Qorqudşünaslığın işığında (FOTO)
Dekabr 25
19:29
2015
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektoru
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş elmi-bədii yubiley tədbiri keçirildi. Tədbirdən əvvəl iştirakçılar teatrın foyesində təşkil olunmuş sərgi ilə tanış olublar.
Sərgidə "Kitabi-Dədə Qorqud”un tədqiqinə aid nəşrlər, bu eposla bağlı məktəblilərin çəkdiyi rəsmlər, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi "Basatın Təpəgözü öldürməsi” boyunun 25 dildə nəşri nümayiş olundu.
Təntənəli yubiley tədbirində Bilik Fondunun "Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçıları olan məktəblilər də iştirak etdilər. Quba şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Flora Səlimova tədbirdə Ümummilli lider Heydər Əliyevin "Kitabi-Dədə Qorqud” dastanının 1300 illik təntənəli yubileyi mərasimindəki çıxışından fraqmenti xüsusi maraq və diqqətlə izlədiyini dedi.
"İlk dəfə idi ki, belə yüksək səviyyəli dövlət tədbirində iştirak edirdim. Təhsil aldığım məktəb Bilik Fondunun "Qardaşlaşmış məktəblər” layihəsinə qatılıb. Biz Fondun maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdə həvəslə iştirak edirik. Mən ilk dəfə belə böyük bir auditoriyanın qarşısında – Dram Teatrın səhnəsində çıxış edirdim. Doğma ləzgi dilimdə "Kitabi-Dədə Qorqud”un "Təpəgöz” boyundan bir fraqment oxudum. Bu, mənim üçün çox xoş oldu”.
Bilik Fondunun Beyləqan rayonu üzrə nümayəndəsi, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova Beyləqan məktəblilərinin Fondun xətti ilə "Qardaşlaşmış məktəblər", "Kitabi-Dədə Qorqudun izi ilə” layihələrində yaxından iştirak etdiklərini, "Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits – 200” Beynəlxalq Şagird Konfransında uğurla çıxış etdiklərini xatırlatdı.
"Yerli ziyalılar, şagirdlərimiz Bilik Fondunun layihələrinə böyük həvəslə qatılırlar. Bax belə mötəbər bir tədbirə bizim də dəvət almağımız bölgə ziyalısına, bölgə məktəblisinə dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Yubiley mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin çıxışı bir məktəb direktoru kimi mənə çox mətləbləri xatırlatdı. Doğurdan da, ölkə başçısının müvafiq Sərəncamı qorqudşünaslığa yeni bir nəfəs verdi, ruh gətirdi, onun perspektivlərini müəyyənləşdirdi”.
Sabunçu rayonu 252 nömrəli tam orta məktəbin VII sinif şagirdi Dilan Abdullayeva tədbirdə "Kitabi-Dədə Qorqud” dastanından bir hissəni kürd dilində səsləndirdi. Dilan bu tədbirdə iştirakını ömrü boyu unutmayacağını deyir. "O qədər xoş təəssüratla ayrıldım ki... Məktəbdə "Kitabi-Dədə Qorqud” dastanı haqqında eşıtmişəm. Dastandan bəzi boyları oxumuşam. Burda isə ilk dəfə mənsub olduğum xalqın dilində - kürd dilində dastandan bir parça oxudum. Yaşım az olsa da anlayıram ki, 25 dildə dastanın "Təpəgöz” boyunun tərcümə olunaraq dərc edilməsi Dədə Qorqudun bizi birləşdirməsi deməkdir”.
Tədbirə Astaradan qatılan N.Gəncəvi adına orta məktəbin XI sinif şagirdi Şəbnəm Qurbanzadə deyir ki, belə bir tədbirdə iştirak etmək ona nəsib olduğu üçün çox sevinir. "Mən zala daxil olanda, belə möhtəşəm bir tədbirə qatıldığıma görə çox qürur duydum. Kamal Abdulla, Anar kimi yazıçılarla, nazirlərlə, görkəmli dövlət və mədəniyyət xadimləri ilə bir tədbirdə iştirak etmək, hələ onların qarşısında çıxış etmək bir Astara məktəblisi üçün məsuliyyətli və sevindirici idi. Talış dilində "Kitabi-Dədə Qorqud”dan bir hissəni oxudum. Bu, mənim üçün həm də gözlənilməz idi. Qəlbimdə belə bir istək yarandı - "Dədə Qorqud” dastanının tərcümə olunmadığı dil qalmasın! Qoy bütün dünya Azərbaycanın bu möhtəşəm abidəsi ilə tanış olmaq imkanı qazansın”.
Qəbələ rayon Nic qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi Ronaldo Köçəri udi xalqının təmsilçisi kimi səhnəyə qalxdı, udi dilində dastandan bir parçanı səsləndirdi. "Türkiyə, Almaniya, Rusiya, İran, Gürcüstan, İtaliya və digər ölkələrdən gəlmiş alimlərin, qorqudşünasların iştirak etdiyi bir yubiley tədbirində Qəbələ məktəblisi kimi iştirakım məni çox sevindirdi. Xüsusilə Dram Teatrın səhnəsinə çıxmağım, ana dilimdə - qədim udi dilində "Dədə Qorqud”dan seçmələri səsləndirməyim heç vaxt yadımdan çıxmayacaq. Tədbirdəki musiqi nömrələrindən böyük zövq aldım. Dastan haqqında çoxlu yeni biliklər əldə etdim. Nicə qayıdanda dostlarımla bölüşəcəyim çox şey var”.
Bakıdakı 46 nömrəli məktəbin şagirdi, Nicat Fərəcullayev "Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits – 200” Beynəlxalq Şagird Konfransında da maraqlı məruzə ilə çıxış edib. "Bilik Fondunun təşkil etdiyi Şagird Konfransı mənə çoxlu dostlar qazandırdı. Bizi "Dədə Qorqud” birləşdirir. Yubiley tədbirində isə mən dastandan bir fraqmenti ivrit dilində oxudum. Çox xoşbəxtəm ki, ilk dəfə bu möhtəşəm dastanı belə yüksək səviyyəli tədbirdə ivrit dilində məhz mən səsləndirdim”.
2015-ci il bitir. Artıq dünya ədəbiyyatının və mədəniyətinin əvəzsiz abidəsi olan "Kitabi-Dədə Qorqud”un tədqiqata cəlb olunmasının 200 ili tamam oldu. İl ərzində həm ölkə daxilində, həm də xaricdə Respublika prezidentinin "Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunmasına dair imzaladığı Sərəncama əsasən, müxtəlif tədbirlər keçirildi. Lakin bu, yekun deyil, hələ qarşıdakı onilliklərdə də bu Sərəncamdan irəli gələn məsələlər tədqiq olunacaq, qorqudşünaslıq daha da inkişaf etdiriləcək, şaxələnəcək. Bir məktəblimizin dediyi kimi – Qoy "Dədə Qorqud”un tərcümə olunmadığı dil qalmasın!