SON XƏBƏR

Qız qalasının sirləri FOTOLAR

İyul 12
08:04 2016
Qədim Bakının tarixi mərkəzində, alınmaz qala divarlarının əhatəsində şəhərin əsas rəmzlərindən biri, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən əzəmətli Qız qalası ucalır. 
 
Qlobal.Az Azərtac-a istinadən bildirir ki, əsrlər boyu qala şəhərin panoramında ən görkəmli tikili idi. Bakının ilk məlum təsvirlərindən biri 1683-cü ilə aiddir və bu təsvirin müəllifi alman səyyahı Kempferdir. Hətta üç əsr sonra bu rəsmə nəzər saldıqda keçən müddətdə baş verən böyük dəyişikliklərə baxmayaraq, paytaxtı tanımaq mümkündür. Bu, bənzərsiz Qız qalası sayəsində mümkün olur. O, keçmişdəki kimi, əvəzsiz rəmz kimi inkişaf edən və dəyişən şəhərin mərkəzində ucalır. Son illərdə həyata keçirilən bərpa işləri Qız qalasının qədim tarixinə yeni işıq salmağa imkan yaradıb.
 
Heliodispley və uzunqanadlılar koloniyası
 
Qız qalasında bərpa işləri və yeni muzey ekspozisiyasının yaradılması hökumətin təşəbbüsü ilə 2011-2013-cü illərdə ən müasir standartlara uyğun aparılıb. Bərpa və konservasiya Almaniyanın "Remmers" şirkəti və Avstriyanın "Atelier Erich Pummer" firması tərəfindən, ekspozisiyanın yaradılması isə Latviyanın "Dd studio" şirkəti ilə birgə həyata keçirilib.
 
2014-cü ilin yanvarında ziyarət üçün yenidən açılan cavanlaşan və gözəlləşən Qız qalası şəhər sakinlərini və paytaxtın qonaqlarını texniki təchizatına görə Avropada tayı-bərabəri olmayan yeni ekspozisiya ilə qarşıladı. Özünüz nəticə çıxarın, qalanın 8 mərtəbəsində ümumilikdə 22-si interaktiv olan 34 nümayiş paneli və monitor quraşdırılıb. Yeni ekspozisiya üçün xüsusi olaraq üç ölçülü qrafik və animasiya dizaynının köməyi ilə onlarla çarx və müasir instalyasiya hazırlanıb. Bu çarxlar və instalyasiyaların vasitəsilə müxtəlif tarixi dövrlərdə dəyişən Qız qalasının quruluşu, daxili strukturu və təyinatı haqqında məlumat təqdim olunur. Qala muzeyində hətta unikal heliodispley var. Bu displeydə təsvir çox nazik su tozundan ibarət bulud üzərinə köçür və bununla holoqramın qeyri-adi effektini formalaşdırır.
 
Bərpa işləri həm qalanın özündə, həm də onu əhatə edən ekoloji mühitdə zərgər ustalığı ilə aparılıb. Bircə misal. Məlumdur ki, Qız qalası çoxdan bəri qaralmış hörgü arasında və ya pəncərəaltı oyuqlarda özlərinə yuva quran uzunquyruqların sevimli məskəninə çevrilib. Qız qalasının konservasiyası proqramı çərçivəsində yüzlərlə belə yuva ehtiyatla abidənin yaxınlığındakı tikili və binalara köçürülüb. Quşları yeni yaşayış mühitinə cəlb etmək üçün xaricdən gətirilən xüsusi elektron manna yarmasından istifadə edilib.
 
Qız qalası ətrafında ekoloji tarazlığın qorunması üzrə görülən işlər üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Greenpeace" beynəlxalq ekoloji təşkilatının təşəkkürünü qazanıb.
 
Qeyd edək ki, bərpa işləri zamanı aşkar edilən artefaktlar Qız qalasının ekspozisiyasını daha da zənginləşdirib və onun tarixi ilə bağlı bir sıra məsələlərə yeni işıq salmağa imkan yaradıb.
 
Qız qalasının yaşı
 
Qız qalasının ətrafında qazıntılar zamanı aşkar edilən və yeni muzey ekspozisiyasında sərgilənən e.ə. II-I əsrlərə aid arxeoloji artefaktlar Bakı şəhərinin antik dövrə aidiyyətinə əyani sübutdur. Qız qalasının özü isə, yəqin ki, şəhərin ən qədim hissəsində yerləşir.
 
Qız qalasının dəqiq yaşı bu günə kimi müəyyən edilməyib. Ekspertlərin fikrincə, qalanın inşa vaxtı e.ə. VIII-VII əsrlər hesab edilə bilər. Təəccüblüdür, lakin bu məlumatlara görə, Qız qalası demək olar ki, məşhur mesoamerican piramidalarının yaşıdı, zəmanəmizə gəlib çatmayan İsgəndəriyyə mayakı, Semiramida asma bağları, Olimpiadakı Zevsin abidəsi, Rodos heykəlləri və digər "Dünya möcüzələri"ndən daha qocadır.
 
Diqqət yetirin, Qız qalası üzərində ucaldığı qaya hündürlüyündən artıq əsrlər idi ki, "gözlərini" səssizcə Xəzər dənizinin sularına dikir, Makedoniyalı İsgəndər dünyanı fəth edir, qədim Roma tərəqqi edir, Çin səddi qurulmağa başlayır, qədim Rus dövləti və monqol imperiyasının təşəkkül tapmasına isə az qala min il qalırdı!
 
Onu kim inşa edib?
 
Qız qalasının sirləri çoxdur, onlardan biri də tikilinin mənşəyidir. 1962-1963-cü illərdə qalanın birinci mərtəbəsində arxeoloji tədqiqat aparılıb. 5 metr dərinliyə qədər aparılan qazıntılar nəticəsində aydın oldu ki, abidənin təməli dənizə mailliyi olan böyük qaya üzərində durur.
 
Bu dahiyanə tikilinin memarı və inşaatçılarının adı hələ də məlum deyil. Hərçənd qalanın girişindəki lövhə üzərində kufi xətti ilə iki sətirlik yazı var: "Məsud ibn Davudun qübbəsi". Uzun müddət bu yazı əsasında hətta qalanı səhvən XII əsrə aid edirdilər.
 
Amma bu gün tədqiqatçılar əmindirlər ki, bu lövhə qala divarlarında çox-çox sonralar peyda olub, çünki o, təsadüfən və səliqəsiz şəkildə hörgü arasına əsas girişin yuxarısında deyil, yan tərəfdən, yerdən 14 metr hündürlükdə yerləşdirilib. Yəqin ki, bu, qəbirüstü daşdır və təmir vaxtı qaladakı pəncərənin yerinə qoyulub, ya da tikilini təmir edən ustanın adını əbədiləşdirib.
 
Qalanın təyinatı
 
Qız qalasının təyinatı haqqında müxtəlif elmi fərziyyələr var. Bəzi məlumatlara görə, zərdüştilikdən xeyli əvvəl kimmer-skiflərin (türklərin) ərazisində bu tayfalara xas atəşpərəstlik adətləri mövcud olub. Zərdüştlük ardıcıllarından fərqli olaraq, qədim türklər od tanrısı Tabitiyə sitayiş edirdilər. Belə görünür ki, od doğuran torpaq zərdüştlüyün yaranmasından çox-çox əvvəl atəşpərəstliyin müqəddəs yeri olub.
 
Bu fərziyyə tərəfdarlarının fikrincə, Qız qalası Kaspiana, Albaniya, Midiyanın qədim memar-kahinlərinin metodu ilə Abşeronun yanar sahillərində tikilib və Ahura Məzda məbədinin analoqudur. Zərdüştlük dövründə belə məbədlər inşa olunmadığından Qız qalası e.ə. VIII-VII əsrlərə aid edilə bilər. Bəzi alimlərin fikrincə, bu, dahmazərdüşçülərin dövrüdür. Onlar ölən soydaşlarının meyitlərini qalanın zirvəsinə qoyur, quşlar onları didir, qala divarlarına yerləşdirilən keramik boru sistemindən istifadə edilərək mərhumların sümükləri aşağı endirilir, sonra dəfn edilirdi.
 
Bir çox tədqiqatçılar hesab edir ki, Qız qalasının dini məqsədlərə xidmət edib, yaxud dini ayinlərin icra edildiyi yer olub. Onların fikrincə, Qız qalası yerli sakinlər üçün dini sitayiş və mərasimlərlə bağlı məkan olub.
 
Günəş məbədi
 
Qız qalasının quruluşu onun sitayiş üçün nəzərdə tutulması barədə fərziyyəni daha çox təsdiq edir. Yuxarıdan baxanda Qız qalası qədim dövrlərdən od, işıq və günəşin rəmzi hesab edilən butanı xatırladır. Bununla yanaşı, tikilinin səkkiz pəncərəsindən yuxarıdakı dördü elə yerləşib ki, dekabrın 22-də qış gündönümündə günəşin şüaları bu pəncərələrdən düşərək qalanın içini işıqlandırır. Güman edilir ki, məhz qışın bu ən qısa günündə kahinlər günün yeni dövretməsi üçün ayinlər icra ediblər.
 
Bütün bunlar sübut edir ki, Günəş Allahı Azər (Asər) - Ak-er-u ərazisinin sahibi olub. Osiris Azər-Misir panteonunun əsas Allahı olub. Öküz müqəddəs Osirisin rəmzi, qoyun isə onun bürcüdür. Maraqlıdır ki, İçərişəhərin girişində Qoşa Qala qapısının yuxarı hissəsində iki dekorativ tağla yanaşı, iki şir fiquru ilə öküz başı təsvir edilib. Özü də bu, qədim Bakının ərazisində tapılan yeganə təsvir deyil. Yuxarıda qeyd edilənlərdən belə çıxır ki, göstərilən animalistik rəmzlər həmin yerin özünəməxsus qoruyucuları olub.
 
Bu tədqiqatlar Qız qalası haqqında dini-fəlsəfi mahiyyət daşıyan tikili kimi daha dərin fikirlər yürütməyə əsas verir. Bu versiya XIX əsrin hərbçi mühəndis xəritələrində təsdiqini tapır. Onlar Qız qalasını "Xunsar" adlandırıblar ki, bu da "Ansar Günəş" və ya "Günəş qəsri" mənasını verib.
 
Qədim rəsədxana
 
Bəzi alimlər Qız qalasının astronomik təyinatı barədə fərziyyə irəli sürürlər. Onların fikrincə, bunu tikilinin bəzi elementləri göstərir. Görünür, bu elementlər bəzi ulduzları və Günəşin bir illik siklini müşahidə etmək üçün nəzərdə tutulub və qədim insanların həyatında mühüm rol oynayıb.
 
Tədqiqatçıların fikrincə, Qız qalası Günəşin bir il ərzində fırlanmasını müşahidə etmək və bu siklin mühüm proseslərini - fəsillərin dəyişməsini öyrənmək məqsədi ilə inşa edilib. Təsadüfi deyildir ki, qalanın pəncərələri, kontrforsu (dayaq çıxıntısı) və bəzi struktur keyfiyyətləri müəyyən günlərdə günəşə baxır.
Qız qalasından gecələr səmanı seyr edərmişlər. Qalanın pəncərələrindən üfüqün ən parlaq ulduzlarını, məsələn, Veqa bürcündəki Lira, Əqrəb bürcündəki Antares, Böyük Ayı bürcündəki Sirius ulduzlarını görmək olar. Özü də qalanın pəncərələrindən hər biri müəyyən ulduza - biri Siriusa, digəri Veneraya, bir başqası Antaresə və s. baxır.
 
Qədim dövrlərdə din və elm arasında fikir ayrılığı olmayıb. Buna görə də qalanın rəsədxana kimi istifadə olunması versiyası onun dini əhəmiyyəti ilə bağlı versiyasını təkzib etmir.
 
Konstruksiya sirləri
 
Riyazi tədqiqatlar göstərib ki, Qız qalasının konstruksiyası dini prinsiplərə əsaslanır. Bu tarixi abidə ilkin görkəmində içiboş, silindrvari tikili olub. Daxili divarlar boyunca yuxarı qalxan pilləkənlər yonulub. Qalanın dördüncü mərtəbəsindən damına qədər yerləşən pəncərələri Günəşin trayektoriyasını təkrar edərək, xüsusi qövs yaradır. Eyni zamanda pəncərələr günəşin çıxmasına və qış gündönümünə (22 dekabr) istiqamətlənib. Astrofiziki tədqiqatlar göstərir ki, qış gündönümündə günəş şüaları pəncərələrdən içəri dolaraq, bütün Qız qalasını işıqlandırır.
 
Qız qalasının şimal hissəsinin hündürlüyü 28 metrə, cənub hissəsinin hündürlüyü 31 metrə çatır, aşağı hissəsində divarların qalınlığı 5 metr, yuxarı hissəsində 4 metr təşkil edir. Səkkiz mərtəbədən ibarət qalanın bütün mərtəbələri bir-birindən daş döşəmələrlə ayrılır və tikilinin cənub-şərq hissəsindəki divara bərkidilmiş pilləkənlərlə birləşir. Maraqlıdır ki, əvvəllər birinci və ikinci mərtəbələr arasında pilləkən olmayıb. İkinci mərtəbəyə yalnız qabaqcadan yuxarıdan endirilən kəndirin köməyi ilə düşmək olardı. Təbii ki, bütün bunlar təsadüfi adamların qalaya daxil olmasının qarşısını alırdı.
 
Qalanın divarlarında iki şaquli boşluq var. Boşluqların birində daş quyu yerləşir. Onun ağzı üçüncü mərtəbədədir. Qalanı mühasirəyə alan düşmənin quyu barədə məlumatı olmamalı idi. Əgər quyunun ağzı, məsələn, birinci mərtəbədə açılsaydı, onu asanlıqla ələ keçirib, içindəki suyu zəhərləmək olardı. Quyunun dərinliyi 21 metrdir. Onun içi hələ də su ilə doludur. Suyun analizi göstərib ki, içməlidir. Qalanın dənizin sahilində yerləşməsi, qədim vaxtlarda isə Xəzərin suları ilə əhatə olunması onun konstruksiyasının əsaslı düşünüldüyünü göstərir. Quyu dəniz səviyyəsindən aşağıda yerləşdiyi üçün içərisindəki su şirindir.
İkinci boşluqda, qalanın yuxarı mərtəbələrindən özülünə qədər divar boyu bir-birinə geydirilmiş keramik borular yerləşir. Boru xətti hazırda qalanın qapısı olan yerdən keçir. Muzey ekspozisiyasında nümayiş etdirilən borular Qız qalası yaxınlığında qazıntılar zamanı aşkar edilib. İçərişəhərin bütün su təchizatı sistemində də keramikadan hazırlanan bu borulardan istifadə olunub.
 
Müdafiə qurğusu
 
Bəzi alimlərin fikrincə, orta əsrlərdə Qız qalası Şirvanşahlar sarayının müdafiə sisteminin tərkib hissəsi olub. Təhlükə yarananda gecə saatlarında alovun, gündüzlər tüstünün köməyi ilə buradan başqa qüllələrə həyəcan siqnalı ötürülürmüş. Orta əsrlərdə Abşeronda təqribən 30 belə qurğu olub. Onların bəziləri, məsələn, Mərdəkan, Ramana və s. qəsəbələrdəki qalalar bizim günlərə gəlib çatıb.
 
Alimlərin fikrincə, qalanın qalın divarları, divarın içində yerləşən və birinci mərtəbədən görünməyən quyu yalnız müdafiə qurğularında istifadə oluna bilərdi.
Orta əsrlərdə İçərişəhər çox yaxşı möhkəm müdafiə olunurmuş. Onu iki qala divarı əhatə edirmiş, Qız qalası isə bir növ istehkam rolu oynayırmış. Düşmən hətta birinci divarı ələ keçirsəydi belə, ikinci divara həmlə edərkən içərisində yanan neft olan kanaldan keçməli idi. Bundan əlavə, qalanın müdafiəçiləri keramikadan hazırlanmış xüsusi qablardan istifadə edirdilər. Neftlə doldurulan bu qablardan bir növ bomba kimi istifadə olunurdu: fitilini yandırıb hücuma keçən düşmənin üzərinə atırdılar.
 
Gecə mayakı
 
Sonda əlavə edək ki, XVIII-XIX əsrlərdə Qız qalasından mayak kimi istifadə olunub. Məlumdur ki, mayak ilk dəfə 1858-ci ildə işıq saçmağa başlayıb. Əvvəllər isə burada qalanın bayrağı dalğalanırmış. Sonralar, şəhər böyüdükcə, gecələr mayakın işıqları şəhərin işıqlarına qarışıb. 1907-ci ildə mayak Nargin adasına köçürülüb.
 
Beləliklə, atəşpərəstlər məbədi, rəsədxana, müdafiə qurğusu və mayak. Qız qalasının təyinatı çox olub. Bütün bunlar göstərir ki, qədim tikilinin dəqiq tarixini müəyyən etmək çox çətindir, onun ilkin təyinatı isə bu günə qədər məlum deyil. Tarixi reallıqlar dəyişdikcə, qalanın da təyinatı dəyişib. Məbəd kimi inşa edilən qaladan rəsədxana kimi də istifadə oluna bilərdi, orta əsrlərdə isə İçərişəhərin müdafiə sisteminə daxil idi.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook