Ürək daş deyil ki...
Noyabr 28
07:18
2015
Qüdrət xanım Bəytəkərli
Sənsiz...
Hardasan ey mənim bir tək gümanım,
Halım pərişandı, yamandı sənsiz.
Bir sən idin mənim könül dayağım,
Könül dağım çəndi, dumandı sənsiz.
Sanma ki xoş keçir günüm -əhvalım,
Od düşüb, alışıb cismimde canım.
Ərşə dirək olub tüstü dumanım,
Ayım da günüm də zindandı sənsiz.
Fələk bu qədər ki qəsdimə durdu,
Ömrümün çarxını tərsinə qurdu.
Ayrılıq möhrünü bəxtimə vurdu,
Günüm ah- vay olub amandı sənsiz.
Könlümə dəm verməz mələk nə huri,
Söndürməz odumu arazı, kürü.
Elə bil biçarə Qudrətin ömrü,
Axır ki, bəndinə dayandı sənsiz..
Yalqız bənövşə...
Yaz başı meşədə qar əriyəndə,
Qaldırır başını yalqız bənövşə.
Dağı, daşı, lalə, gül bürüyəndə,
Axıdır göz yaşın yalqız bənövşə.
Həsrətidi mor sümbüllü bağların,
Yox ki, bir umudu bu gün nə yarın.
Dost bilib özünə səssiz dağların,
Qurdunu, quşunu yalgız bənövşə.
Qüdrətin xəyalı dönüb hicrana,
Ah çəkir ürəyi hey yana- yana.
Çəməndə boylanır o yan bu yana,
Axdarır eşqini yalqız bənövşə.
Ümid eyləmə...
Sağ ikən kef eylə qoca dünyada ,
Bir gun də qocaliq bükər belini.
Bəlkə də düşək ya düşməyək yada,
Ömrün sonunda hicran sixar əlini.
Övlada o qeder ümid eyləmə,
Qəbrinə bir cığır sala-salmaya...
Həyat belədi gəl giley eyləmə,
Can yoldaşın qədrin bilə-bilməyə.
Dünyanın mal mülkü nəyimə gərək
Gedəndə bir adın qala qalmıya...
Bir huri- qılmansan dediyin mələk
Öləndə saçını yola- yolmaya.
Ay Qüdrət arif ol, inad eyləmə,
Əzəldən qismətin ola-olmaya.
Vəfasız dostlara ümid eyləmə,
Yadında bir adın qala-qalmaya.
Bağışla məni...
Qismətim ikiyə bölünüb indi,
Ümidsiz əsirəm bağışla məni.
Qarşımda ağ vərəq, əlimdə qələm,
Əlvida yazıram bağışla məni.
Sən gəldin ömrümə bir payız günü,
Unutdum acımı elə o günü.
Görmədim mən sənsiz heç güldüyümü,
Əhdimi pozuram bağışla məni.
Bacara bilmirəm heç özüm ilə,
Bilmirəm suç səndə yoxsa məndəmi.
Başlandı ömrümün kədəri qəmi,
Səndən əl üzürəm bağışla məni.
Məhəbbət yaranıb Qüdrətlə qoşa,
Qalmışam həsrətlə indi baş- başa.
Gəzib dolanardıq səninlə qoşa,
Tək pünhan gəzirəm bağışla məni.
Yazdı bu şair..
Götürüb əlinə qələm ilk dəfə,
Vətən nəğməsini yazdı bu şair.
Ürəyindən keçənləri hər dəfə,
Kövrəlib, kövrəlib... yazdı bu şair.
Ömür yollarında keçme-keç oldu,
"Gerrafı qoşuldu tığı tec oldu".
Dünyası dağılıb eşgi puç oldu,
Yenə də sevgidən yazdı bu şair.
Könlünün dünyası talan olsa da,
Sevdiyi vəfasız, yalan olsa da.
Ay Qüdrət əkdiyin çiçək solsa da,
Heç düşmədi ruhdan yazdı bu şair....
Sən gülmüsən mən ağlayıb getmişəm...
Kiminin sinəsi cənnət yoludu,
Kiminin gəlbi də, eşqlə doludu.
Bu sənə eşqimin bil ki sonudu,
Sən gülmüsən mən ağlayıb getmişəm.
Hayatım büsbütün qəmdi, kədərdi,
Ömür qısa, həyat boşdu hədərdi,
Dünya əbədi, can gəldi-gedərdi
Sən gülmüsən mən ağlayıb getmişəm.
Ürək daş deyil ki bir tikə ətdir,
Qüdrəti yaşadan saf məhəbbətdir.
Atdığın hər addım bil xəyanətdir,
Sən gülmüsən mən ağlayıb getmişəm.
Yalvarır...
Bir zamanlar qartal kimi uçanlar,
Qıy vurub səmada ganad açanlar.
Qürur ilə baş köşəyi keçənlər,
İndi dönüb qurda- quşa yalvarır.
Dövranın tərs dönsün zəmanə sənin,
Dərdinə dərd qatdın dərdli xəstənin.
Yol kəsib bac alan neçə aslanın,
İndi də namərdə puşta yalvarır.
Qüdrətəm uymadım şana- şöhrətə,
Saxladım nəfsimi çatdım hörmətə.
"Quru"nun qədrini bilməyən gədə,
Ağlayıb- sısqayıb "yaşa" yalvarır....
Səni ürəyimdən heç ayırmadım...
Sən gedən yollara baxıram hər gün,
Gözümü yolundan heç ayırmadım.
Geri dönəcəksən deyə özümü,
Şirin xatirəndən heç ayırmadım,
Eşqə əyar etdim könül sazımı,
Qışgırdım duymadın heç avazımı .
Eşqin şeirine dalıb gözlərim,
Oxuyub sətrindən heç ayırmadım.
Eşgin alovudur məni yandıran,
Könlümü isidib işıqlandıran.
Gülün xəyalıdır məni qandıran,
Qoxlayıb ətrindən heç ayırmadım.
Qüdrətin də çoxdu arzu diləyi,
Sən deyə çırpınır hər an ürəyi.
Aləmə səs salıb eşqin harayı,
Eşgi ürəyimdən heç ayırmadım.
Yaşa ürəyim...
Məhəbbətin oxu hey daşa dəydi,
İndi küsmüş ömrüm yaşa ürəyim.
Könlümün budağın nazlı yar əydi,
İndi də sən onsuz yaşa ürəyim.
Mən onu sevmişdim o da özgəni,
Dərdə duçar etdi bu sevda məni.
Ömür baharımda dərdim xəzanı,
Yaşadı hey qəmlə goşa ürəyim.
Sevgim dərya oldu ruhum bir ada,
Coşqun dalğa vurdu hey fırtınada.
O getməyiydi getdi, salmadı yada ,
Az gala sel təki daşa ürəyim.
Ey kövrək qəlbimin xəzan baharı,
Gəl şair könlümdən sil intizarı.
Yetməzmi çəkdirdin ahı- azarı,
İsdəyir sinəmdə coşa ürəyim.
Bu gözəl sevdamı özü duymadı,
Sevən ürəyimi razı goymadı.
Qüdrət bu sevgidən bir dəm doymadı,
Sil dərdini, başdan yaşa ürəyim...