, bir də soyutma mexanizminin işləməməsidir. Stansiyanın blokları 10 il əvvəl əsaslı təmir olunub. Avropa Yenidənqurma və İnkişaf Bankından 115 milyon dollar kredit alınıb, təmir işlərini Çin şirkəti həyata keçirib. 8 blokun hamısı təmir olunub”.

Ekspert deyir ki, Azərbaycanda 6,5 min Mvt generasiya gücü var: "Pik zamanlarda istehlak heç zaman 5 min Mvt-ı keçməyib. Yəni Azərbaycanda yeni generasiya gücünün yaradılmasına ehtiyac yoxdur. Lakin çox maraqlıdır ki, prezidenti yeni güclərə ehtiyacın olduğuna inandıra biliblər. Ötən həftə büdcəyə dəyişiklik olundu, 300 Mvt-lıq yeni stansiyanın tikintisi üçün ”Azərenerji"yə ilkin olaraq 81 milyon manat ayrıldı. Təsəvvür edin ki, 7 ildir "Azərenerji” Şimal DRES-də 400 Mvt-luq ikinci istilik elektrik stansiyasını başa çatdıra bilmir".

İ.Şaban deyir ki, Azərbaycanda əsas problem enerji sistemindəki idarəetmədədir: "Mingəçevirdəki SES, İES və Varvara SES sovet dövründə Gürcüstan və Azərbaycanın böyük metallurgiya kombinatlarının təchizatı üçün yaradılmışdı. Bakının təchizatı isə Rusiyadan həyata keçirilirdi. Müstəqillik əldə olunduqdan sonra bizimkilər Mingəçevirdən yüksək gərginlikli xətlər çəkərək bütün ölkəni bağladılar Mingəçevirə. Təsəvvür edin ki, Bakıda, Sumqayıtda qurulan yeni stansiyaların istehsal etdiyi enerjinin paylanması Mingəçevir üzərindən həyata keçirilir. Halbuki müasir idarəetmə proqramları var ki, qəza baş verən gücləri avtomatik sistemdən ayırır, başqa güclərdən təchizatı təmin edir. Yəni qəza olarkən istehlakçıların əhəmiyyətlilik dərəcəsinə görə şəbəkədən ayrılması həyata keçirilir. Bizdə bu sistem olmadığına görə bütün istehlakçıların təchizatı eyni anda dayanır. Ola bilsin ki, belə sistemin qurulması üçün vəsait ayrılıb, amma işlər qaydasında aparılmayıb deyə işləmədi. Bu hadisələr göstərdi ki, ”Azərenerji" bütün bu illər ərzində aldığı 6,5 milyard manatlıq investisiyanı yalnız yeni istehsal güclərinin yaradılmasına yönəldib. İllər boyu yandırdığı qazın, mazutun pulunu belə verməyiblər, SOSAR-a olan 1 milyard manatdan yuxarı borcu dövlət büdcəsinin hesabına silinib. Bu qədər güzəştlərin qarşılığında baş verənlər, sadəcə, biabırçılıqdır".

Ekspert hesab edir ki, "Azərenerji” tam və ya qismən özəlləşdirilməlidir: "Müasir idarəetmə sisteminin qurulması üçün 1 milyard manat vəsait lazımdır. Bu vəsaiti əldə etmək üçün ”Azərenerji"nin heç olmasa bir hissəsi özəlləşdirilməlidir. Yəni bu şirkət dövlətin boynunda oturmamalı, dövlətə xeyir gətirməlidir. Bundan əlavə, paylayıcı şəbəkə də özəlləşdirilməli, bu sahədə rəqabətli mühit yaradılmalıdır".

"Yeni Müsavat” 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook