Qobustanda Qafqaz Albaniyasına aid abidə dağılıb - Fotolar
May 13
11:05
2020
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri P.Q.Nəcəfovun Qobustan rayonu Sündü kəndi ərazisində tikinti işləri zaman saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.
İnstitutdan verilən məlumata görə, Qobustan rayonunun Sündü kəndi tarixi baxımından unikal bir yerdir.
Kənd ərazisində Mədəniyyət Nazirliyinin qeydiyyata aldığı 36 qədim qəbiristanlıq, 920-ci ildə inşa edilən məscid, kurqan, 16 mağara, qədim yaşayış yeri mövcuddur.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin göstərişi ilə İnstitutun şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev rayona ezam edilib və Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Musa oğlu Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirilib.
Əraziyə baxış keçirərkən tikinti sahəsində çoxlu sayda saxsı qırıntıları, kərpic fraqmentləri, ocaq yeri və sümük qalıqları qeyd edilib. Əldə edilən maddi-mədəniyyət nümunələrinə əsasən ərazidə antik dövrə aid nekropol olduğu müəyyən olunub. Akif Quliyevin fikrincə, əraziyə yayılmış daşlara əsasən, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olub. Torpağın üst qatı ekskavator vasitəsi ilə götürüldüyündən nekropol dağıdılıb, mədəni təbəqə qarışıb.
Məktəbin direktoru və tikintinin sahə rəisi ilə söhbət əsnasında tikinti işlərinə bu ilin yanvar ayında başlandığı müəyyən edilib. Onların sözlərinə görə, qazıntı işləri zamanı çoxlu sayda saxsı qablar aşkar edilib.
Kənd sakinləri ilə danışıqlardan sonra bir neçə materialın yerini müəyyən etmək mümkün olub. Sündü kənd klubunda və məktəbdə dörd ədəd kiçik ölçülü dolçaya arxeoloq A.Quliyev baxış keçirib. Müəyyən edilib ki, bu qablar Antik dövr Qafqaz Albaniyasının maddi mədəniyyət nümunələridir. Dolçanın birinin üzərində basma üsulu ilə unikal təsvirlər-damğalar həkk edilib.
Təəssüf ki, abidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmayıb və abidənin çox hissəsi dağıdılıb.